İsmayıllı şagirdləri Cənub zonasına “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində səfərə çıxıblar.

14-11-2019, 09:40           
İsmayıllı şagirdləri Cənub zonasına “Ölkəmizi tanıyaq” tur-aksiyası  çərçivəsində səfərə çıxıblar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 6 ildə 11 tur-aksiya təşkil edilib. İsmayıllı şagirdləri Cənub zonasına – Lənkəran, Masallı və Astara rayonlarına 13 noyabr 2019-cu il tarixdə “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya çərçivəsində səfərə çıxıblar.
Tur-aksiyada rayonun coğrafiyasını əsasən əhatə edən 40 nəfər IX-X sinif şagirdi iştirak edir. Onları 4 nəfər tarix və coğrafiya ixtisaslı müəllim və bir nəfər həkim müşaiyət edir.
Ölkəmizi tanımağa gedən şagirdlər və onların valideynləri ilə rayon icra hakimiyyətinin rəhbərliyi Heydər Əliyev Mərkəzində görüşüb. Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova görüş iştirakçılarına ölkə başçısının təhsilə, gənclərin inkişafına, yeni-yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə tükənməz qayğı göstərməsindən, Dövlət başçısı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” hökmünün siyasi və tarixi əhəmiyyətindən danışıb. Tur-aksiya iştirakçıları və valideynlərdən bir neçə nəfər çıxış edərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya xalqın, xüsusilə gənc nəslin tale məsuliyyətini ən yüksək səviyyədə yaşadıqlarına görə minnətdarlıqlarını bildiriblər.
Şagirdlər rayon icra hakimiyyətinin rəhbərliyi və müəllimləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Saat 0730-da tur-aksiya iştirakçıları avtobuslara əyləşib Vətənimizin Cənub zonasını daha yaxından tanımağa yola düşüblər. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tur-aksiya iştirakçılarını səmimi sözləri və istiqamətverici çıxışı ilə yola salıb.
İsmayıllı şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Afət Vəliyevanın anası Ofelya Alıyeva layiqli bir həyat yaşayan Azərbaycan vətəndaşı kimi bu həyatın təminatçısı Prezident İlham Əliyevə minnətdar olduğunu bildirib. Deyib ki, xoşbəxt valideynlərik ki, övladlarımız da hərtərəfli qayğı ilə əhatə olunub. Tur-aksiya da bu qayğının bir təzahürüdür.
Təzəkənd tam orta məktəbinin IX sinif şagirdi Aysel Bağırlı: - Yaxşı təhsil almağımız üçün nə imkandırsa, Prezidentimiz İlham Əliyev edir. Heç bir həyati çətinliyimiz yoxdur. Vətənə borcumuz çoxdur. Bu borcu yerinə yetirməkdə “Ölkəmizi tanıyaq” tur-aksiyası bizə ən yaxşı köməkdir. Vətəni dərindən sevmək üçün onun hər bölgəsini yaxından tanımaq lazımdır. Bu tanışlıq üçün cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən tur-aksiya geniş imkanlar açır. Minnətdarıq dövlətimizin başçısına.
İsmayıllı şəhər 5 saylı məktəbin X sinif şagirdi Rauf Xəlilov: - Dərsliklər, coğrafiya və tarix müəllimlərinin vasitəsilə ölkəmizi tanıyırıq. Bu hələ tam tanışlıq deyil. Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiya Vətənimizi, onun bir-birindən fərqli, zəngin hər bir güşəsini tanımaqda biz şagirdlərə geniş imkanlar verir. Biz də ölkəmizi qələbədən qələbəyə inamla aparan möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq. Azərbaycanımıza layiq övladlar olacağıq.




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.