Laçin: tarixi qələbənin yekunu - İsrafil Kərimovun yazısı

24-11-2023, 10:55           
Laçin: tarixi qələbənin yekunu -
1992-ci il mayın 18-də işğal edilmiş Laçın rayonu Azərbaycanın
strateji bölgəsi idi. Laçının və eləcə də Kəlbəcərin işğalı Ermənistanla
Qarabağ arasında quru əlaqəsi yaranmışdı. Bu da öz növbəsində
Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı. Laçının işğalı
nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kəndi düşmən tapdağı altında qaldı,
döyüşlərdə 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü.
79.1 min nəfər rayonun əhalisi respublikanın 57 şəhər və rayonunda
müvəqqəti məskunlaşdılar.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi
zamanı Laçın və Kəlbəcər rayonlarının da müəyyən hissəsi rəşadətli
ordumuz tərəfindən azad olunduqdan sonra Prezident İlham Əliyevin
diplomatik səyləri ilə bu rayonlar tamamilə düşmən işğalından xilas
olundular. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin
2020-ci ilnoyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan
Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Şanlı
Qələbəmiz və üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın
rayonlarının bir güllə atmadan düşmən işğalından azad edilməsi möhtəşəm
zəfərin nişanəsi, ölkə başçısının dahi siyasətinin nəticəsi oldu.
Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan Kəlbəcər və Laçın
kimi digər rayonları da işğaldan azad etməklə zəfər, qələbə tarixi yazdılar.
Azərbaycan illərdir silahlanan işğalçı Ermənistanı məğlub etdi. İllərdir özləri
haqqında mif formalaşdırmış düşmən ordusunu, Köçaryanı, Sarkisyanı,
Ohanyanı rəzil vəziyyətinə saldı. Azərbaycan erməni vəhşiliyini, faşizmini
də məhv etdi. İllərdir ədalətin təmin olunmasına mane olan Ermənistan
havadarlarınının təzyiqlərinə baxmayaraq, BMT TŞ qətnamələrini də
həyata keçirdi. Eyni zamanda, təxminən 30 il öncə torpaqlarımızı satmış
AXC-Müsavat cütlüyünün vurduğu milli zərər, qeyrət ləkəsi təmizləndi.
Prezident İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad olunmuş
digər rayonlar kimi Laçın da bərpa olunur, cənnətə çevrilir. Dövlətimizin
başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci il
avqust ayının 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində
uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində
tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava
Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun
cənnətə çevrilməsi prosesinin sürətlə reallaşdırıldığını isbat edir və
Azərbaycan hakimiyyətinin iradəsini nümayiş etdirir.
2022-ci il iyunun 26-da və sentyabrın 21-də Müzəffər Ali Baş
Komandan İlham Əliyevin azad olunmuş Laçına növbəti səfərləri zamanı
isə ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, “Qorçu”
elektrik yarımstansiyasında görülən işlər, Laçın Beynəlxalq Hava
Limanında aparılan tikinti işləri, uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın
avtomobil yolunda yeni inşa edilən tunel və “Həkəriçay” su anbarı layihəsi
ilə tanıçlığı olmuş, Laçın şəhərində Azərbaycan Bayrağını ucaltmış və
Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının
təməlqoyma mərasimində iştirak etmişdir.
Bu il də ölkə başçısı bir neçə dəfə Laçın rayonuna gələrək burada
həyata keçirilən quruculuq işlərinin gedişatı ilə tanış olub, bir sira
tədbirlərdə iştirak edib. Belə ki, mayın 4-də Prezident İlham Əliyevin iştirakı
ilə Laçın rayonunun Güləbird kəndinin təməli qoyulub.
Mayın 27-də dövlətimizin başçısı Zabux kəndində aparılan tikinti işləri
ilə, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub,
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın” şəhər
yarımstansiyasının, 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının, “Mişni”
və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında açılışında, Şəlvə
kəndinin, Qorçu qəsəbəsinin təməlqoyma mərasimlərində, avqustun 25-də
birinci xanım Mehriban Əliyeva ilə birlikdə Laçın rayon 2 nömrəli tam orta
məktəbinin, Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın, “Hoçazfilm”
yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayonunun sənaye
zonasında mebel fabrikinin açılışında, Laçın şəhərinə yaxın ərazidə inşa
ediləcək mehmanxana kompleksinin təməlqoyma məqasimində iştirak edib,
Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı
kilometrliyinədək olan hissəsində görülən işlərlə, Laçın Beynəlxalq Hava
Limanında tikinti işlərinin gedişi ilə tanış olub. Ertəsi gün dövlətimizin
başçısı və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun Zabux
kəndində görülmüş işlərlə tanış olaraq burada kənd sakinləri ilə görüşüblər.
Həmçinin Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının
qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak
ediblər.
Qeyd edilməlidir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında azad
edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min
manat vəsait sərf edilib. Bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən
vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Laçında 7.5 dəfə artırılıb
və hesabat dövründə ən çox vəsait Laçın (983 milyon 43 min manat)
rayonuna ayrılıb.
Rayonda həyata keçirilən işlər, aparılan tikinti-bərpa işlərinin gedişatı
artıq Laçınlıların öz doğma şəhərinə qayıdışına imkan verib. Prezident
İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa
edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanılıb. Belə ki, bu ilin
noyabr ayına kimi Laçın şəhərində 346 ailə, yəni 1326​nəfərin daimi
məskunlaşması təmin edilib. Həmçinin Zabux kəndinə də ümumilikdə 475
nəfər olmaqla 121 ailə köçüb, bu ailələr yeni mənzillərlə təmin olunublar.
Kənd təsərrüfatı rayonu olan Laçın rayonunda heyvandarlığın inkişafı
üçün böyük imkanlar vardır. Artıq üçüncü ildir ki, çobanlar ilə qoyun sürüləri
oraya göndərilir. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və
bol məhsul götürürlər. Bu istiqamətdə işlər davam etdirilir.


Müəllif: İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.