Yeni Qanun siyasi sistemi daha da təkmilləşdirilməsinə xidmət edəcək - İsrafil Kərimovun yazısı

17-01-2023, 17:40           
Yeni Qanun siyasi sistemi daha da təkmilləşdirilməsinə xidmət edəcək -
Yeni Qanun siyasi sistemi daha da təkmilləşdirilməsinə xidmət edəcək
Məlumdur ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun ilk
dəfə 31 il əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilib. Bu Qanun həmin
dövrün tələblərinə uyğun olsa da, qəbulundan ötən bu illər ərzində sürətlə
dəyişən Azərbaycanın yeni siyasi tələblərinə artıq cavab vermir. Ona görə
də “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbuluna ciddi zərurət
yaranmışdı. Bu mənada, “Siyasi partiyalar haqqında” yeni Qanun həm
formalaşan yeni siyasi tələblərə uyğundur, həm də qanunvericilik
sahəsində də siyasi sistemin təkmilləşdirilməsini real hadisəyə çevirir.
Hələ bir müddət öncə Milli Məclisdə təmsil olunan bütün siyasi
partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun
layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər.
Məhz bundan sonra Venesiya Komissiyasının rəy və qərarları, 24 ölkənin
təcrübəsi, 47 siyasi partiyanın 250-dən çox, deputatlar tərəfindən irəli
sürülmüş 100-dən çox təklif əsasında hazırlanmış “Siyasi partiyalar
haqqında” Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Mili Məclisin
saytında yerləşdirildi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ictimai rəy
sorğusu keçirildi, sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun
layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının,
politoloqların və media nümayəndələrinin iştirakı ilə iki ictimai dinləmə təşkil
edildi.
Qanun layihəsinə məhz həmin dinləmələrdən sonra 70-dək, Milli
Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və
dəyişikliklər edildi. Qeyd edilməlidir ki, Venesiya Komissiyasının sırf siyasi
partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si
Qanun layihəsində nəzərə alınıb. Qanun yaradıcılığı prosesində yalnız
deputatlar deyil, siyasi partiyaların nümayəndələrinin, ictimaiyyətçilərin də
iştirakı da onu göstərir ki, “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi və
sosial-ictimai zərurət olaraq ərsəyə gəlib.
“Siyasi partiyalar haqqında” Qanun layihəsi həm də sosial şəbəkələrdə
də geniş şəkildə müzakirə olunub, bir çox statuslar yazılıb, rəylər bildirilib.
Bu zaman yalnız radikal müxalifət nümayəndələri aqressiv, dağıdıcı,
düşmən münasibəti ortaya qoyublar və süni ictimai narazılıq mühiti
formalaşdırmağa cəhdlər ediblər. Qanun layihəsi ilə bağlı cəmiyyətin
ictimai-siyasi kəsiminin müsbət rəyinə baxmayaraq, radikallar bu dəfə də
yalnız qaralama, ləkələmə metoduna üstünlük veriblər. Bu da səbəbsiz
deyil. Çünki “Siyasi partiyalar haqqında” yeni Qanunun tələblərinə görə
radikal müxalifət nümayəndələri partiya olaraq özlərini təsdiq edə
bilməyəcəklər. Məsələn, “Siyasi partiyalar haqqında” yeni Qanunda
göstərilir ki, siyasi partiyalar hakimiyyətin zorla ələ keçirilməsi və ya
saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edə bilməz.
Yaxud da ki, siyasi partiyalar qanunun tələbinə uyğun olaraq 5000 üzv
sayını təmin etməlidir. Radikal müxalifət reyestr üçün tələb olunan sayı
təmin etmək gücündə deyil. Sosial bazalarının olmaması səbəbindən
onların təşkil etdiyi aksiyalara gələnlərin sayı da buna açıq süburdur.
Yeni qanunla siyasi partiyaların beynəlxalq təşkilatlar, xarici dövlətlər,
xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən
maliyyələşdirilməsi də qadağandır. Bəs, görəsən radikal müxalifət bu
maddələrlə bağlı nə edə biləcək? Axı, hər kəs bilir ki, onların maliyyəsi
xarici mənbələr hesabına formalaşır, bu da artıq faktlarla sübut edilib.
Həmçinin, yeni qanunla siyasi partiyaların fəaliyyəti əsasən
seçkilərdə iştirakla bağlı olacaq. Ölkədəki radikal müxalifət isə seçkilər
zamanı “boykot”la özünü sığortalamağa çalışır. Bir sözlə, “Siyasi partiyalar
haqqında” yeni Qanun beynəlxalq standartlara cavab verir, siyasi
partiyaların şəffaf və təkmilləşdirilmiş formada həyata keçirməsinə əlverişli
şərait yaradır. Bu qanun həm də ölkənin siyasi sistemini təkmilləşdirməklə
yanaşı onu xarici təsirlərdən qoruyur, aqressiv, dağıdıcı, radikallar
elementlərin formalaşan siyasi konfiqurasiyaya müdaxiləsinə imkan vermir.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.