Davos Forumu Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün önəmli platformadır

20-01-2023, 17:09           
Davos Forumu Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün önəmli platformadır
Bu il yanvarın 17-dən etibarən İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun illik toplantısı öz işinə başlayıb. Dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısının iştirak etdiyi bu nüfuzlu toplantıya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəvət alıb.
İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.
Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzindədir.
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Öz çıxışında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışdır.
Böyük tranzit imkanları olan ölkə kimi bu gün Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələt Dəniz limanı yaxın gələcəkdə 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Bununla əlaqədar hazırda Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlanılıb.
Qeyd edilib ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi iş gedir. Xüsusilə nəqliyyat sahəsinin genişlənməsi ölkənin ixrac imkanlarını şaxələndirməyə imkan verəcəkdir. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaqdır. Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir və bu istiqamətdə ciddi işlər aparılır. Bu gün Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir.
Keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue FutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu istiqamətdə işlər davam edir və ölkəmiz üçün yeni perspektivlər açılır. Bütövlükdə isə builki Davos Forumu bir daha Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün önəmli platformadır.


Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.