Prezidentlərin gizli EŞQ MACƏRALARI - AĞLAGƏLMƏZ FAKTLAR (FOTOLAR)

26-10-2017, 21:15           

Tanınmış kişilər tərəfindən cinsi təcavüzlərə məruz qalmış qadınların ifşa dalğası sakitləşmək bilmir.
Hollivud prodüseri Harvi Vaynşteynlə bağlı seks-qalmaqalından sonra bir çox aktrisalar, müğənnilər, qadın-siyasətçilər "Məni də" adlı kampaniyaya qoşuldu.
Fransız xanımları da ümumi ifşa təknəsinə öz "beş qəpik"lərini daxil etdi. Fransız parlamentinin deputatlarından birinin keçmiş köməkçisi Marin Tondelye cinsi təcavüzlərə meyilli olan aparat əməkdaşları ilə deputatların daxil olduğu təkcə kişilərdən ibarət qara siyahının mövcudluğundan danışdı. "Biz liftə bərabər girməyin təhlükəli olduğu müəyyən adamları bilirdik. Əks təqdirdə, onların bizə əl-qol atması qaçılmaz idi", - deyə Fransanın Yaşayış və ərazi inkişafı naziri Sesil Düflo da onun sözlərini təsdiqlədi.
Görünür, bu fakt kimsəni təəccübləndirmir: fransız hakimiyyətinin ali eşelonlarında baş verən mazaqlaşma, macəra və coşqun romanlar ənənəsi zəngin tarixə malik imiş.
Publika.az bir neçə bu sayaq, müasir Fransa prezidentlərinin eşq macəralarını oxuculara təqdim edir:
"Xoruzcuğaz" oteli
Valeri Jiskar d'Esten, Fransanın 1974-cü ildən 1981-ci ilə qədərki prezidenti
"Mən ölkə başçısı olduğum vaxtlarda 17 milyon fransız qadınına aşiq olmuşdum. Onlar böyük kütlələr arasında mənim onlara baxdığımı hiss edir və sonradan mənə səs verirdilər", - deyə Jiskar d'Esten müsahibələrindən birində bildirir. Lakin siyasətçinin milyonlarla xanım həmvətənləri arasında digərləri ilə müqayisədə bir qədər artıq sevdikləri də olub. Onlar isə onun haqqını təkcə seçkilərdə ona səs verməklə deyil, həm də qarşılıqlı hisslərlə ödəyib.


Jiskar d'Estenin ən məşhur sevgi romanı hələ ölkə başçısı olmazdan əvvəl başlayıb. Mübtəla olduğu xanım "Emmanuell" adlı məşhur erotik filmin baş qəhrəmanı aktrisa Silviya Kristel olub. Lakin nə seçkilərdəki qalibiyyətinin, nə də qanuni həyat yoldaşının dünyaya gətirdiyi dördüncü oğul övladlarının doğulmasının bu əlaqələrə təsiri oldu. Prezidentin Kristellə romanı hər kəsə bəlli idi: madmazel Emmanuel bir çox hallarda rəsmi ziyafətlərdə dövlət başçısını müşayiət edir, xarici səfərlər zamanı onun məiyyəti arasında olurdu.
Məşhur aktrisa ilə coşqun sevgi romanı Jiskar d'Estenin bir çox digər əlaqələrinə heç də maneə deyildi. O, xanım seçiciləri ilə "qeyri-rəsmi" görüşlərinin bilavasitə reallaşmasına çox praqmatik yanaşırdı. Yelissey sarayının sahibi özünün köməkçilər aparatında "teatr və kino ilə əlaqələr üzrə agent" vəzifəsi təsis edir. "İncəsənət havadarı"nın vəzifələrinə dövlət başçısının rəğbət bəslədiyi xanımlarla tanışlığı və gizli görüşlərinin təşkili kimi məsələlər daxil idi. Görüşlər, bir qayda olaraq, "Xoruzcuğaz" adlı oteldə baş verirdi. Fransanın milli emblemi Qalliya xoruzudur və bu otelin adı kifayət qədər simfolik görünür.
İki ailəlik həyat
Fransua Mitteran, Fransanın 1981-dən 1995-ci ilə qədərki prezidenti
İstər onun prezidentlikdən əvvəlki həyatı, istərsə də Yelissey sarayındakı illəri maraqlı hadisədərlə zəngindir. Mitteranın ilk və yeganə rəsmi nikahı hələ 1944-cü ildəki müharibə zamanı bağlanıb. Cütlüyün iki oğul övladı dünyaya gəlir. Siyasətçinin ailədən kənardakı eşq macəraları uzun müddət yeddi qıfıl altında gizlədilir və bir çox məlumat onun ölümündən sonra ərsəyə gəlir. 20 ildən artıq Mitterranın şəxsi sürücüsü və cangüdəni olmuş Pyer Turlye özünün "Xatakar səfərlər" adlı kitabında rəisinin incə məsələləri ilə bağlı xatirələrini paylaşıb.
Sən demə, ölkədə az qala nümunəvi ailə başçısı kimi tanınan prezident həqiqətdə qadın düşkünü və rastına çıxan bütün qadınlara tamah salan bir arvadbaz imiş. Hətta bir dəfə prezident əri ilə Parisə rəsmi səfərə gəlmiş kraliça ilə gecəni bərabər keçirir (Turlye bu qadının hansı ölkənin kraliçası olduğunu göstərmir). Bu qadınla bərabər keçirdiyi gecədən sonra fransız prezident sürücüsünə görüşün mədəni və intellektual səviyyədə keçdiyindən bəhs edir. Qısqanc kral isə arvadı ilə mübahisə edir və məsələ az qala boşanmaya çatır. Mitteranın daha bir təsdiqlənməmiş əlaqəsi məşhur fransız-italyan müğənnisi Dalida ilə olub.
Prezidentlərin gizli EŞQ MACƏRALARI - AĞLAGƏLMƏZ FAKTLAR (FOTOLAR)
Prezident məşuqələrinə, necə deyərlər, ağzının dadını bilən bir adam kimi yanaşırdı. Turlyenin söylədiyinə görə, bəzən prezident bir gündə üç qadınla görüşüb, onları qəlyanaltı, əsas yemək və desert (çərəz) adlandırırdı. Yeri gəlmişkən, Mitteran nəfis yeməklərə də dəyər verən və sağlamlığının qeydinə qalan bir adam olub. Məsələn, o, bir oturuma on iki dənə istridyə yeyib və bunun insanın cinsi baxımdan yaxşı formada qalmasına əhəmiyyətli təsir göstərdiyini bildirirdi.
Prezidentin eşq macəraları kifayət qədər qısamüddətli olub, eyni qadınla iki-üç dəfədən artıq görüşdüyü nadir hallarda olub. Hərçənd Mitteranın köhnə sevgililəri ondan heç də incimirdi – onlar qarşılıq olaraq ya Yelissey sarayında, ya da Sosialist Partiyasında bu və ya digər vəzifələrlə təmin olunurdu. Frasua Mitteranın həyatının məxfi tərəflərindən bəhs edən "Gizli ailə" adlı daha bir kitab 2005-ci ildə nəşr olunub. Orada keçmiş dövlət başçısının yalnız bir, amma coşqun sevgisindən bəhs olunur. Söhbət qeyri-qanuni qızı Mazarinin anası Anna Penjodan gedir.

Dövlət başçısının iki ailəsinin olduğu faktı, demək olar ki, kimsəyə məlum deyildi. Fransua Mitteranla Anna Penjo 1961-ci ildə, Atlantik sahillərinin kurortlarından birində tanış olurlar. Annanın o zaman cəmisi 18 yaşı var idi. Onların əlaqələrinin sirri isə, ən azından, Mitteran prezidentliyi dövründə əsas dövlət sirrlərindən biri kimi qorunurdu.
Bu əlaqədən xəbəri olan, lakin qeyri-loyallıqla boşboğazlıqda cüzi də olsa şübhəli bilinən hər kəsin telefonları dinlənilirdi. Bu məqsədlə Yelissey sarayında Kristian Prutonun rəhbərlik etdiyi xüsusi şöbə də yaradılır.
Nəticədə, Mitteran özü uzunillik "sevgi hekayəsi" barədə prezidentlik müddətinin başa çatmasına yaxın bəyan etdi. "Paris Match" nəşrinin korrespondentinin "İki ailənizin olduğu doğrudurmu" sualına prezident "Bəli, necə bəyəm" deyə sualla cavab verir.

Prostat vəzinin xərçəngi xəstəliyindən əziyyət çəkən Fransa prezidenti 1996-cı ildə dünyasını dəyişir. Elə bu da Fransua Mitteranın sirlərindən biri idi. Belə ki, xəstəliyi barədə hər kəsin təxmin etdiyindən xeyli əvvəl xəbər tutan Mitteran ölkədə siyasi rifahın qorunub-saxlanması məqsədilə onu kimsəyə bəlli etməyib. Prezidentin dul qalmış qanuni həyat yoldaşı Daniel Mitteran dəfn mərasiminə Anna Penjonu şəxsən özü dəvət edir. Bütün dəfn mərasimi boyunca hər iki «birinci ledi» yan-yana oturdu.
Partiyadankənar rəqabət
Jak Şirak, Fransanın 1995-ci ildən 2007-ci ilə qədərki prezidenti
Jak Şirak zərif cinsin nümayəndələri ilə əlaqələrdə sələfi Mitteranla aşkar rəqabət aparıb. Ən azından, Şirakın şəxsi sürücüsü, "25 il birlikdə" adlı qalmaqallı memuarların müəllifi Jan-Klod Lomond belə deyir. 1972-ci ildən 1997-ci ilə qədər prezidentə xidmət etmiş Lomond dövlət başçısının qeyri-rəsmi həyatına tamamilə bələddir.
Ona hər dəfə keçmiş prezidentin növbəti məşuqələrini göstərdikcə, sanki "Necə yəni, bunu da?" deyə qəzəblənirdi. Lomondun dediyinə görə, Şirakın partiyadakı qadın silahdaşları, katibələri, bir sözlə, beş dəqiqəliyinə belə olsa yanında olan bütün qadınlarla əlaqələri olub.

"Prezidentin partiya qərargahının qadın əməkdaşları arasında "Şirak? Duş da daxil, üç dəqiqə" səpkili bir zarafat dolaşırdı, – deyə prezidentin şəxsi sürücüsü bəhs edir. – İyirmi beş il boyunca, hər gün prezidentin coşub-daşan ehtiraslı enerjisini dərhal püskürməsi tələb olunduğu anlarda mənim nələr çəkdiyimi təsəvvür edin. Mühafizə dəstəsinin yaraşıqlı və arvadbaz zabitlərindən biri bizimlə birgə tez-tez səfərlərdə olurdu. Bir gün hər ikisi eyni qıza göz qoyur və aralarında rəqabət yaranır. Bunu anlayan Şirak mühafizə dəstəsinin rəhbərini yanına çağırtdırıb, "Əməkdaşınızı xəbərdar edin ki, mənim ərazimdə ova çıxmaq olmaz", – deyə göstəriş verir.
Hətta xarici ölkə liderlərinin arvadlarını yoldan çıxarmaq məsələsində belə Şirak Mitterandan geriyə qalmamağa çalışırdı: "Şirak tənha qəlbləri ovlayır, hərçənd hədəfinin ailəli olması da onun üçün maneə deyil. Bu yaxınlarda, Suriyanın gənc prezidenti ilə görüşündə Şirak onun həyat yoldaşını az qala gözlərilə yeyir, ona adı ilə müraciət edir və rəsmi ziyafət zamanı ona müstəsna diqqət və qayğı nümayiş etdirirdi". Söhbət Suriyanın hazırkı prezidenti Bəşər Əsədlə arvadı Əsmanın 2001-ci ilin yayında Parisə səfərindən gedir.

Jak Şirak siyasi arenanı tərk etdikdən sonra müsahibələrindən birində aşağıdakıları söyləyir: "Mən qadınlara nifrət etməməmişəm, lakin onlara ifrat diqqət də ayırmamışam". Onun sözlərinə görə, 70-ci illərdə Baş nazir olduğu dövrlərdə jurnalist xanımlarla eşq macəraları qursa da, nə bu macəralar, nə də ümumiyyətlə sevgi romanları ona əhəmiyyətli təsir göstərməmiş və həyatında bu və ya digər rol oynamamışdı. "Ürəkdən sevdiyim qadınlar da olub, amma təmkinli olmuşam", – deyə heç bir zaman arvadı ilə boşanmaq fikrində olmayan siyasətçi bildirir. Hərçənd, bu bəyanatlar Şirakın da bəzi məlumatlara görə Yaponiyada, digərlərinə görə isə İsveçrədə yaşayan nikahdankənar övladının olduğunu təkzib etmədi.

Arvadı Bernadett ərinin xəyanətlərinə etinasız münasibət sərgiləyirdi. "Mən hər zaman ona xatırlatmışam ki, – deyə müsahibələrindən birində Bernadett söyləyir, – Napoleon Jozefinanı tərk etdiyi gün hər şeydən məhrum oldu".

Nikolya Sarkozi, Fransanın 2007-2012-ci iillərdəki prezidenti


Gənc siyasətçi Nikolya Sarkozinin o zamanlar Parisin meri və nüfuzlu sağçı siyasətçi olan Jak Şırakın dəstəyi ilə Neyi-sür-Sen (fransız paytaxtının peyk-şəhəri, imkanlı və mötəbər parislilərin yaşadığı ərazi) şəhərinin meri seçilməsi məhz həmin vaxta təsadüf edir.
Evli olduğuna baxmayaraq, 28 yaşlı siyasətçi Şırakın qızı Kloda pərəstikarlıq edirdi. Fransız zadəganının həyatının sevgi qisminin tədqiqatçılarının söylədiyinə görə, onun bu pərəstişkarlığı kifayət qədər məmnuniyyətlə qəbul edilmişdi. Lakin bu sevgi hekayəsi uzun sürmədi, cütlük dostluq münasibətlərini qoruyub-saxlamaqla, qarşılıqlı razılıq əsasında ayrıldı. Lakin bu ayrılıq Sarkozi ilə Şırakın münasibətlərinə təsirsiz ötüşmədi. Məhz bu səbəbdən, uzun illər sonra, 2007-ci ilin prezident seçkiləri ərəfəsində Şirakın qızının keçmiş sevgilisinin namizədliyini dəstəkləyəcəyinə heç kim inanmırdı.
Bir il sonra, 1984-cü ildə Meksika serialını xatırladan bir hekayə başladı. Neyi-sür-Senin meri Sarkozi televiziya aparıcısı Jak Martenlə model Sesiliya Siqanerin kəbinkəsmə mərasimində iştirak edirdi. Gəlin hamiləliyin son ayında idi. Bu faktdan qətiyyən narahat olmayan Sarkozi, deyilənlərə görə, Siqanerə dəlicəsinə aşiq oldu və dörd il məhəbbətinin qarşılıqlı olması üçün çalışdı. 1988-cidə Siqaner ərindən ayrılıb, gələcək prezidentlə birləşdi, halbuki Sarkozi həmin vaxt rəsmi olaraq evli idi. 1996-cı ildə boşandııqdan az sonra Sesiliya ilə ailə qurdu. Kəbinkəsmə mərasimi Sarkozinin 1984-cü ildə öz arvadını onun keçmiş əri ilə evləndirdiyi həminki meriyada baş tutdu.

Bu cütlüyün evlilik illərinin xoşbəxt keçib-keçmədiyi məlum deyil. 2005-ci ildə isə, Sarkozi Fransanın Daxili İşlər Nazirliyinə başçılıq etdiyi dövrdə, Sesiliya ilə Rişar Attias adlı jurnalistin arasında eşq yarandı. Beşinci Respublikanın DİN başçısı da, buna cavab olaraq, təsəllini yeni məşuqəsinin ağuşunda tapdı. Lakin 2006-cı ildə, prezident seçkiləri ərəfəsində, görünür, siyasi baxımdan məqsədəuyğun davranmaq niyyətində olan cütlük yenidən birləşdi. Sorğuların nəticələri xalqın göz önündə baş verən ailə mübahisələrinin prezidentliyə namizəd olanların reytinqinə mənfi təsir göstərdiyini açıqladı. Lakin istənilən halda barışıq uzun sürmədi – beş aydan sonrq cütlük həmişəlik ayrıldı. Nə də olsa, bir müddət Fransanın birinci xanımı olmaq Sesiliyaya nəsib oldu.
Hakimiyyətə gəldikdən sonra Nikolya Sarkozinin subaylığı uzun sürmədi. Onun diqqətini nəticədə Sarkozinin sayca üçüncü həyat yoldaşı olacaq italyan mənşəli müğənni və model Karla Bruni cəlb etdi. Lakin bu ər-arvadın nikahdankənar əlaqələrə meylli olduğuna dair şayiələr çox sürətlə yayıldı. Artıq 2010-cu ildə Fransanın qalmaqalsevər mətbuatı Nikolya Sarkozinin ekologiya naziri Şantal Juanno, Karla Bruninin isə pop-müğənni Benjamen Biole ilə sevgi macərası yaşadıqlarını yayımladı. Elə həmin vaxtda jurnalistlər ölkənin birinci xanımının nə vaxtsa «monoqam münasibətlərdən tez yorulduğunu» bildirərək, özünün Mik Cagger, Erik Klepton və Donald Tramp kimi məşhur məşuqlarının adını sadaladığını xatırlatmışdı. Bütün bunlara baxmayaraq, Nikolya Sarkozi ilə Karla Bruninin nikahı hələ də davam edir, münasibətlərinin həqiqi vəziyyəti isə, bəlkə də, uzun illər sonra bəlli olacaq.
Yeni il nağılı
Fransua Olland, Fransanın 2012-2017-ci illərdəki prezidenti
Nikolya Sarkozinin 2007-ci ilin prezident seçkilərindəki əsas rəqibi sosialist partiyası tərəfindən namizədliyi irəli sürülən, 1970-ci illərin sonlarından etibarən Fransua Ollandın qeyri-qanuni arvadı Seqolen Ruayal oldu. Dörd övladlarının olduğuna baxmayaraq, onların ittifaqını ailə də adlandırmaq olmaz. Fransada kişi ilə qadın arasında bu sayaq münasibətlərin "vətəndaş partnyorluğu" adlı hüquqi təyinatı var. Rəsmi olaraq Fransa prezidenti Fransua Olland heç vaxt evli olmayıb. Onun Seqolen Ruayalla ittifaqı 2007-ci ildə dağıldı. Bunun səbəbinin Ollandın "Paris Match" nəşrinin jurnalist əməkdaşı, xanım Valeri Triyerveylerə qarşı maraq göstərməsinin olduğu söylənilsə də, əsl səbəb, deyəsən, daha dərinliklərə gedib çıxırdı. Ruayalın siyasi karyerası bir zamana qədər həyat yoldaşının karyerasından daha uğurlu inkişaf edir. Bəzi hazırcavab jurnalistlər hətta buna görə Ollanda "mesye Ruayal" ləqəbi qoyur. Bu təhqiri daha da ağırlaşdıran isə onun artıq Jak Şirakın dövründən başlayaraq, "Mitteranın labradoru" ləqəbi alması oldu.

İstənilən halda, Olland seçkiqabağı kampaniyası dövründə «normal prezident» olacağına söz vermişdi. Yəni ictimaiyyəti şəxsi həyatının qalmaqalları ilə narahat etməyəcəyini nəzərdə tuturdu. Lakin xəyanətkarlıq ənənələri vədlərə üstün gəlir. Belə ki, 2014-cü ilin yanvar ayında Fransua Ollandın aktrisa Jüli Qaye ilə görüşdüyü xəbəri ildırım effekti verir. Fransua Ollandın xəyanətinə dair şayiələrin uzun zaman idi dolaşdığına baxmayaraq, buna heç bir sübut yox idi. Hətta 2013-cü ilin yazında Jüli Qaye şəxsi həyatına edilən müdaxiləyə etiraz iddiası ilə məhkəməyə müraciət edir. O, İnternetdə onun prezidentlə əlaqələrini coşqunluqla müzakirə edən blogerlərin cəzalandırılmasını tələb edir. Bir müddətliyinə dedi-qodu səngiyir. Lakin bilərəkdənmi, deyilmi – bilinmir, aktyor Stefan Qiyon cütlüyü ifşa edir. Belə ki, Jüli Qaye ilə birgə iştirak etdiyi televiziya verilişlərindən birində aktyor bir neçə dəfə onun prezidentlə əlaqələrinə dair atmaca atır.

Ondan sonra "Closer" adlı tabloid öz paparatsiyalarını ova göndərir. Güclü optika ilə təchiz olunmuş fotoqraflar bir gecəni səhərə qədər sevgililərin ehtimal olunan görüş məkanı ilə üzbəüz binanın damında keçirdilər. Çəkdikləri fotolarda Qayenin Dyü Sirk küçəsində yerləşən 20 saylı binaya daxil olduğu əks olunur. Bir neçə dəqiqədən sonra binanın qarşısında, nəşrin fərziyyələrinə görə, prezidentin şəxsi mühafizə dəstəsinin əməkdaşı olan bir nəfər görünür. O, içəri daxil olur və görünür, oraya baxış keçirir. Az sonra binanın qarşısına skuterlə iki nəfər gəlir, onlardan biri prezident Fransua Olland, digəri isə onun şəxsi cangüdəni olur. Üzü bütövlüklə motosiklet dəbilqəsinin altında gizlənmiş dövlət başçısını əynindəki kostyumdan, ayaqqabısından və bir sıra digər əlamətlərdən müəyyən edirlər. 31 dekabr günü səhər saatlarında Ollandın mühafizəçisi sevgililərə səhər yeməyinə kruassan gətirir. Üç saatdan sonra başında dəbilqə olan bir kişi – böyük ehtimalla, Ollandın özü – binadan çıxıb, skuterlə Yelissey sarayı istiqamətində yola düşür. Az sonra Jüli Qaye də binanı tərk edir. 2014-cü il yanvar ayının 10-da dərc edilən fotoşəkillər güclü qalmaqala səbəb olur. Əsəb sarsıntısı keçirən Valeri Triyerveyler xəstəxanaya qaldırılır. Bir müddətdən sonra o, mümkün olan qədər layiqli şəkildə Yelissey sarayındakı postunu tərk edir.
Fransua Olland olanları inkar etmədi, sadəcə "Closer" jurnalını insanların şəxsi həyatına müdaxilədə suçlayaraq, qalmaqallı fotoşəkillərin nəşrin saytından çıxarılmasını tələb edir. Daha sonra isə bunları söyləyir: "Hər kəs şəxsi həyatında sınaqlarla üzləşir. Biz də istisna deyilik. Bu, acıverici məqamdır. Lakin mənim bir prisipim var. Bu prinsip ondan ibarətdir ki, şəxsi məsələlər hər kəsin şəxsi həyatına ehtiram göstərilərək, bağlı qapı arxasında həll olunmalıdır, ona görə də indi bunu müzakirə etməyin zamanı və yeri deyil". Maraqlıdır ki, fransız cəmiyyətini hiddətləndirən dövlət başçısının macəraları faktı deyildi – görünür, buna artıq hər kəs alışqandır. Xeyr, vətəndaşların etiraz mövzusu ölkə liderinin təhlükəsizlik qaydalarına etinasızlıq göstərərək, məşuqəsi ilə görüşə motorollerlə getməsi idi.
Evlilik sədaqətinin nümunəsi
Emmanuel Makron, Fransanın 2017-ci ilin may ayından etibarən təyin olunmuş prezidenti
Fransanın parlaq səhifəli jurnalları hələ seçkiqabağı kampaniyası dövründən gənc prezident Makronu seks-simvol kimi elan etdi. Mətbuatda onu bir çox siyasətçilərdən sözün yaxşı mənasında fərqləndiyi üçün vunderkind və yadplanetli adlandırırdılar. Çox müsbət nüfuza sahib olan Makronun evlilikdə də son dərəcə sədaqətli olduğuna şübhə yoxdur.

Makronun gələcəkdə həyat yoldaşı olacaq Bricit Tronye 15 yaşlı Emmanuelə fransız dili dərsi deyib. Onun özündən 24 yaş böyük olması gənc oğlanı narahat etmir və o, 17 yaşı tamam olduğu gün, guya ona "Nə də etsəniz, məndən haraya qaçıb gizlənsəniz, sizinlə evlənəcəm" deyə vəd verir. Halbuki həmin vaxt madam Tronye ailəli və üç uşaq anası idi. O zaman dəliqanlı pərəstişkarının sözləri onu əyləndirmişdi. 2007-ci ildə isə ərindən ayrılaraq, Emmanuellə ailə qurur. "Biz hər şeyə rəğmən, onunla birlikdə idik. Çox keçmədən, həyatımıza onun övladları, onların həyat yoldaşları, bizim nəvələrimiz də qatılır. Bizim ailəmiz bütün həyatımın özülüdür", – deyə Makron özünün "İnqilab" adlı proqram kitabında qeyt etmişdi.

Hərçənd bu nikahın sadəcə gözdən pərdə olduğunu, Makronun isə homoseksual olub, "Radio France" radiostansiyasının baş direktoru Matye Qalle ilə əlaqədə olduğunu iddia edən bədxahlar da tapıldı. Təbii ki, siyasətçi "Ziyafətlərdə sizə mənim Matye Qalle ilə əlaqədə olduğumu desələr, söhbətin mənim oxşarımdan getdiyinə şübhə etməyin" söyləməklə, bu şayiələri inkar edir.
Görünür, Makron ölkə liderlərinin onilliklərlə formalaşan gizli sərgüzəştlər ənənəsinə son qoyan ilk fransız siyasətçisi olacaq. Lakin bunu da əminliklə söyləmək olmaz, çünki Yelissey sarayının hazırkı sahibinin yaxın ətrafından olanların heç birinin memuarları hələ ərsəyə gəlməyib…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.