Türkiyə PKK-nı İŞİD-ə qatmaqla səhvmi etdi?.. - TƏHLİL

13-08-2015, 21:16           
Türkiyə PKK-nı İŞİD-ə qatmaqla səhvmi etdi?.. - TƏHLİL
2010-ci ilin payızında başlanan “ərəb baharı”ı bütün Yaxın Şərq və Şimali Afrika regionunda ciddi ictimai-sosial transformasiyaya təkan verdi. Bu təkan 2011-ci ilin yazında Suriyadakı toqquşmalarla birlikdə Türkiyə sərhədlərinə çatmış oldu. 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, Türkiyə sərhədlərindəki təhlükə azalmır, əksinə artmağa doğru gedir.

Suriyadakı hakimiyyət vakumu ölkənin şimalında dini ekstremist “İslam dövləti” təşkilatının (İŞİD) ölümcül gücə çevrilməsinə və regional kürd faktorunun qabarmasına gətirib çıxardı. Rəsmi Ankara öz amansızlığı ilə ad çıxarmış “İslam dövləti” ilə neytral münasibətlər saxlamaqla onun hücumlarından müdafiə olunmağa və kürd amilinin Suriyada güclənməməsinə çalışırdı. Lakin baş verənlər bubu heçə endirdi.

2015-ci il iyulun 23-də “İslam dövləti” ilk dəfə Türkiyə ərazisinə silahlı hücum etdi. Nəticədə türk ordusunun 1 hərbçisi həlak oldu, 3 əsgər isə yaralandı. Beləliklə, Türkiyəni Suriya müharibəsinə cəlb etmək üçün ilk addım atılmış oldu. Suruç şəhərində 32 tələbənin ölümü ilə nəticələnən terror aktı da “İslam dövləti” qruplaşmasının üzvü tərəfindən gerçəkləşdirilmişdi. Belə şəraitdə Türkiyə “İslam dövləti” qruplaşmasının Suriyadakı mövqelərinə hava hücumları təşkil etdi. Bununla da kifayətlənməyən rəsmi Anakara İraqdakı PKK mövqelərini, o cümlədən onların baş qərargahının yerləşdiyi Kandil dağını hədəf aldı.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın İŞİD-lə yanaşı, PKK-nı bombalaması özünəməxsus məntiqlə izah oluna bilər. Suriyadakı vətəndaş müharibəsi müddətində öz təsir dairələrini xeyli artırmış kürdlər rəsmi Ankara üçün daim təhlükə mənbəyi kimi görülürdü. Ona görə də Ərdoğan ölkəsi üçün təhlükə saydığı PKK-nı İŞİD-lə birlikdə zəiflətmək qərarına gəldi. Əksər dünya siyasətçiləri bunu Türkiyənin səhvi adlandırırlar. Əsas arqument olaraq isə İŞİD-ə qarşı vuruşan yeganə döyüşkən hərbi birləşmənin – PKK-nın indiki məqamda bombalanmasını qeyri-düzgün addım sayırlar.

Əslində Ərdoğan hakimiyyəti özü də bilmədən cini şüşədən çıxarmış oldu. 24 iyulda mövqeləri İŞİD-lə bərabər vurulan PKK 2013-cü ildən elan etdiyi atəşkəsin qüvvdən düşdüyünü elan etdi. Və Türkiyədə yenidən qan tökülməyə, şəhid xəbərləri gəlməyə başladı.

Hərbi əməliyyatların bərpa olunduğu son 3 həftədə 36 türk təhlükəsizlik xidməti əməkdaşı öldürülüb. PKK da ciddi itkilər (xüsusən aviasiya zərbələrindən) verdi. Amma “İslam dövləti”nin Türkiyə sərhədlərində durduğu məqamda bu qarşıdurma nə türkələr, nə də kürdlərə dividend vəd edir. Parlament seçkiləri sonrası koalisiya danışıqları, kürd seçiciləri təmsil edən HDP-nin sədri Səlahəddin Dəmirtaşa qarşı açılan cinayət işi, “Islam dövləti” qruplaşmasının İstanbuldan Qarsa qədər şəbəkələşmiş özəyi, PKK ilə silahlı mübarizə və s. amillər Türkiyə dövlətinin indiki vəziyyətdə üzləşdiyi əsas çətinliklərdir.

Ankaranın “İslam dövləti”nə qarşı mübarizədə quru cəbhə açması xüsusi təhlükələrdən sayılır. AKP rəsmləri belə bir fikirlərinin olmadığını və yalınz aviasiya və artilleriya vasitəilə “İŞİD”ə cavab veriləcəyini demələrinə baxmayaraq, hadisələrin hər an nəzarətdən çıxacağı istisna deyil.

ABŞ-ın “İncirlik” hərbi bazasından “İslam dövləti”ni bombalaması bu təhlükəli ssenarini real edən amillərdəndir. Çünki əsas düşməninə yardım etdiyi üçün teror təşkilatı Türkiyədən qisas ala və onu Suriya ərzaisində qanlı savaşa sövq edə bilər.

Belə bir ssenarinin baş tutacağı halda Suriya və İraq kürdlərinin mövqeyindən də çox şey asılı olacaq.

Dünyanın əsas beyin mərkəzləri Türkiyə hakimiyyətinin atmalı olduğu optimal addım kimi bütün diqqəti İŞİD-lə mübarizəyə yönəltməkdə və Suriya kürdləri ilə ittifaqa daxil olmaqda görür. Nümunə olaraq isə Ankara ilə Şimali İraqdakı regional kürd hökuməti arasındakı isti münaasibətlər göstərilirr. Türkiyə ilə sıx ticarət və biznes əlaqələri quran Məsud Barzani PKK-dan İraq ərazisini tərk etməyi istəmişdi.

Ərdoğan iqtidarının hansı addım atacağını isə zaman göstərəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.