Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini gücləndirən səfər

Bu gün, 07:24           
Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini gücləndirən səfər
Çinin Tyanjin şəhərində sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının illik sammiti keçirilib. Bu sammit təşkilat tarixində ən geniş tərkibli toplantı hesab olunur. İclasda 20 ölkənin dövlət və hökumət başçıları, eləcə də 10 beynəlxalq qurumun təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Ermənistan Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Hindistan Baş naziri Narendra Modi və digər üzv ölkələrin liderləri də iştirak ediblər
Azərbaycanın sabit, təhlükəsiz, bol resurslu və inkişaf edən ölkə olması Çinin aparıcı şirkətləri üçün də cəlbedicidir. Onlar ölkəmizdəki Günəş və külək enerjisi potensialına maraq göstərirlər. Qarabağ və Naxçıvanda yaşıl enerji layihələrinə sərmayələrin qoyulmasını müzakirə edirlər. Belə yüksəksəviyyəli münasibətlər həm Çin, həm də Azərbaycan üçün faydalar gətirir. Azərbaycanın enerji keçidinə, Çinin isə enerji təhlükəsizliyinə xidmət edir. Zəngəzur dəhlizi də daxil olmaqla, Cənubi Qafqazda yeni kommunikasiya xətlərinin açılmasını sürətləndirir.
Prezident İlham Əliyevin səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edərək Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq perspektivlərini müzakirə etməsi Azərbaycanın regional təhlükəsizlik və iqtisadi inteqrasiyada rolunu möhkəmləndirir. Bu, ölkəmizə əlavə dividendlər qazandırır. Önəmli məqamlardan biri də budur ki, Prezident İlham Əliyev bu səfər çərçivəsində Tiencin şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə də danışıqlar aparıb. Enerji, nəqliyyat və müdafiə sahələrində əlaqələrin dərinləşdirilməsi razılaşdırılıb. Ermənistan Baş naziri Nikol Paşinyanla təmaslar isə sülh prosesinə yeni impuls verə bilər.
Sentyabrın 1-də keçirilən “ŞƏT plyus” formatında görüşdə ölkə başçısı çıxış edib. Öz çıxışında Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayıran ölkə başçısı qeyd edib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb: “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq”.
Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradılır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Hazırda Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
Ölkə başçısı qeyd edib ki, “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.”
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan–Çin münasibətlərini yeni mərhələyə çıxarır, Orta Dəhliz və enerji sahəsində əməkdaşlığı gücləndirir. Eyni zamanda, region ölkələri ilə strateji dialoqu genişləndirir. Dövlətimizin başçısının Çin səfəri Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini daha da möhkəmləndirən tarixi addım kimi qiymətləndirilir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru