SSRİ-ni çökdürən xalq cəbhələrinin taleyi...

26-10-2017, 11:10           
SSRİ-ni çökdürən xalq cəbhələrinin taleyi...
SSRİ-nin tarixin arxivinə göndərilməsi prosesini həyata keçirən - 1980-ci illərin sonlarında və 90-cı illərin əvvəllərində postsovet ölkələrində yaranmış Xalq Cəbhəsi hərəkatlarının taleyi çoxlarına maraqlıdır. Məlumat üçün bildirək ki, 80-cı illərin sonlarında sovet imperiyasına qarşı bu hərəkatlar Baltikyanı respublikalar və Azərbaycanda yaradılmışdı...

İlk dəfə Fransada 30-cu illərdə “Xalq Cəbhəsi” adında yaradılan hərəkat öz təsirlərini sonralar SSRİ-dən qurtulmağa çalışan bəzi respublikalara göstərdi. Hazırda hərəkat formasında olmasa da, Azərbaycanda bu adda bəzi siyasi partiyalar mövcuddur. Digər Baltikyanı dövlətlərdə isə Xalq Cəbhəsi adında hər hansı bir siyasi təşkilat adına rast gəlmək mümkün deyil.

Azərbaycanda Xalq Cəbhəsi Hərəkatını yaradan şəxslərdən biri - VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı son dövrlərdə vaxtilə Xalq Cəbhəsi hərəkatları olan ölkələrlə əlaqələrinin kəsildiyini bildirdi: “Baltikyanı respublikalarda bu adda siyasi qurumların hazırda mövcud olub-olmadığını deyə bilmərəm. Çünki son dövrlərdə əlaqələrim zəifləyib. Bu, sırf Azərbaycana məxsus ideya deyildi. Bu ideya başqa ölkələrdən gəlmişdi. Bunun yaranması ilə bağlı müxtəlif fikirlər söylənilir. Amma biz onun harada və necə bir niyyətlə yaranmasını geniş müzakirə etməmişdik. Çünki ümumi xətt məlum idi. Əsas məqsəd SSRİ-dən ayrılmaq və imperiyanı süquta uğratmaq idi. Biz yaxşı bilirik ki, xalq cəbhələrinin əksəriyyəti xalqı idarə etmək məqsədilə yaradılmışdı. İlk dəfə Azadlıq meydanında belə bir hərəkatın yaradılması barədə fikir səsləndi. O zaman 18 gün meydanı Nemət Pənahlı və mən idarə etdim. Çıxışlarımın birində bəzi respublikalarda Xalq Cəbhəsinin yaradıldığını bildirərək, bizdə də yaradılmasının vacibliyindən danışdım. O vaxt meydanda bəzi şəxslər var idi ki, Xalq Cəbhəsini elə orada yaratmaq istəyirdilər. Hətta bu barədə bildirişlər də yayılmışdı. Amma meydan çox qarışıq idi, kütlə hərəkatı idi. Sonu yaxşı olmayan nəticələrə gətirib çıxara bilərdi. Ona görə ümumi qərarımız bu oldu ki, mitinq bitəndən sonra hərəkat yaradılsın. Belə də etdik. Tez-tez müxtəlif yerlərdə yığışıb, sonunda hərəkatı yaratdıq. Təsis konfransı da keçirmişdik. Konfrans üçün yer almaqda çoxlu əziyyətlərim oldu. Ora rəsmilər gəlmişdi, çox sadə üsulla onların hərəsinə bir kitab bağışlayıb, icazəni ala bildim. Bunun şahidi olanlar da var. Yaranma prosesi 1988-ci ildə meydandan başlayıb, bir il sonra yayda tamamlandı”.

S.Rüstəmxanlı o zaman digər respublikalardakı xalq cəbhələri ilə də müntəzəm əlaqələr saxladıqlarını da bildirdi: “O vaxt həmin respublikalarda çıxan qəzetləri alırdım. Litvadakı qurultayda iştirak etmişdim. Bundan əlavə, Litvanın demokratik qüvvələrinin toplantılarında iştirakçı olmuşdum. Baltikyanı respublikalarda ilk dəfə hiss etdim ki, SSRİ-nin sonu çatıb. Bizdə o vaxt belə abı-hava hiss olunmurdu. Oradan bizə qəzetlər də gəlib çatırdı. Özbəkistan, Türkmənistan kimi yerlərdən daim gəlib-gedən dostlarımız var idi. Mən nazir işləyərkən Türkmənistanın demokratik qəzetlərini Azərbaycanda çap etdirmişik. ”Azərbaycan" qəzeti vasitəsilə onların məqalələrinin yayılmasına çox kömək etmişəm. Yəni tək bizə kömək olunmayıb, biz də kömək etmişik. Çeçenlər və digər xalqlara da eyni köməyi göstərmişik. Bunlar qarşılıqlı yardımlaşma idi. Hamı o imperiyanın sonunu görür, tez ayrılmaq istəyirdi".

VHP sədri Xalq Cəbhəsi adında siyasi partiyaların mövcudluğu ilə razılaşmır: “Xalq Cəbhəsi Hərəkatı sözün həqiqi mənasında ölkənin müstəqilliyi yolunda böyük güc idi. Sonralar onun hakimiyyətə gəlməsi məsələsi mübahisələr doğurdu. Bəzilərimiz onun hakimiyyətə gəlməsini istəyir, bəzilərimiz də müxalifətdə qalıb hakimiyyətə təsir göstərməklə vəziyyətin dəyişməsini istəyirdik. Bunların hamısı normaldır. Normal olmayan məsələ Xalq Cəbhəsi Hərəkatının partiyalara çevrilməsidir. Partiya bir qrupdur, bir dəstə adamın bir yerə yığılmasıdır. Amma cəbhə böyük bir hərəkatdır. Hərəkatı bir deyil, bir neçə partiyaya çevirmək o vaxt başladığımız işi başqa səmtə yönəltməkdir”. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.