Milli dövlətçilikdə yeni nəfəs

2-09-2022, 11:18           
Milli dövlətçilikdə yeni nəfəs
Xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də dahi lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanmışdır.
Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən sovuşdurdu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
¬Ümumilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan və Naxçıvan parlamentlərinə seçki kampaniyası ilə bir vaxta düşdü. Naxçıvanlı seçicilər qürur və iftixarla böyük dövlət xadimini hər iki parlamentə deputat seçdilər. Ulu öndərimizin rəhbərliyi ilə Naxçı¬vanda dövlət quruculuğu və idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüldü.
Hələ 1990-cı ilin 17 noyabrında keçirilən sessiyada Heydər Əliyev sıravi deputat kimi fəaliyyət göstərsə də, sessiyanın aparılması məhz ona həvalə olunmuş və burada ulu öndərimizin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilmişdi. “Naxçıvan Muxtar Sovet Sosialist Respub¬likasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” və “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarlar Azərbaycan xalqının müstəqillik və milli dövlətçilik yolun¬da qəbul edilən ilk rəsmi sənədlər idi.
Ulu öndərin sədrliyi ilə keçirilən həmin ses¬siyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan MR-in Dövlət Bayrağı kimi təsis edilmiş və Azərbaycanın Ali hakimiyyət orqanları qarşı¬sında dövlət rəmzləri haqqında qərar qəbul edilməsi vəsatəti qaldırılmışdı.
Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan MR Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Həmin gün Ali Məclisin binası önünə toplanmış xalq kütlələrinin ciddi tələbi, muxtar respublika deputatlarının fəallığı və Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə Qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı qeyd olunmuş və onların adları açıq göstərilərək məsuliyyətə cəlb edilmələri tələb edilmişdi.
1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-nın ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarıldı. Ulu öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Heydər Əliyev Naxçıvan MR-nın rəhbəri olduğu dövrdə muxtar respublikada elmin, təhsilin, mədəniyyətin, siyasi maarifçiliyin ictimai faktora çevrilməsi, inkişaf etdirilməsi məsələlərinə əhəmiyyət verilmiş, bu sahələrdə ciddi, yaddaqalan tədbirlər həyata keçirilmişdi.

Aysel Mənsimova - politoloq
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.