Müdafiə sənayesi naziri Yavər Camalov təlaşda

11-08-2015, 11:56           
Müdafiə sənayesi naziri Yavər Camalov təlaşda
MSN-in daha bir zavodunda müəmmalı yanğın; son aylarda nazirliyin iki zavodunda baş vermiş yanğınlar təsadüf ola bilərmi...
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Xəzər rayonu ərazisindəki zavodlarından birində partlayışla müşayiət olunan yanğın baş verib. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, MSN-in “İqlim” Elmi-İstehsalat Müəssisəsinə daxil olan zavodda avqustun 6-da baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 20-yə yaxın yanğınsöndürən maşını cəlb olunub.


Əraziyə müdafiə sənayesi naziri Yavər Camalov, onun müavinləri, fövqəladə hallar nazirinin müavinləri və yüksək çinli şöbə rəisləri də gəliblər. Zavod hərbi təyinatlı və qapalı olduğundan hadisə yerinə mətbuat nümayəndələri buraxılmayıb.

Yanğın yarımzirzəmi, divarları iç tərəfdən rezin materialla əhatələnən böyük bir tikilidə baş verdiyindən yanğınsöndürənlər içəri daxil ola bilməyiblər. Rezin materialın yanması nəticəsində əmələ gələn qatı duman da alovu ram etmək istəyən yanğınsöndürənlərə ciddi çətinliklər yaradıb. Alov sutka yarımdan sonra söndürülüb. Hazırda hərbi təyinatlı zavodda yanğının hansı səbəbdən meydana gəlməsi aydınlaşdırılır. Baş vermiş olay zamanı zavodun işçilərinin xəsarət alması və ya zəhərlənməsi haqda məlumat yoxdur.

Bir-birinin ardınca, 1 ay fasilə ilə baş verən yanğınla müşayiət olunan partlayışlar müdafiə sənayesi nazirini çətin duruma salıb. Y.Camalov nazirliyə tabe olan bütün müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri topalayaraq onlara xüsusi tapşırıqlar verib. MSN-ə tabe olan bütün qurumlarda təhlükəsizlik tədbirləri gücləndirilib.
Gələn məlumatlara görə, nazir Yavər Camalov baş vermiş olaylardan sonra təlaş içindədir. Ən aktual suallardan biri də budur ki, müdafiə təyinatlı zavodlarda 1 ay fasilə ilə baş verən iki yanğın təsadüfdürmü?

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı MSN və “İqlim” Elmi-İstehsalat Müəssisəsi ilə əlaqə saxlayıb. MSN-dən telefonlara cavab verilməyib. Müəssisədən isə yanğın faktını təsdiqləyiblər. Bildiriblər ki, yanğın zamanı işçilərdən xəsarət alan olmayıb.

Yada salaq ki, iyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Telemexanika” zavodunda da yanğın baş vermişdi. Hərbi təyinatlı zavodda baş vermiş partlayış zamanı Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Raziyə Cəfərxan qızı Süleymanova aldığı ağır dərəcəli yanıq xəsarətlərindən hadisə yerində keçinmiş, 19 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılmışdı. Onlardan bir çoxuna ilkin tibbi yardım göstərilərək evə buraxılmışdı. Sonradan yaralılardan bir neçəsi də xəstəxanada keçinmişdi.



Şirvan Şəhər Prokurorluğunda “Telemexanika” zavodunda baş verən yanğınla bağlı cinayət işi başlanıb. Ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, ekspertiza tədqiqatı üçün nümunələr götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Mövzuya qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.