İki ölkə arasında əməkdaşlıq üçün çox möhkəm platforma qurulub
20-01-2023, 09:08
Ənənəvi Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər, verdiyi müsahibələr həm iqtisadi və həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. Dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminde oz layiqli yerini tutması üçün vacib şərtlərdən biridir.
Davos səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Yanvarın 17-də baş tutan müsahibədə bir çox məsələlərə münasibət bildirən Preziden İlham Əliyev müxbirin “Azərbaycanı və Çini bir-birinə daha uzun müddətə dayanıqlı şəkildə yaxınlaşdıracaq əməkdaşlıq fəaliyyətini necə görürsünüz?” sualına “Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq” deyə cavablandırdı.
İnfrastruktur, enerji və tikinti sahələrində investisiyalarla bağlı sualına isə Prezident İlham Əliyev: “Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir” deyə fikir bildirdi.
Prezident İlham Əliyev “Bir kəmər , bir yol” layihəsi haqqında fikirlərini bildirərkən bunları söylədi: “Əvvəla, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik.Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq”.
Müsahibənin sonunda Prezident İlham Əliyev Çin təqvimi ilə Yeni il münasibətilə Çin xalqını təbrik edərək bunları söylədi. “Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik etmək istəyirəm. Bütün Çin xalqına sülh, firavanlıq və uğur diləyirəm. Azərbaycan olaraq biz sizin dostunuz və tərəfdaşınızıq. Bizim uzun illərdir ki, çox yaxşı münasibətlərimiz var. Biz sizin ölkənizi sevirik və şadıq ki, getdikcə daha çox azərbaycanlı Çinə səfər edir. Bununla yanaşı, Çindən gələnlərin də sayı artır. İnsanlar arasında təmaslar daha sıx siyasi münasibətlərin qurulmasında vacib rol oynayır. Əminəm ki, Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək. Yeni iliniz mübarək”
Könül Əfəndiyeva – YAP üzvü
Teref.az