Bankların “müştəri ovu” - Yeni mövsüm başladı

11-06-2018, 10:30           
Bankların “müştəri ovu” - Yeni mövsüm başladı
Ölkədə fəaliyyət göstərən bankların yenidən kredit siyasətini bərpa etməsi ciddi problemlərə yol açır.

Nəzərə alsaq ki, banklar hələ də düşdükləri böhran vəziyyətindən çıxa bilməyiblər, bu onların problemlərini bir qədər də artıracaq. Xüsusilə də problemli kreditlərin həcminin artmasına zəmin yaradacaq. Məlumdur ki, ölkədə biznes mühiti yox səviyyəsindədir. Bu da bankların kredit bazarının ciddi şəkildə azalması deməkdir. Çünki banklar aktivlərini əsasən biznesə yatırmalıdır ki, təhlükəsiz gəlir əldə etsinlər. Digər tərəfdən, hazırda biznes kreditləri də riskli sahəyə aid edilir.

Bankların yeganə çıxış yolu yenidən istehlak kreditlərinin verilməsidir ki, bu da mövcud durumda heç də əlverişli sayılmır. Çünki əhalinin gəlir və xərcləri bankların mövcud faiz dərəcəsi ilə adekvat deyil. Bu da alınan kreditlərin geri qaytarılmasında ciddi problemlər yaradır. Bəs belə bir vəziyyətdə banklar niyə aktivlərini kreditə yatırırlar? Bunun bir neçə obyektiv və subyektiv səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, Azərbaycan banklarının kredit gəlirlərinə alternativ olacaq gəlir qaynağı yoxdur. Ancaq bu prinsip normal biznes mühit olduğu zaman effekt verir. Digər və ən başlıca səbəb isə bankların aktivlərini yatırmaq üçün alternativ sahə yoxdur.

Məsələn, səhmlərin alınması, investisiyaların yatırılması və sair kimi sahələrdə Azərbaycan bankları demək olar ki, iştirak etmir. Bütün bunlar isə onu deməyə əsas verir ki, banklar məcbur qalaraq “problemli kredit” riskinə gedirlər. Məsələnin digər bir tərəfi isə bankların kredit şərtlərini ciddi şəkildə ağırlaşdırmasıdır. Artıq banklar kredit verdiyi şəxslərin ödəmə qabiliyyətini daha dərindən yoxlayır və ancaq ondan sonra yeni kredit xətti açır. Banklar bununla da borc olaraq verdikləri aktivlərini qorumağa çalışır. Bu həm də zamanında bankların yanlış kredit siyasəti apardığının göstəricisidir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sektorunun 2018-ci ilin aprel ayı üzrə açıqladığı icmal göstəricilərinə əsasən, 30 aprel 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,7 milyard, öhdəlikləri isə 23,8 milyard manat təşkil edib. Sektorun balans kapitalı 3,9 milyard manat, əhalinin əmanətləri isə 7,8 milyard manat olub. 2018-ci ilin aprel ayı ərzində bank sektorunun aktivləri 0,9 faiz (256 milyon manat), öhdəlikləri 1,1 faiz (258 milyon manat) azalsa da, kapitalı 0,04 faiz (2 milyon manat) artıb. Ümumi halda cari ilin ilk 4 ayını 57,1 milyon manat xalis zərərlə başa vurub. Bu isə o deməkdir ki, banklar hələ də böhran vəziyyətindən çıxa bilməyiblər. Ekspertlər hesab edir ki, bankların kredit siyasətinə yenidən ciddi şəkildə maraq göstərməsinin də əsas səbəbi məhz yaranan zərəri kredit gəlirləri ilə kompensasiya etməkdir.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində bankların kredit məsələsində kifayət qədər ehtiyatlı davrandığını deyib: “Ümumi götürsək, bankların əsas gəlir mənbəyi elə kredit olmalıdır. Normal halda banklar kredit verməlidir. Azərbaycanda bankların kredit siyasəti kifayət qədər ehtiyatlıdır.

Artıq hər kəsə necə gəldi kredit vermirlər. Düşünmürəm ki, bankların indi verdikləri kreditlər böyük ölçüdə problemlə üzləşəcək. Amma təbii ki, bankların verdiyi kreditlərin müəyyən bir hissəsi problemlə üzləşib, problemli kreditə çevrilə bilər. Bu dünyanın hər yerində belədir. Sadəcə olaraq bir müddət öncə Azərbaycanda bu həddindən artıq çox idi. Ancaq düşünmürəm ki, bu gün bankların verdiyi kreditlərin böyük bir hissəsi problemli kreditə çevriləcək”.

Ə.Həsənov Palatanın banklara ciddi şəkildə nəzarət etdiyi qənaətindədir: “Problemli kredit məsələsi bu illər ərzində banklara kifayət qədər dərs oldu. Digər tərəfdən, nə qədər tənqid etsək də, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) banklara Azərbaycan Mərkəzi Bankından daha yaxşı nəzarət edir. Buna görə də yeni kreditlərin böyük ölçüdə problemlə üzləşəcəyini gözləmirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.