Türk dünyasının inkişafında önəmli rol oynayan Zirvə görüşü

19-03-2023, 08:57           
Türk dünyasının inkişafında önəmli rol oynayan Zirvə görüşü
Son illərdə Qoşulmama Hərəkatında liderlik mövqeyi Azərbaycan üçün geniş geosiyasi müstəvidə böyük imkanlar yaradıb. Beynəlxalq münasibətlərdə Azərbaycanın mühüm rol oynadığı platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır. Belə ki, qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Ona görə də Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ilin mart ayının 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü bu baxımdan yeni yüksəliş dövrünün başlanğıcı sayıla bilər.
Qardaş Türkiyədə baş vermiş məlum zəlzələ faciəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Azərbaycan-Türkiyə münasibətlərinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimiz həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub. Prezident şərəfli Vətən müharibəsindən danışaraq Rəcəb Tayyib Ərdoğanın ilk anlardan başlayaraq son günə qədər göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini xüsusi vurğulayıb.
Bununla yanaşı, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında oldu. Prezident daha sonra qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dəhşətli zəlzələnin, onun yaratdığı ağır fəsadların Azərbaycan dövləti və xalqı tərəfindən ürək ağrısı ilə qarşılandığını söyləyib. Prezidentin qeyd etdiyi kimi, ilk andaca Azərbaycan dövləti bütün varlığı ilə Türkiyənin yanında oldu. İstər dövlət, istər vətəndaşlarımız bir sinədə döyünən Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olundu.
Azərbaycandan xilasedicilər, tibb personalı və könüllülər də daxil olmaqla 940 nəfər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. Həmçinin, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb.
Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat məbləğində yardım göstərilib.
Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev Türk dünyasının türk dövlətlərinin hüdudları ilə məhdudlaşmadığını, daha böyük coğrafiyanı əhatə etdiyini bildirdi. Belə ki, dünyada yaşayan azərbaycanlıların 50 milyondan çox olduğunu bəyan edən ölkə başçısı cəmi 10 milyonun Azərbaycanda yaşadığını, qədim türk yurdu olan Qərbi Zəngəzurun sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini Türk dünyasının coğrafi cəhətdən ayrılması kimi dəyərləndirdi.
Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Ankarada keçirilən Fövqəladə Zirvə görüşü Türkiyə - Azərbaycan müttəfiqliyinin və bütövlükdə Türk dünyasının inkişafında önəmli rol oynayacaq. Son zirvə görüşü TDT-nin yüksəlişində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həm beynəlxalq müstəvidə, həm də Türk dünyasında liderliyini təsdiq etmiş oldu. Eyni zamanda, bütün dünya birliyinə göstərildi ki, bu iki liderin timsalında Azərbaycan-Türkiyə müttəfiqliyi kimi qardaşlıq nümunəsi yoxdur.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.