Laçın doğma sahiblərinə qayıdıb
24-11-2023, 12:27
18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edilmişdir. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişdirlər. İşğal nəticəsində 63,341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşmüşdü. Rayonda 8,950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalmışdır.
Azərbaycan 30 ildir bu nisgillə, sağalmaz yara ilə yaşayırdı Bizim də səbrimizin, intizarımızın sonu gəldi. Mənfur düşmənin torpaqlarımıza qarşı növbəti təxribatı nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin verdiyi tapşırıq əsasında illərdir hazırlaşan Ordumuz əks hücum əməliyyatına keçdi.
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə həm BMT Təhlükəsizlik Şurasının yerinə yetirmədiyi missiyası həyata keçirib, həm də tarixi ədaləti bərpa etmiş oldu.
Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunmuşdur.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata müvafiq olaraq noyabrın 20-də Ağdam, ayın 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonları boşaldılaraq Azərbaycana təhvil verilib. Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.
30 ildir yolunu gözlədiyimiz Qarabağ 44 gün davam edən Vətən Müharibəsi nəticəsində öz sahibinə qayıtdı. Bu Vətən müharibəsində canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan oğullarına borcluyuq. Bu günlərdə bütün Azərbaycan xalqı və dünya azərbaycanlılarının qəlbi eyni ümid işığı ilə döyünür və duaları eyni səmaya ucalırdı.
Müharibə müddətində qardaş Türkiyə açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən gələn dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı.
Hal-hazırda rayonda abadlıq-quruculuq işləri görülür, avtomobil yolları, enerji və su təchizatı, daxili infrastrukturlar yaradılır, yaşayış məskənləri salınır. Görülən bütün işlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin başçısı rayona səfər edərək görülən işlərlə maraqlanır və hər səfərində yeni-yeni obyektlərin açılışında iştirak edir və ya da təməlini qoyur. İnanırıq ki, yaxın gələcəkdə Laçın ölkəmizin inkişaf etmiş rayonlarından biri olacaq.
Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Türkan Cümşüdova – YAP üzvü
Teref. Xocanın Blogu