Rəfsəncaninin müəmmalı ölümü

11-01-2018, 09:57           
Rəfsəncaninin müəmmalı ölümü
“The Guardian” qəzetinin Tehran müxbiri keçmiş İran prezidenti Əli Əkbər Haşemi Rəfsəncaninin ailə üzvlərinə istinadən onun ölüm səbəblərinə dair təhqiqatın yenidən açıldığını yazır.

Ötən çərşənbə axşamı Fars təqvimi ilə praqmatik ayətullahın ölümünün bir ili tamam olub.

Rəfsəncaninin qızı Faizə ötən ay bildirmişdi ki, ölkənin Ali Milli Təhlükəsizlik Şurası o vaxt atasının bədənindəki radioaktivliyin normadan on dəfə artıq olduğunu bildiribmiş.

Rəfsəncaninin oğlu Yaser Haşemi bu həftə deyib ki, prezident Ruhani yaxın müttəfiqi olmuş ayətullahın ölüm səbəblərinin təkrar araşdırılmasına sərəncam verib.

Adının çəkilməsini istəməyən ailə üzvü “The Guardian” qəzetinə deyib ki, “ailə daxilində gəlinmiş ortaq qənaətə görə o öldürülüb və ya ən azı təbii səbəblərdən vəfat etməyib”.

“The Guardian” müxbiri yazır ki, Tehran qəzetləri Rəfsəncaninin ölümünün birinci ildönümü münasibətilə onun portretlərini dərc ediblər. Qəzetlər “Bir il ayətullahsız” və ya “O bizim səsimiz idi” kimi başlıqlarla çıxıb.

Rəfsəncaninin rəsmi ölüm səbəbi ürəyin dayanması olaraq təsdiqlənib.

“The Guardian” yazır ki, onun məlumatına görə, ailəsi autopsiya keçirilməsi üçün təzyiq altında olmayıb, lakin bu tədbirdən imtina edib.

Buna əsas səbəblərdən biri də ailəsinin mərhumun bədəninin əlavə əməliyyata məruz qalmasını istəməməsi olubsa, digər səbəb yaxınlarının onu İslam qaydalarına uyğun olaraq mümkün qədər tez dəfn etmək istəməsi olub.

Lakin ailə o vaxtdan bəri ölüm səbəbinin ürək dayanması olduğuna inanmır.

Faizə Haşemi dekabr ayında Etemad qəzetinə demişdi ki, milli təhlükəsizlik şurasının bəzi üzvləri ailəyə Rəfsəncanının bədənində radioaktiv maddələrin normadan on dəfə çox olduğunu deyibmişlər.

Rəfsəncaninin qanı niyə itib?

“The Guardian” bunu da yazır ki, onun məlumatına görə, ölümündən sonra Rəfsəncanidən onun qardaşı oğlunun təkidi ilə qan nümunəsi götürülərək saxlanıb. İçində həmin qan nümunəsi olan şüşə müəmmalı şəkildə yoxa çıxıb. Radioaktivlik Rəfsəncaninin bədəninə bağlı katetrdə tapılmışdı.

Ailəsi bildirib ki, həmin gün axşam saat 8-də Rəfsəncaninin bir yüksək rütbəli inqilab keşikçisi ilə görüşü nəzərdə tutulmuşdu. Belə söhbətlər də dolaşır ki, Rəfsəncaniyə ölümündən az əvvəl onu izləyən təhlükə haqqında xəbərdarlıq edilibmiş.

Rəfsəncaninin cəsədi onun cangüdənlərindən biri tərəfindən, vəzifəli rəsmilərin Köşk Bağı adlı istirahət mərkəzindəki hovuzda tapılıb. Ayətullah həftədə iki dəfə bu hovuzda üzməyə gələrmiş. Həmin gün cangüdənləri hovuzun yanında yox, mərkəzin bayırında olublar. Rəfsəncani ailəsi bildirir ki, cangüdənlərin ifadələri bir-birinə uyğun gəlmir.

Bu da xəbər verilir ki, Rəfsəncaninin nəvələri də daxil, bütün ailə üzvlərindən radioaktivliyin yoxlanması üçün qan götürülüb. Rəfsəncaninin digər qızı Fatemə və onun arvadında da radioaktivliyin yüksək olduğu aşkar edilib.

“The Guardian” yazır ki, katetrdə aşkar edilmiş radioaktivlik səviyyəsinin onu öldürəcək miqdarda olub-olmadığı və söhbətin hansı radioaktiv izotoplardan getdiyi məlum deyil.

Məqalədə deyilir ki, Rəfsəncaninin ölümü mötədilləri İran siyasətində böyük nüfuzu olan hamidən məhrum edib. Təhlilçilər deyirlər ki, Rəfsəncani növbəti ali rəhbərin təyinatında əsas rollardan birini oynayacaqdı.

Rəfsəncaninin ölümündən sonra onun demək olar, bütün ailə üzvlərinə hərəkət məhdudiyyəti qoyulub. Bundan başqa ona aid sənədlərin hamısı kabinetindən aparılıb. (BBC azeri)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.