Azərbaycanın ŞƏT-də iştirakı Asiya-Avropa əlaqələrinin güclənməsinə xidmət edir
Bu gün, 08:18

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi nəinki regionda, həm də bütün Avrasiya məkanında xalqlar arasında iqtisadi, mədəni, siyasi və diplomatik əlaqələrin dərinləşməsinə töhfə verir, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbulunda və müasir yanaşmaların tətbiqində əzmkarlıq nümayiş etdirir.
Ölkəmiz çoxvektorlu xarici siyasəti çərçivəsində dost və tərəfdaş dövlətlərlə, eləcə də beynəlxalq və regional təşkilatlarla münasibətlərin yeni mərhələdə inkişafında maraqlıdır. Azərbaycan yalnız sərhədləri daxilində islahatlarla kifayətlənmir, həm də beynəlxalq platformalarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə səmərəli əməkdaşlıq edir və öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.
Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən 2001-ci il iyunun 15-də yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatı mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılması məqsədi daşıyan regional əməkdaşlıq təşkilatıdır. Sonradan Belarus, Hindistan, Pakistan və İran da təşkilata üzv olub, Monqolustan və Əfqanıstan müşahidəçi statusu alıb, Azərbaycan da daxil olmaqla 14 ölkə isə "dialoq tərəfdaşı" statusu ilə ŞƏT-lə əməkdaşlıq edir.
Azərbaycan Prezidentinin ŞƏT Sammitlərinə artıq ənənəvi olaraq dəvət alması və iştirakı qlobal arenada qətiyyətli, uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevə dərin hörmətin təzahürüdür.
Avqustun 30-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə “ŞƏT plyus” formatında Zirvə toplantısında, habelə Çinin xarici hərbi müdaxilə və faşizm üzərində Qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə, hərbi paradda iştirak etmək üçün Çinin Tiencin şəhərinə işgüzar səfəri həm davamlı inkişafda olan Azərbaycan-Çin münasibətləri, həm də ŞƏT çərçivəsində əməkdaşlıq imkanlarına yenidən baxılması üçün mühüm əhəmiyyət kəsb edir.
Dostluq və qardaşlıq göstəricisi hesab edilə biləcək səfər çərçivəsində iki ölkə başçıları arasında məhsuldar görüş keçirildi, eyni zamanda, Çinin qabaqcıl şirkətlərinin rəhbərləri ilə nəqliyyat, kommunikasiya, rəqəmsallaşma, energetika sahələrində qarşılıqlı fəaliyyətlə bağlı məsələlər nəzərdən keçirilib.
Prezident İlham Əliyevin təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın əhəmiyyəti getdikcə artmaqdadır. Xüsusilə, bu il avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında imzalanmış Vaşinqton Bəyannaməsi Cənubi Qafqazda yeni reallıqlar ortaya qoymaqla, Azərbaycanın Orta Dəhliz layihəsi çərçivəsində rolunu gücləndirir, Çin və digər üzv dövlətlərin bu əməkdaşlığa marağını artırır.
Prezident İlham Əliyevin Sammitdə iştirakı, ölkəmizin qlobal arenada artan nüfuzunun və çoxtərəfli diplomatiya siyasətinin uğurlu nəticəsidir. Hazırda dünyamızın siyasi arxitekturasının yenidən formalaşdığı bir zamanda Azərbaycan neytral, əməkdaşlığa açıq siyasəti ilə bir çox regional təşkilatlarda fəallığını artırır. ŞƏT ilə əməkdaşlıq da bu siyasətin tərkib hissəsidir və Azərbaycanın Asiya-Avropa nəqliyyat, enerji, ticarət əlaqələrinin əsas qovşağına çevrilməsi məqsədinə xidmət edir.
“ŞƏT plyus” formatında keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayıran ölkə başçısı qeyd edib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb: “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.
Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq”.
Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradılır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Hazırda Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
Ölkə başçısı qeyd edib ki, “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.”
Beləliklə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirakı Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasətinin növbəti uğurlu addımıdır. Bu səfər ölkəmizin qlobal təşkilatlarla münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın regionda və onun hüdudlarından kənarda artan nüfuzunu, iqtisadi-siyasi qüdrətini əyani şəkildə nümayiş etdirir, eyni zamanda, gələcəkdə Azərbaycanın ŞƏT-də daha fəal rol oynaması, həm ikitərəfli, eləcə də çoxtərəfli əlaqələrin dərinləşdirilməsi baxımından yeni imkanlar yarada bilər.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru