Roma imperiyasında hazırlanıb Göyçayda tapılan şedevr

29-10-2017, 20:18           
Roma imperiyasında hazırlanıb Göyçayda tapılan şedevr
Söhbətimiz bir vaxtlar Göyçay uyezdində qazıntılar zamanı tapılmış və Bakı milyonçusu Mirzəbekyants tərəfindən ələ keçirilmiş və hazırda Sankt Peterburqdakı Dövlət Ermitajının Şərq bölməsində saxlanılan Gümüş boşqab haqqındadır. Maraqlı tarixçədir. Üstəlik ermənilərin Puşkin tərəfindən tərifi verildiyi "vor" və "trus" xisləti bu tarixçədə bir daha bariz görünür.
Keçək mətləbə.
Bir zamanlar İmperator Arxeologiya Komisisiyası, ərazisində bizim də yaşadığımız ölkədə təsadüfi tapılan qədim əşyalar haqqında bütün şifahi və yazılı xəbərləri diqqətlə izləyirmiş. Və 1893-cü ilin sonunda Komissiyaya məlum olur ki, Azərbaycan ərazisində hansısa qədim şeylər tapılıb. Bu barədə dərhal Bakı qubernatoruna məktub göndərilir. Bu məktuba əsasən, hazırda Rusiya Elmlər Akademiyasının arxivində saxlanılan, 230/1894 saylı iş açılır. İşdəki sənədləri araşdırırıq. Diqqət verin:
"Göyçay uyezd rəisinin 8 yanvar 1894-cü il tarixli məlumatına görə, üç ay öncə Göyçay uyezdinin Lahıc sahəsindəki Yengikənd kəndinin sakinləri həmin kəndin yaxınlığında, yol kənarında yer qazarkən aşağıdakı əşyaları tapmışlar: qılınc, xəncər, döyüşçü zirehi, çəkisi 3 funt ağırlığında gümüş boşqab və imperialın yarısı böyüklüyündə qızıl pul. Tapılan boşqabın iç tərəfində at üzərində çılpaq qadın və onu müşayiət edən mələklər təsvir olunmuşdur. Boşqab və qızıl pul, əşyaları tapanlar tərəfindən Bakıya - tütün fabrikantı Yeqor Romanoviç Mirzəbekyantsa göndərildiyi deyilir. Mirzəbekyantsın bildirdiyinə görə isə bu əşyaları ondan kimsə oğurlamışdır. Qılınc, xəncər və zirehi müşayiət ilə İmperator Arxeologiya Komissiyasına göndəririk. Tapılan əşyaları mənimsəməkdə təqsirli bilinənlər barədə 179-cu maddə ilə mülki hakimlər iş başlamışlar."
Bu məlumat alındıqdan sonra İmperator Arxeologiya Komissiyası tərəfindən dərhal Bakı qubernatoruna təşəkkür məktub göndərilir və təvəqqe edilir ki, boşqab üçün axtarış elan olunsun. Tapana 500 rubl məbləğində mükafat elan olunur. O zaman üçün bu, az məbləğ deyildi.
30 iyun 1895-ci ildə Bakı qubernatoru Komissiyaya məlumat verir ki, məhkəmə zamanı Mirzəbekyants sübutla bildirmişdir ki, boşqabı və qızıl sikkəni Eçmiədzin sinodal kontoruna göndərmişdir. Bununla da mülki hakim Mirzəbekyantsa bəraət vermişdir.
İmperator Arxeologiya Komissiyası bu izahla kifayətlənmir. Ləngitmədən, 18 iyul 1895-ci il tarixdə iki məktub göndərir: birində Eçmiədzin kilsəsindən tələb olunur ki, boşqab və pulu Komissiyaya qaytarsınlar. Digərində isə Bakı qubernatoru qarşısında məsələ qaldırılır ki, Mirzəbekyants barəsində dövlət əmlakını mənimsəmə maddəsi (548-ci maddə) ilə icinayət işi açılsın.
Bundan sonra daha maraqlı hadisələr baş verir.
Belə ki, Eçmiədzin yepiskopu Aristokesin imzası ilə 9 dekabr 1895-ci il tarixli məktubda Komissiya rəhbərliyinə bildirilir:
"Mirzəbekyants tərəfindən bizim kontora haqqında bəhs etdiyiniz qiymətli boşqab və qədim sikkə verilməmişdir. Mirzəbekyants əşyaların itdiyini israr edirdi. Belə olan halda qubernator və polismeysterin onun, əşyaları, guya katolikosa göndərdiyinə inanmaları sadəcə düzgün deyildir. Bundan başqa, qeyd etdiyiniz kimi, boşqabın üzərində çılpaq qadın təsviri vardır. Belə süjetlər isə erməni-qriqoryan sinodu tərəfindən qəbuledilməzdir."
Nəhayət, dövlət əmlakını oğurlamağa görə katorqa qorxusu öz işini görür.
10 fevral 1896-cı ildə Bakı qubernatoru məlumat verir: "Boşqabı mənimsədiyinə görə ittiham olunan bakılı tacir Yeqor Romanoviç Mirzəbekyants həmin əşyanı gətirib məhkəməyə təhvil vermişdir. Əvvəl bunu etmədiyini belə izah edir: "boşqab oğlumun əşyaları arasında olduğu üçün o, vəfat etdikdən sonra, adətimizə görə, övlada aid şeylər ürəyi qübarlı ananın gözləri qarşısından yığışdırlmışdır. Sonra mən təsadüfən boşqabı bu əşyalar arasından tapdım."
Mirzəbekyants sərbəst buraxılır.
Nə isə. Axır ki, boşqab tapılır. Ancaq İmperator Arxeologiya Komissiyası bununla sakitləşmir. Qubernatora məktub göndərib rica edir ki, Mirzəbekyantsdan qızıl sikkəni də tələb etsinlər. Komissiyaya məlumat verilir ki, Mirzəbekyants 7 may 1894-cü ildə Yekaterinador stansiyasında onun pulqabısının oğurladığını sübutla bildirir və həmin sikkənin də "pulqabının içində olduğunu" deyir.
Nəhayət, 24 mart 1898 –ci ildə Gümüş boşqab Ermitaja göndərilir.
Nadir tapıntı olan bu boşqab IV əsrə aid olub Roma İmperiyası ərazisində hazırlanmışdır. Tapılan digər əşyalar - qılınc, xəncər və zireh isə XIX əsrə aid edilir. 1030 qram ağırlığında və yarım litrdən artıq su tutumu olan, üzərində Nereidanın təsviri verilən boşqab iki gümüş təbəqədən hazırlanmışdır. Diametri 24 sm, dibi 8,2 sm-dir. Roma imperiyasında hazırlanıb Göyçayda tapılan bu əşya dünyanın nadir sənət nümunələrindən biridir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.