İranlı ziyalı qadın:“Nə qədər ki bu saqqallılar gəlməmişdi....” – Araşdırma

16-01-2018, 01:34           

lenta.ru, 11.01.2018



Çağdaş İrana İslam Respublikası deyirlər və zahirən tamamilə sakit və dindar ölkə görünür. Bununla belə ölkənin heç də bütün sakinləri gündə beş dəfə üzünü Məkkəyə tutub namaz qılmır, islam ehkamlarının nəzərdə tutduğu kimi alkoqoldan çəkinmir. “lenta.ru”-nun müxbiri dindar çoxluğa dözməyə məcbur olan, lakin onların əxlaqına tamamilə dözümlü təhsilli iranlıların həyatından hekayət açır.

Parlaq bəzək vurmuş qadınlar çox gödək tumanda üzərində araq və s. içkilər olan bayram masası arxasında əyləşiblər. Onlar kişilərlə deyib-gülürlər.

Mən Tehran universitetinin müəllimi Səlimin ailəsində qonağam. İslam ölkələri üzrə əvvəlki səyahətlərimi yada salıb təəccübləndim: bu necə olur, qadınlar ki bizimlə birgə masa arxasında əyləşiblər! Və bir anda Səlimin ortayaşlı ziyalı həyat yoldaşından lazımi cavab aldım: “Biz normal, mədəni insanlarıq! Bu saqqallılar hakimiyyəti qəsb edənə qədər eynilə avropalılar kimi həyat sürürdük. Bəli, onlar indi bizi yaylıq və bürüncəkdə gəzməyə məcbur edirlər, amma xoşbəxtlikdən evlərə əlləri çatmır!”

Amma aydınlaşdığı kimi, saqqallıların əli evlərə də çatır. Ev sahibi mənə araq süzməzdən əvvəl ehtiyatla maraqlandı ki, mehmanxanada mənimlə yanaşı şübhəli adamlar yaşamırlar, spirt iyi hiss edib polisə şeytanlamazlar ki? Mən taleyi sınamamağı və içkini Moskvaya saxlamağı qət etdim.

Əvvəlcə Səlimi, bir növ, əcaib adam hesab edirdim, amma təhsilli digər iranlıların evlərinə baş çəkəndə nəticəyə gəldim: böyük şəhərlərdə orta təbəqənin əksər təmsilçiləri, məsələn, moskvalılardan çox da dindar deyillər. Məlum oldu ki, hamısı indiki rejimə nifrət edir, şiələr üçün müqəddəs, islam inqilabının başlandığı Qum şəhərini isə həmişə “mollaqrad” adlandırırlar.

Düzdür, mən ancaq ingiliscə danışır və əsasən, təhsilli iranlılarla ünsiyyətdə olurdum. Tanışlarım kədərlə etiraf edirdilər ki, “molla rejimi” “əhli-bazar”ı və kəndliləri tam qane edir.

Əhalinin bütün zümrələrinin sekulyarlaşdığı sovet Orta Asiyasından fərqli olaraq İranda Qərbyönlü orta təbəqə ilə praktik olaraq orta əsrlər normasıyla yaşayan ənənəvi cəmiyyət arasında qorxunc dünyagörüş uçurumu yaranıb. Ölkənin sürətlə qərbləşməsinə qarşı uğurla meydan oxuyan İslam inqilabının əsas qüvvəsi də 1979-cu ildə məhz onlar olublar.



Sovetlərin əks-sədası



Yerli ziyalıların əhvalı sovetsonrası Rusiyanın bohemasını (daimi gəliri olmayan, sərsəri həyat keçirən ziyalılar təbəqəsi: aktyorlar, şairlər, rəssamlar və s.-tərc.) yadıma saldı: küçədə və işdə kommunist şüarları, evdə isə yasaqlanmış Soljenitsın, qəbuledicidən “Azadlıq” radiosu və “lənətə gəlmiş sovet hökuməti” haqda sonzsuz söhbətlər.

Kommunist rejiminə oxşarlıq həm də sırf vizual idi: məsələn, şəhər küçələrində reklam yox idi, axşam 11-dən sonra isə bütün restoranlar bağlanır, şəhər xarabazara dönürdü. SSRİ-də hər yerdə kommunist şüarları, İranda isə “Qadın necə düzgün geyinməlidir” plakatları və “şeytan dövlət” ABŞ-ın şər məğzini açıqlayan təbliğat vərəqələri asılmışdı.

Sovetlər ölkəsindəki kimi əcnəbilər yerli sakinlərdə səmimi maraq doğurur. Adamlar küçədə məni dayandırırdı – onlar sadəcə yadelliylə söhbətləşmək istəyirdilər.



Biz sizə səbir edirik



Əlbəttə, İran rejimi sovetinkindən yumşaqdır: İslam Respublikasının sakinləri xaricə səyahət edə bilərlər (şəxsən görmüşəm, İran qadınları “təpəni aşan kimi” birinci işləri zəhlətökən yaylığı açmaqdır), gənclərin çoxu xaricdə (hətta nifrət etdikləri “şeytan ölkəsi”ndə) təhsil alırlar. Lakin hətta ölkədən kənara çıxmayanlar da əsla “yaşıl pərdə”nin dalında yaşamırlar: internet və sputnik boşqablar sayəsində qalan dünyadakı yaşayış haqda çox gözəl məlumatlanıblar.

Yeri gəlmişkən, İran rejimi qonşu xeyli ərəb ölkəsiylə müqayisədə də yumşaqdır: məsələn, Səudiyyə Ərəbistanıyla. İranda qadınlar ancaq yaylıqda gəzirlər, bir də geyimləri də tamamilə müasirdir.

Qadınlar kişilərin müşayiəti olmadan küçələrdə gəzə, maşın sürə və hətta siqaret çəkə bilərlər (düzdür, yalnız böyük şəhərlərdə). İran hökuməti xristianlara da tamamilə dözümlə yanaşır. Məsələn, ölkənin bir çox şəhərlərində hicabın vacib olmadığı erməni məhəllələri var. İslam respublikasında çoxlu erməni kilsəsi var, ermənilərə isə dini ehtiyac üzündən şərab çəkməyə icazə verilir. İranda rus pravoslav kilsələri də var (Oktyabr inqilabından sonra ölkəyə xeyli slavyan qaçıb).

Maraqlıdır ki, İran qətiyyən üşüncü dünya ölkəsi təsiri bağışlamır: çox əla yollar, keyfiyyətli, müasir binalar, təmiz küçələr. Məsələn, Orta Asiya respublikaları (əlbəttə, Qazaxıstan istisnadır) daha yoxsul və geridə qalmış görünür.

Amma yerli hökumətin sərt əxlaqı özünü üzə verir. Bax, məsələn, İran vətəndaşı, rus mühəndisinin söhbəti: “On iki yaşlı oğlum necə olursa, həmyaşıdı qonşu qızın dalına düşür. Onun heç bir pis niyyəti yox idi, özü də heç nə anlamadan sadəcə dalınca gedib. Ancaq qızın valideynləri polisə şikayət ediblər. Məni polis bölməsinə dəvət etdilər. Polis rəisi dedi ki, qanun üzrə oğlunu dəyənəklə döyməliyik, amma uşağın fəqərə sütunu zəifdir və tam sına bilər. Polis çoxmənalı fasilə etdi: “Amma biz rəhmliyik və oğlunu bağışlayırıq!” Bu nəqaratı – “biz rəhmliyik” – həmişə eşitməli oluruq. Yəni İran hökuməti islam qanunlarıyla yaşamağımızı tələb etmir, amma sanki eyham vurur ki, bizə minnət qoyur”.



Yeni qüvvə



İranda indiki “Yeni il” etirazlarının simvolu mənfur yaylığı dəyənəklə yuxarı qaldıran başıaçıq cavan qızın fotoşəkli olub.

Çox güman ki, bu qız məhz orta təbəqəyə mənsubdur. 2009-cu ilin “yaşıl inqilab” deyilən hərəkatının əsas hərəkətverici gücü mühafizəkar Mahmud Əhmədinejadın qələbəsindən sonra prezident seçkilərinin düzgünlüyünə şübhədən ayağa qalxan məhz bu cür vətəndaşlar idi. Şərti “liberal” Mirhüseyn Musəvinin tərəfdarları seçkiləri saxtalaşdırılmış saydılar və “Diktatora ölüm” kimi şüarlar altında küçələrə çıxdılar. Polis iğtişaşları amansız şəkildə boğdu. Doqquz il qabaqkı hadisələrdən fərqli olaraq bu dəfə etirazlarda təkcə şəhərlərin savadlı sakinləri deyil, həm də əyalətdən işçi gənclik iştirak edir.

Bu, bütün mənzərəni dəyişir: orta təbəqə sayca azdır və rejimə ciddi təhlükə ola bilməz. Əhalinin yarısını təşkil edən gəncliyin içindəki narazılıq daha təhlükəlidir. İndiki nümayişlər yumurtanın qiymətinin qalxmasından sonra başlanıb və etirazçılar əvvəlcə sırf iqtisadi tələblər irəli sürüblər. Amma sonra siyasiləri də meydana çıxıb: məsələn, Yaxın Şərqdə sonsuz müharibələrin maliyyələşdirilməsinin dayandırılması. Maraqlıdır ki, orta təbəqənin 2009-cu il hadisələrinə qatılmış bir çox təmsilçisi indiki iğtişaşlara ehtiyatla yanaşır. Bəzi iranlı tanışlarım mənə yazıblar: “Əlbəttə ki, biz islahatların lehinəyik, amma indi ehtiyat edirik ki, nümayişlər qanlı xaosa çevrilməsin. Bu gün nümayişlərə çıxanların çoxu demokratiya tərəfdarına əsla oxşamır”.

Bundan başqa, bəzi məlumatlara görə, itaətsizliyin ilk aksiyaları ifrat mühafizəkar güclər tərəfindən törədilib. Şayiələr dolaşır ki, iğtişaların təşkilində ittiham üzrə keçmiş prezident Əhmədinejad həbs olunub.



“Ən yaxşısı hələlik susmaqdır”



Tehan artıq bildirib ki, iğtişaşlar xarici “xeyirxahlar” tərəfindən təşkil olunub və günahı təkcə Ağ Evin deyil, həm də xaricdə yaşayan iranlıların, birinci növbədə Amerikadakıların üzərinə yıxıb. Hazırda yaşadığım Amerikanın San-Diyeqo şəhərində güclü İran diasporu var: İran mədəniyyət mərkəzi tikilib, bir neçə İran mağazası və restoranı işləyir. Təəssüf ki, iranlılarla söhbət cəhdim tam uğursuzluqla bitdi. Mədəniyyət məkəzində mənə dedilər ki, onların möhkəm qaydası var – siyasətə toxunmamaq: “Sizi mədəniyyət, ölkənin adətləri maraqlandırırsa, onda suallarınızı cavablandırmağa hazırıq”.

İran kafesi və mağazalarında da bəxtim gətirmədi. Adamların tipik cavabları bu cür idi: “Mən heç nə bilmirəm. Bütün qohumlarım da artıq ABŞ-dadırlar”.

Məndə təəssürat yarandı ki, adamlar sadəcə vətəndəki hadisələrdən danışmağa qorxurlar. Yaşlı fars bunu dolayısıyla təsdiqlədi: “İranda indi çox şey tam aydın deyil, çoxumuzun orada qohumlarımız var – onlara görə qorxuruq. Xeyr, hələlik ən yaxşısı susmaqdır!”



Gücün adi dili



İran hökuməti artıq bildirib ki, iğtişaşları “xalqla birgə” boğub. Amma heç bir əminlik yoxdur ki, bunlar təkrarlanmayacaq. Yaxın Şərqdə son hadisələrin təcrübəsinin göstərdiyi kimi, avtoritar və totalitar ölkələrdə qarışıqlıq çox vaxt etnik-məzhəb (Suriya, İraq) və ya tayfalararası (Liviya) və məzhəblərarası (İran) ədavətə dönüşür. İrandakı hadisə bu ssenariyə tam sığışır (burada şiələrdən savayı sünnilər – ərəb və kürdlər yaşayırlar).

Deməli, ölkənin şimalında əhalinin, təxminən, 20%-i (məlum olduğu kimi, bu göstərici xeyli yüksəkdir-tərc.) təşkil edən azərbaycanlılar, qərbdə kürdlər (10%), cənubda isə bəluclar və ərəblər sıx şəkildə yaşayırlar. İndiki dalğalanmalar artıq İran Kürdüstanını bürüyüb, nümayişçilər arasında ərəb və bəluc separatçı təşkilatlarının üzvləri qeydə alınıb.

Lakin məsələ təkcə dövlətin parçalanması təhlükəsində deyil. Düşünmək sadəlövhlükdür ki, “molla rejimi”nin süqutu halında ölkə bir anda demokratik dövlətə çevriləcək.

Küçə iğtişaşlarının kadrlarına baxaraq Tehran yaxınlığında dağlarda gözəl bir görüşü xatırlayıram. Bir dəfə müsəlmanlar üçün müəqddəs Ramazanda dağ cığırında tonqal başında qəlyanaltı edən qızla oğlana rast gəldim. Cavanlar mənə lavaşarası kabab və bir stəkan ətirli çay təklif etdilər. Oğlan ingiliscəmi eşidərkən dərhal müəyyən etdi ki, rusiyalıyam. Məlum oldu ki, o, Amerika universitetində təhsil alıb və tələbələrin içində çoxlu rus dostları olub.

Söhbət inqilaba bir az qalmış şahla ayətullah Ruhulla Xomeyninin münasibətlərindən düşdü. Gənc iranlı izah etdi: “Şahın əlindən gəlsəydi, Xomeynini öldürərdi, amma gücü çatmadı, buna görə də onu ancaq ölkədən sügün etdi. Nəticədə Xomeyni islam inqilabına başladı, şah isə ölkədən qaçdı. Başa düşün, bizdə Avropa məntiqi işləmir. Hakimiyyətdə kim olur-olsun – mollalar və yaxud əksinə, Qərb tərəfdarları – onlar istənilən halda demokratik yollarla deyil, zorla idarə edəcəklər”.

Onun sözlərinə görə, İranı Avropa ölkəsi etmək, şahın arzuladığı kimi, Tehranı “Şərqin Parisi”nə çevirmək mümkünsüzdür. Keçmiş amerikalı tələbə kədərlə dedi: “Bizdə hələ uzun illər boyu ancaq gücün dilini anlayacaqlar”.



Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.