SPECA-nın Zirvə görüşünün təşkili Azərbaycan və onun prezidentinin qlobal müstəvidə qələbəsi hesab edilməlidir
25-11-2023, 16:10
Dünyanın bir çox dövlətləri müstəmləkəçiliklə bağlı susduğu bir zamanda Azərbaycan Fransız imperializminə qarşı müavimətin qalasına çevrilir. Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA həftəsi keçirilir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan rəhbərlərinin, Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak etdiyi konfransda önəmli qərarlar verilib, Bakı Bəyannaməsi qəbul edilib. Azərbaycan ard-arda keçirdiyi tədbirlər və qlobal əhəmiyyətli layihələrə ev sahibliyi etməklə nə qədər regional gücə sahib olduğunu bir daha nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edərək çıxış edib. Qeyd edilib ki: "Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində "Qarabağ Ermənistandır və nöqtə" açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi".
Dövlətimizin başçısı bildirib ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar: "Buna cavab olaraq və "boz zona"ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm".
Dövlətimizin başçısı onu da bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik və ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib: "Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq". Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Bir sözlə, Bakıda Prezident İlham Əliyevin sədrliyi ilə yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün təşkil indiki mürəkkəb geosiyasi situasiyada Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin qlobal müstəvidə qələbəsi hesab edilməlidir.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası