Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...

Bu gün, 00:06           
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan səfirlərin Qafanda keçirilən illik toplantısına qatılıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir çıxışında avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər nəticəsində əldə olunan razılaşmalar barədə danışıb.
Ararat Mirzoyan Ermənistanın Azərbaycanla ilkin razılaşmasına toxunaraq, bərqərar olmuş sülhün Ermənistan və region üçün əhəmiyyətini vurğulayıb.
Xarici işlər naziri iddia edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin davamlı şəkildə həyata keçirilməsi və sülhün təmin olunması İrəvanın əsas məqsədidir.
A.Mirzoyan regional nəqliyyat dəhlizlərinin açılmasının yaratdığı imkanlara, bu məqsədlə Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin həyata keçirilməsi istiqamətində görüləcək işlərə diqqət çəkib.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, həm Nikol Paşinyanın, həm də Ararat Mirzoyanın son açıqlamaları göstərir ki, hazırda Ermənistan üçün sülh prosesi olduqca böyük əhəmiyyət daşıyır:
"Ermənistan daxilində sülh prosesinə mane olmaq istəyən kifayət qədər ciddi qüvvələr mövcuddur. Bu qüvvələrin sırasına erməni kilsəsi, erməni oliqarxiyası və radikal revanşist siyasi düşərgə daxildir. Onların əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh prosesini ləngitməkdir. Bu qüvvələr 10 illiklər boyu bu mövzu üzərində manipulyasiyalar edərək küllü miqdarda maliyyə vəsaitləri qazanıblar. Onlar gələcəkdə də bu vəsaitlərin özlərinə yönəlməsini təmin etməkdə maraqlıdırlar.
Üstəlik, erməni kilsəsi, erməni oliqarxiyası və radikal revanşist siyasi düşərgə birbaşa Rusiya kəşfiyyatının agentura şəbəkəsi kimi fəaliyyət göstərir. Həmçinin Kremldən gələn bütün təlimatları dərhal yerinə yetirməyə çalışır.
Ancaq Paşinyan hakimiyyətinin hədəfləri konkret və aydındır. Paşinyan artıq anlayır ki, sülh prosesi uğurla başa çatmadan Ermənistanın inkişaf perspektivlərini reallaşdırması mümkün deyil. Birincisi, Ermənistan indiki blokada şəraitindən çıxa və Rusiyadan asılılıqdan xilas ola bilməz. Buna görə də Paşinyan hakimiyyəti pragmatik siyasət yürüdərək Azərbaycan və Ermənistan arasında yekun sülhün imzalanmasına yönəlik cəhdlər göstərir. Həmin istiqamətdə konkret addımlar da atılmağa başlanıb. Baş nazir Nikol Paşinyan bir müddət öncə bəyan etdi ki, Ermənistanın konstitusiyası dəyişdirilməlidir. Rəsmi Bakının da əsas tələb ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanmasından öncə konstitusiyadakı Azərbaycana qarşı ərazi iddiaları ləğv olunsun.
Paşinyan hakimiyyəti növbəti parlament seçkilərindən sonra, əgər hakimiyyəti qoruyub saxlaya bilsə, referendum keçirməyə hazırlaşır. Bu referendum konstitusiyanın dəyişdirilməsi və yeni konstitusiyanın qəbuluna hazırlıq prosesinin başlanğıcı kimi qiymətləndirilir".

Analitikin fikrincə, Paşinyan hakimiyyəti hazırda Ağ Evdə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin paraflanması barədə bəyanata sadiq qalmağa çalışır:
"Bəyannamənin yaxın gələcəkdə yekun sülh müqaviləsinin imzalanması ilə nəticələnməsi üçün son maneələrdən biri konstitusiya dəyişiklikləridir. Paşinyan hakimiyyəti artıq bu mövzunu Ermənistan cəmiyyətinə çatdırmağa başlayıb. Cəmiyyətə açıq mesaj verilir ki, Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması Ermənistanın mənafeyinə tamamilə uyğundur. Bu, həm ölkə vətəndaşlarının təhlükəsizliyini təmin edəcək, həm də Ermənistanın blokadadan çıxmaq imkanlarını artıracaq. Eyni zamanda, Ermənistan öz sərhəd qonşuları, o cümlədən Azərbaycan və Türkiyə ilə geniş iqtisadi-ticarət əlaqələri quraraq inkişaf imkanları qazanacaq. Paşinyan hakimiyyəti bu faktorları seçki platformasında da gündəmə gətirir. Ermənistan cəmiyyətinin sülhə nə qədər hazır olub-olmadığı növbəti parlament seçkilərində aydınlaşacaq.
Əgər seçkilərdə Paşinyan hakimiyyətinə dəstək göstərilərsə, bu, Ermənistan cəmiyyətinin onun siyasətini və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini göstərəcək. Əks halda, Rusiyanın agentura şəbəkəsi rolunu oynayan radikal revanşist siyasi düşərgə dəstəklənərsə, Ermənistan yenidən sülh prosesindən yayınmağa çalışacaq. Nəticə etibarilə Cənubi Qafqazda gərginlik riski artacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru