Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlıq modeli
25-11-2023, 16:06
Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən digər türk dövlətləri arasında əməkdaşlığın son illər daha da dərinləşməsi müşahidə olunur. Bu baxımdan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) institusional bir əməkdaşlıq formatdır. SPECA ticai-iqtisadi əlaqələrin genişləndirilməsi və inteqrasiyanın sürətləndirilməsinə imkan yaradır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə kifayət qədər uğurlu əməkdaşlıq modeli var. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında xarici ticarət dövriyyəsinin son illər kəskin artması müşahidə olunur. Digər tərəfdən, qarşılıqlı investisyia qoyuluşları, humanitar sahədə əməkdaşlığı da qeyd etmək lazımdır. Bu, həm də həmin ölkələrdəki stabilliyin və həyata keçirilən müstəqil siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.
Xəzər dənizi bizi ayırmır, əksinə, birləşdirir. Ümumiyyətlə, son dövrlər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsi müşahidə olunur. Bu, həm də nəqliyyat layihələrində özünü göstərir. Birgə layihələrin reallaşması birmənalı şəkildə region üçün yeni imkanlar yaradır.
Azərbaycanı Mərkəzi Asiya dövlətləri ilə əlaqələndirən bir çox amillər var. Əvvəla, bu region dövlətləri ilə bizi vahid tarixi tellər bağlayır və yeri gəlmişkən deyim ki, SPECA qardaş türk dövlətləri ilə daha bir effektiv əməkdaşlıq platformasıdır. İkincisi, bizim bir çox geosiyasi proseslərə regional və daha qlobal anlamda ortaq baxışımız mövcuddur.
İqtisadi baxımdan Azərbaycan bu region ölkələri ilə sıx və intensiv kooperasiyadadır və xüsusilə Özbəkistan və Qazaxıstanla güclənən iqtisadi münasibətlərimiz bunun əyani sübutudur. Azərbaycanın coğrafi yerləşməsi Mərkəzi Asiya üçün böyük üstünlükdür. Aydın məsələdir ki, ölkəmiz bu böyük coğrafiya üçün açar rolunu oynayır. Mərkəzi Asiyada həyata keçirilən böyük layihələri, o cümlədən həm enerji, həm də ticarət marşrutlarını Azərbaycansız təsəvvür etmək çətindir.
Bu reallıq özünü İkinci Qarabağ müharibəsindən sonra daha aşkar göstərir, çünki Azərbaycanın özünün ərazi bütövlüyünü təmin etməsi “Orta dəhliz” adlandırılan qlobal logistika layihəsini aktuallaşdırıb. Bu, faktiki olaraq tarixi “İpək yolu”nun bərpası deməkdir.
Azərbaycan eyni zamanda, enerji mənbələrindən asılı olan Qərb üçün Orta Asiyaya çıxış deməkdir. Özünün yolları, limanı ilə. Bunu Qərbin düşünən beyinləri çox yaxşı anlayırlar.
Bu reallığı dərk edən və Orta Asiyadan xammal gözləntisində olan bəzi dövlətlərin Ermənistandakı revanşist hissləri qidalandırmaqdan əl çəkib, gerçək mənafeləri barədə düşünmələri yaxşı olardı. Azərbaycan sabit siyasi və iqtisadi mühitə, dayanıqlı iqtisadiyyata və sosial rifaha malik ölkədir. Biz bütün sahələrdə yüksəlişdəyik, iqtisadiyyatla yanaşı intellektual və demoqrafik potensialımızı da nəzərə almaq şərti ilə. Odur ki, Azərbaycan həm Mərkəzi Asiya üçün Avropaya, həm də Qərb üçün bu regiona qapı, açar rolunu oynayır. Ölkəmizin əhəmiyyəti olduqca böyükdür.
Toplantıda qeyd edilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
2023-cü ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaqdır.
Sonda Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə görüşününün yekunu olaraq Bakı Bəyannaməsi qəbul edilib.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası