PREZİDENTƏ SUİ-QƏSDLƏ BAĞLI GİZLİ SƏNƏDLƏR NƏLƏRİ ÜZƏ ÇIXARIR? –Amerika həyəcanla açıqlanmayan 300 sənədi gözləyir

28-10-2017, 09:51           

“Habertürk”, Türkiyə


22 noyabr 1963-cü ildə məruz qaldığı silahlı hücum nəticəsində həyatını itirən ABŞ prezidenti Con F. Kennediyə qarşı həyata keçirilən sui-qəsdlə bağlı olan 2800 arxiv sənədi ictimaiyyətə açılıb.
1992-ci ildə verilən qərarla bağlı olaraq, Milli Arxivə göndərilən sənədlər üzərindəki məxfilik 25 illik müddətin dolması səbəbindən aradan qalxıb. Ancaq ABŞ prezidenti Donald Tramp cəmi 3100 sənəddən yalnız 2800-nün açıqlanmasına icazə verib.
ABŞ mətbuatının şərhinə görə, sənədlərin bir qismi üzərindən məxfiliyin qaldırılmaması sui-qəsd nəzəriyyələrini gücləndirir. CNN-də yer alan xəbərə görə, kəşfiyyat xidmətlərinin istəyinə uyğun olaraq, sənədlərin bir qisminin yayılmasına icazə verməyən Tramp da bu qərarına görə məyusdur.
CNN-in Ağ Ev səlahiyyətlilərinə istinadən verdiyi xəbərə görə, cümə axşamı masasında kəşfiyyat xidmətlərindən gələn, bəzi sənədlərin gizli saxlanmasını tələb edən yazını görən Trampın iki seçimi vardı: ya 3100 sənədin hamısının üzərindən məxfiliyi qaldıracaq, ya da kəşfiyyatın tələbini qəbul edərək, yalnız 2800 sənədin yayılmasına icazə verəcəkdi.
Kəşfiyyatın məxfi qalmasını tələb etdiyi 300 sənədi incələmək üçün yetərli vaxt olmadığından, Tramp ilk mərhələdə 2800 sənədin məxfiliyini qaldırmağı qəbul edib.
Ağ Evin verdiyi rəsmi açıqlamada isə qalan sənədlərin tətbiq edilə biləcək ən az senzura ilə qarşıdakı həftələrdə nəşr ediləcəyi bildirilib. Açıqlamada Trampın Kennedinin sənədləri məsələsində “tayı-bərabəri olmayan bir şəffaflıq” tələb etdiyi ifadələri yer alıb.

Trampın müşaviri “dərin dövlət”i günahlandırıb

Uzun müddətdir Trampa siyasi müşavirlik edən respublikaçı Rocer Stoun da yüzlərcə sənədin məxfi qalmasının sui-qəsd nəzəriyyələrini gücləndirdiyini söyləyib və qərara görə, “dərin dövlət”i günahlandırıb. Stoun verdiyi açıqlamada “Əgər sənədlər utancverici deyilsə, nədən onları gizlədirlər? Bu məsələ Li Harvey Osvaldı işə götürən və öyrədən Mərkəzi Kəşfiyyat İdarəsinin xəyanətini göstərir” ifadələrini işlədib.

Kennedi sui-qəsddən 1 saat əvvəl Dallasda

Con F. Kennedi sui-qəsdi necə həyata keçirilmişdi?

ABŞ-ın 35-ci prezidenti Con F. Kennedi 22 noyabr 1963-cü ildə Dallasda öldürülüb. Kennedi silahlı hücuma məruz qaldığı zaman üstüaçıq avtomobillə hərəkət edirmiş. Eyni avtomobildə olan Dallas valisi Con Konnali bu hücumdan yaralı olaraq çıxıb. Sui-qəsdin ardından, şübhəli olaraq, Li Harvey Osvald saxlanıb. İki gün sonra Osvald, Dallas polis idarəsindən əlləri qandallı şəkildə çıxarılarkən, öldürülüb. Osvaldı canlı yayın kameralarının önündə öldürən gecə klubu sahibi olan Cek Rubi idi. Rubi heç kimlə əlaqəsinin olmadığını iddia edib və 1967-ci ildə həbsxanada xərçəngdən ölüb.
Sui-qəsdlə əlaqədar olaraq, uzun illər ərzində bir çox möhtəkirlik edilsə də, rəsmi açıqlama atəş edənin Osvald olduğu və onun təkbaşına hərəkət etdiyi yönündə olub.
Ancaq 1979-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası sui-qəsddə, böyük ehtimalla, bir deyil, iki tətikçinin olduğu yönündə bir hesabat nəşr edib. Sui-qəsdin detalları heç bir zaman aydınlaşmayıb və sui-qəsd nəzəriyyəsi kitabları nəşr edilib.

Osvaldın öldürüldüyü gecə gələn xəbər

Nəşr edilən sənədlərdə diqqəti cəlb edən detallardan biri, sui-qəsdi reallaşdırdığı iddia edilən Li Osvaldın öldürüldüyü gecə Dallas polisinə gələn bir xəbər zəngidir.


Con F. Kennedi sui-qəsdinin şübhəlisi Li Harvi Osvald

Həmin dövrdə FTB direktoru olan J. Edqar Huverin Osvaldın öldürüldüyü 24 noyabr 1963-cü il günü tutulan danışıq qeydlərində bu ifadələri yer alır: “Osvald dosyesində onun öldürülməsindən başqa bir şey yoxdur. Dünən gecə Dallas ofisimizə bir telefon zəngi oldu. Sakit səslə danışan bir adam Osvaldın öldürülməsini təşkil edən komitənin üzvü olduğunu söylədi”.
Huver bu zəngdən sonra dəfələrlə Dallas polis şefini aradığını bildirir və əlavə edir: “Bizə yetərli mühafizənin (Li Osvald üçün – tərc.) təmin edildiyinə təminat verdi. Ancaq bu edilmədi”.
Osvaldın ölümünün ardından xəstəxanaya bir agent göndərdiklərini bildirən Huver daha sonra qeyd edir: “Ölmədən öncə hər hansı bir etiraf edə bilər ümidiylə xəstəxanaya agentimizi göndərdik, ancaq bunu etmədi. Rubi heç kimlə əlaqəsinin olmadığını söyləyir və Dallas ofisinə bir zəng vurduğunu inkar edir”.

Sovet İttifaqına görə, sui-qəsdin cavabdehi Consondur

Kennedi sui-qəsdi ilə əlaqədar ictimaiyyətə açılan sənədlərdə diqqətçəkən məlumatlardan digər birinin də altında həmin dövrdə FTB direktoru olan J. Edqar Huverin imzası var.
1966-cı ilin dekabr ayında Huver tərəfindən Ağ Evə göndərilən “Sovet İttifaqı və Kommunist Partiyası səlahiyyətlilərinin Kennedi sui-qəsdinə reaksiyaları” başlıqlı hesabat Sovet İttifaqında işləyən bir FTB agentinin əldə etdiyi məlumatlara əsaslanır.
FTB-nin qaynağına görə, Sov.İKP səlahiyyətliləri ABŞ-dakı ifrat sağçıların çevriliş təsiri yaratmaq üçün yaxşı təşkil edilmiş bir sui-qəsd planını həyata keçirdiyinə inanır.
Hesabata görə, üstəlik, Sovet İttifaqında lidersiz qalan ABŞ-da hər hansı bir generalın SSRİ-yə raket buraxaraq müharibə çıxara biləcəyi əndişəsi də hakimdir. Tətikçi olduğu iddia edilən Osvaldın Sovet İttifaqı ilə hər hansı bir əlaqəsinin olmadığını bildirən sovet səlahiyyət sahibləri Osvaldı “nevrotik bir manyak” adlandırırlar.
Hesabatda ən diqqət çəkən nöqtə isə Sovet İttifaqının kəşfiyyat xidməti olan KQB-nin (DTK) məsələyə dair baxışıdır.



Con F. Kennedinin öldürülməsindən sonra Ağ Evdəki kreslonu təhvil alan Lindon B. Conson prezident andı içir.
FTB qaynağı KQB-nin əlində Kennediyə sui-qəsdə görə, vitse-prezident Lindon B. Consonun cavabdeh olmasına dair məlumat olduğunu bildirir. Bundan başqa, KQB sui-qəsddən sonra prezident olan Consonun Kennedi ailəsiylə olan münasibətləri barədə Sovet hökumətinə məlumat verir.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.