Münaqişəni tərəflər özü həll edəcəksə, Minsk qrupu nəyə lazımdır?
17-01-2018, 11:31
Ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlarda ciddi irəliləyişlər olmadı. Lakin münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə xarici işlər nazirlərinin və prezidentlərin görüşü keçirildi. Lakin Ermənistan bütün danışıqlar prosesi zamanı mövcud status-kvonun saxlanmasına çalışdı. Onu da qeyd edək ki, ötən il münaqişə tərəfləri arasında baş tutan görüşlərin bir çoxu həmsədr ölkə olan Rusiya tərəfindən təşkil olunub. Bunu bir neçə gün əvvəl 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirən Rusiya XİN rəhbəri Sergey Lavrov da dilə gətirdi. O qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilər: "Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz. Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir. Biz son illərdə də intensiv səylər göstərmişik ki, tərəflərin bütün mövqelərini ümumiləşdirək, üst-üstə düşən yanaşmaları ortaya çıxaraq və onları ortaq məxrəcə gətirək. Həmçinin onlara ortaq fikrə gələ bilmədikləri məsələlərdə kompromis variantlarını deyək. Həmsədrlər ümumi mövqeyə malikdir. Tərəflər həmsədrlərin nə düşündüyünü bilir. Lakin qərarı tərəflər verməlidir”.
Əslində, Rusiya XİN rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər maraq doğurur. Bəs, görəsən politoloqlar Lavrovun fikirlər barədə nə düşünür?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiya XİN rəhbəri keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağla bağlı biri-birinə zidd cavablar verdi: "Bir dəfə dedi ki, guya mərhələli həll daha yaxşı olardı. Amma ikinci fikrində qeyd etdi ki, gərək bu məsələni Ermənistan və Azərbaycan öz arasında razılaşdırsın. Halbuki Lavrov ötən il tamamilə fərqli bir fikir söyləmişdir ki, ümumiyyətlə Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil. Yəni, göründüyü kimi fərqli fikirlər söylənilir. Rusiya XİN rəhbərinin dediklərində əslində müəyyən qədər bəhanə də var. Əgər problemi tərəflər həll edəcəkdisə, onda Minsk qrupu həmsədrləri kimə və nəyə lazımdırlar? Digər tərəfdən, bu məsələdə fəal vasitəçi Rusiyadır. Yəni, prezidentlər də xarici işlər nazirləri də mütəmadi olaraq Moskva və Soçidə görüşüblər. Bundan başqa, bu problemi Azərbaycan özü həll etmək istəyəndə də mane olurlar. Çünki 2016-cı ilin aprel ayında ordumuz əks-hücumu keçərək uğurlu hərbi əməliyyatlar keçirəndə bizim qarşımızı Rusiya kəsdi. Rusiyanın müdafiə naziri zəng edib, hücumları dayandırmağımızı istədi. Yəni, bundan sonra necə demək olar ki, bu, Ermənistanla Azərbaycan arasında olan məsələdir? Əlbəttə, bizim məsələmiz olsaydı, çoxdan həll etmişdik. Prezident İlham Əliyev də hər dəfə çıxışında bildirir ki, Azərbaycanın kifayət qədər olan resursu və enerjisi Qarabağ məsələsini həll etməyə qadirdir. Sadəcə Rusiya Ermənistanı özünün forpostu sayır, ona dəstək verir və istəmir ki, Yerevan məğlub olsun”.
E.Şahinoğlu əlavə etdi ki, Rusiya Qarabağı qoruya bilməz və qorumamalıdır: "Baxmayaraq ki, indi Ermənistanda haray-həşir salıblar ki, guya Rusiya Qarabağı da qorumalıdır. Rusiya ilə Ermənistan arasında anlaşma var, amma bütün hallarda rəsmi Moskva Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də Lavrovun çıxışlarından o qədər də optimist deyiləm. Lavrov daima eyni fikirləri təkrarlasa da, Qarabağ məsələsində real addımlar atılmır. Bu il ərzində də inanmıram ki, Qarabağ danışıqlarında irəliləyiş olsun. Çünki Azərbaycanda, Rusiyada Ermənistanda taleyüklü seçkilər keçiriləcək. Seçki ilində də danışıqlar müəyyən qədər arxa plana keçir. Amma bu, bütövlükdə ona dəlalət etmir ki, cəbhə xəttində sakitlik olacaq. Çünki son günlərin statistikasına baxsaq görərik ki, hər iki tərəfdən itkilər var”.
Politoloq Fikrət Sadıxov bildirdi ki, Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll edilməsi ilə bağlı son fikirləri bizi tam şəkildə qane edir: "Çünki biz bu mövqeyi uzun illərdir ki, irəli sürürük və onun tərəfdarıyıq. Qeyd edilən mərhələli planda ilk növbədə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, daha sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin müzakirə edilməsi öz əksini tapır. Bir sözlə, plan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edir. Azərbaycan tərəfi dəfələrlə bu mövqeyi irəli sürsə də, Ermənistan buna əngəllər törədir, problemlər yaradır. Bu baxımdan, Lavrovun mətbuat konfransında bu cür ifadə səsləndirməsi, bizim xeyrimizədir ”.
F.Sadıxovun sözlərinə görə, Lavrovun Dağlıq Qarabağ münaqişəsinin tərəflərin öz arasında həll edilməsi ilə bağlı səsləndirdiyi fikirlər ziddiyyətlidir: "Əgər münaqişəni tərəflər özü həll edəcəkdisə, o zaman ATƏT-in Minsk qrupu nəyə lazımdır? Həmsədrlərin problemin həlli ilə bağlı uzun illik vasitəçiliyi heç bir nəticə vermirsə, o zaman biz bunu necə həll etməliyik? Təbii ki, Azərbaycanın problemin həlli ilə bağlı çox güclü hərbi potensialı var. Amma məsələnin sülh yolu ilə həlli mövqeyi ortadadırsa, o zaman bunu necə anlamaq olar? Azərbaycanın 20 faiz torpaqları işğal altındadır və 25 ildən artıqdır ki, Ermənistan problemin həlli ilə bağlı heç bir kompromisə getmir. İndiki məqamda məsələnin iki həll variantı var. Ya Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad etməlidir, ya da Minsk qrupunun həmsədrləri, Rusiya düşmən ölkəyə təzyiq göstərməlidir. Bu məsələdə biganəlik nümayiş etdirmək olmaz. Bu baxımdan, Lavrovun bu fikri bir sıra suallar doğurur”.
Politoloq Azərbaycan və Ermənistan XİN başçılarının Krakovda keçiriləcək görüşü öncəsi belə fikirlərin irəli sürülməsinin təsadüfi olmadığını diqqətə çatdırdı: "Lavrov Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutacaq görüş öncəsi yumşaq mühit yaratmaq istəyib. Rusiya XİN başçısı məsələni qıcıqlandırmaq istəmir. O anlayır ki, nazirlər görüşməli, müzakirələr aparılmalı, mövqelər bildirilməlidir. Bu baxımdan düşünürəm ki, Lavrovun fikirləri görüş ərəfəsində yumşaq şəraitin yaranmasına cəhddir”. \\kaspi.az\\