SPECA həftəsinə ev sahibliyi Azərbaycanın növbəti qələbəsidir

25-11-2023, 16:13           
SPECA həftəsinə ev sahibliyi Azərbaycanın növbəti qələbəsidir
Noyabr ayının 24-də Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə Bakıda SPECA-nın Zirvə görüşünün təşkil edilməsi indiki mürəkkəb geosiyasi situasiyada Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin qlobal müstəvidə qələbəsi hesab edilməlidir.
Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və coğrafi regiondur. İlk növbədə ona görə ki, Mərkəzi Asiya və Cənubi Qafqaz dünyanın enerji təhlükəsizliyi üçün ən dayanıqlı və ən perspektivli lokasiya hesab edilir. İstər ənənəvi karbohidrogen ehtiyatları, istər uran ehtiyatları, istər alternativ enerji mənbələri baxımdan, habelə Şərqlə Qərb arasında kommunikasiya, təhlükəsiz ticari və nəqliyyat imkanları baxımdan proqrama üzv dövlətlər, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ayrı-ayrılıqda önəm və çəkiləri getdikcə artmaqdadır.
Qlobal gedişat II Dünya müharibəsindən sonrakı qaydalar üzrə davam etmir və bəşəriyyət tamamilə yeni formasiya ilə üz-üzədir. Bildiyiniz kimi, Prezident İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq kifayət qədər önəmli bir mesaj vermişdi: “Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.
Ötən iki il ərzində Şərqlə Qərb arasında ziddiyyətlər soyuq müharibədən sonra özünün ən gərgin dövrünü yaşamaqdadır və hətta prosesləri Üçüncü Dünya müharibəsi kimi qiymətləndirənlər də var. Əlbəttə, belə çətin mərhələlərdə yalnız güclülərin öz maraq və mənafelərini müdafiə edə bilməsi mümkündür. Vətən müharibəsi, sonrakı period, xüsusən antiterror təbirlərinin ardınca yaranan reallıqlar bir daha sübut etdi ki, Prezident İlham Əliyev qüdrətli, özünün dövlət maraqları, xalqın mənafelərini qoruyan və ləyaqətlə təmin edən qüdrətli Azərbaycan dövləti qura bilib.
Təbii ki, bu prosesdə ən önəmli amil Azərbaycanın müstəqil siyasi subyekt olması ilə bərabər, həm də tam suveren iqtisadi imkanlara sahib olmasıdır. Məhz bu məqamlar Azərbaycana heç kimdən asılı olmadan müstəqil şəkildə maraqlarını təmin etməyə imkan verir. Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi bəyan etsə də, başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağın tərəfdarı olsa da, bu gün bir sıra qlobal subyektlər özlərinin qeyri-hüquqi və ədalətsiz mövqelərinin müdafiəsi üçün beynəlxalq normaları ikinci plana keçirməkdə israrlıdır. ABŞ, Fransa, Kanada və sair kimi dövlətlərin öz niyyətlərini realizə etməsi üçün münaqişə ocaqları, separatizm yuvalarının mövcudluğu şərtdir. Vətən müharibəsində Qələbəsi, antiterror təbirləri ilə isə separatizmə son qoymaqla Azərbaycanın yaratdığı yeni reallıqlar bu mənada həmin subyektlərin çirkin maraqlarına zidd idi. Bu baxımdan istər Fransa, istər Avropa İttifaqının ayrı-ayrı strukturları, o cümlədən ABŞ-dan Azərbaycana münasibətdə təzyiqlər selinin şahidi olmaqdayıq. Lakin Prezident İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, əksinə Azərbaycanla qlobal və regional müstəvidə qarşı-qarşıya gəlmək, həmin dövlət və subyektlərin özlərinin maraqlarına zidd situasiyaya çevrilir.
Bakıda Prezident İlham Əliyevin sədrliyi ilə SPECA-nın Zirvə görüşünün təşkil edilməsi, üzv dövlətlərin birinci şəxs qismində, üzv olmayan bəzi ölkələrin rəhbərlərinin fəxri qonaq qismində tədbirə təşrifi, habelə çoxsaylı qlobal təsisatların rəhbərlərinin və nüfuzlu xadimlərinin iştirakı mövcud təzyiq cəhdləri fonunda Azərbaycanın nəinki zəifləmədiyi, əksinə mövqelərini qətiyyətlə gücləndirdiyini ortaya qoydu. Dövlətimizin başçısı bir daha əməli olaraq göstərdi ki, Azərbaycan qocalmaqda, dağılmaqda olan Qərb imperializminə yox, çöküşünü yaşayan Qərb Azərbaycana və Mərkəzi Asiyaya möhtacdır.
Bakı Zirvəsinin özünün perspektivlərinə gəlincə, bildiyiniz kimi, son dövrlər dövlət başçılarının qarşılıqlı səfərləri üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlığın ikitərəfli formatda inkişafını təşviq etməkdə, münasibətlərimizi yeni müstəviyə yüksəltməkdədir. SPECA çərçivəsində fəaliyyət isə həm də paralel olaraq çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit platforma hesab olunur və Qərbin çökməkdə olan qərəzli platformalarından fərqli olaraq hər bir üzv dövlətin xalqlarının mənafelərinin daha etibarlı qorunmasına, rifahın yüksəldilməsinə yönəlib.
Metin Hüseynov - siyasi sərhçi, politoloq
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.