İxracın həcmi artıb, qazanc isə yox... – Nazirlik nümayəndəsi

8-10-2018, 19:07           
İxracın həcmi artıb, qazanc isə yox... – Nazirlik nümayəndəsi
Ötən illə müqayisədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracında həcm artıb, 8 ayın statistik məlumatına görə, ənənəvi olaraq, əsas ixrac olunan məhsulların ünvanı isə dəyişməyib.

Bu sözləri Teleqraf.com-a arıçılıq məhsullarının 19-cu sərgi-satış məhsullarının yarmarkasının açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, ən çox ixrac olunan kənd təsərrüfatı məhsulu pomidor, bundan başqa meyvə, təmizlənmiş fındıq və pambıq liftidir: “İlk səkkiz aya görə 186 milyon dollarlıq pomidor, 129 milyonluq meşə fındığı və 57, 7 milyon dollarlıq pambıq lifti ixrac olunub.

Nəzərə alsaq ki, pambıq yığımı indi başlayıb və bu rəqəmin pomidorda da, meşə fındığında da artacağı gözlənilir. Ümumi rəqəm olaraq təxminən 3-5 faiz arasında artım var. Qonşu ölkələrdəki maliyyə sabitliyinin pozulması bizim ixracata təsir göstərməyib.

Kənd təsərrüfatı məhsullarında fermerlər əvvəlki kimi qazana bilməyib, çünki yerli valyutalar, İranda, Türkiyədə, əsasən də bizim üçün ənənəvi bazar olan Rusiyada maliyyə sabitliyi pozulub. Amma alternativ bazarın yoxluğuna və mövcud bazarlarda bizim məhsulların mövqeyi daha möhkəm olduğuna görə yenə ənənəvi məhsullar ixrac olunur. İndiki rəqəm təxminən 380 milyon dollardır, məncə, ilk səkkiz ay üçün bu, proqnozun üstündədir”.

Emal sənayesinin inkişafı məsələsinə toxunan nazirlik rəsmisi qeyd edib ki, istənilən halda emala diqqəti artırmaq lazımdır, bu, fermer üçün rahatlıq deməkdir: “Etiraf edək ki, Rusiya çox böyük bazardır, Rusiyada qiymətlərin hər hansı bir formada dəyişməsi bizim fermerlərə təsir edir.

Emala yönəlmək ilk növbədə fermerdən asılıdır. Fermerlərin təfəkkürü dəyişməlidir ki, məhsulu becərməzdən əvvəl onun bazarı barədə fikirləşsin.

Bizdə adətən hansı məhsul baha olursa, gələn il hamı ondan əkir və nəticədə məhsul o qədər bol olur ki, ziyan edir. Biz də nazirlik olaraq bu amili nəzər alırıq. Bunun üçün prezidentin fərmanı ilə Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb ki, əsas missiyası bazarı təhlil etmək, hansı məhsula tələbat olacağını əvvəlcədən proqnozlaşdırmaq və fermerlərə bunla bağlı tövsiyə verməkdir.

Burda təkcə daxili bazar deyil, eyni zamanda xarici bazarda nəzərə alınır. Biz çalışacağıq ki, fermerlərlə təlim keçiləndə bu tövsiyələri verək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.