Xalqımız Zəfər seçkilərinə inamla gedir
9-12-2023, 16:39
Prezident İlham Əliyevin dekabrın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə verdiyi sərəncam yeni reallıqlardan irəli gəlir. 2020-ci ilin sentyabr ayında başlanan və cəmi 44 gündən sonra 30 illik işğala son qoyan Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdir. Bu müddət ərzində Azərbaycan çox böyük uğurlara imza atıb. Həm müharibəni, həm də yenidənqurma işlərini təkbaşına aparır. Bütün bu uğurların altında Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzası var. Deməli, indiki növbədənkənar prezident seçkilərini həm də Zəfər seçkiləri də adlandırmaq olar və xalqımız bu seçkilərə də inamla gedir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Ona görə də seçkilərin nə vaxt keçirilməsindən asılı olmayaraq nəticə xalqın istəyinə uyğun olacaq. Bu seçim 2024-cü ildə də, 2025-ci ildə də dəyişməz qalacaq. Ona görə də ölkəmizdə genişlənən inkişafı, Qarabağda aparılan quruculuq işlərini, xarici siyasətimizdə əldə edilmiş uğurları seçkilərlə ləngidməyin mənası yoxdur. Bütün reallıqlar nəzərə alınıb və seçkilərin sadəcə vaxtı irəli çəkilib. Bu sadəcə olaraq vaxt dəyişikliyidir. Azərbaycan xalqı isə öz seçimini edib. Əminliklə demək olar ki, xalqımız bu dəfə də Prezidentimizin yanında olacaq, Ulu Öndərimizin təməlini qoyduğu siyasəti dəstəkləyəcək.
İndiyə qədər Azərbaycanda keçirilən seçkilər tam ədalətli və demokratik keçirilib. Bu gün də seçki mühiti də, ictimai-siyasi sabitlik də bu tədbirin bütün standartlara uyğun keçirilməsinə şərait yaradır.
Hazırda Azərbaycanın qarşısında çox önəmli vəzifələr dayanır. Xarici və daxili çağırışları da nəzərə almaq lazımdır. Gələn il dünyanın demək olar ki, 70-dən çox ölkəsində seçkilər keçiriləcək. Təkcə prezident seçkiləri yox, parlament və bələdiyyə seçkilərinin də keçirilməsi gözlənilir. Heç bir ölkə siyasi tədbirləri dövrün axarına buraxmaq istəmir, zamanı qabaqlamaq tendensiyasını işə salır. Seçkilərə uzunmüddətli hazırlıq prosesi qlobal tədbirlərin, iri layihələrin daha tez, çevik reallaşmasına mane ola bilər. Ona görə də Azərbaycanda sadəcə, vaxt dəyişdirilib.
Prezident seçkilərindən sonra artıq iki il bundan əvvəl startı verilmiş iqtisadi inkişaf, o cümlədən azad edilən ərazilərin yenidən qurulması daha çevik formada davam etdiriləcək. Şərqlə qərbi birləşdirən nəqliyyat dəhlizinin genişləndirilməsi, yeni infrastrukturun yaradılması əsas hədəflər sırasındadır.
Prezidentliyi dövrdə ölkə başçısı İlham Əliyev xalqa verdiyi sözə tam əməl edib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edilib, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanır. Bu seçkilər İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin göstəricisidir.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası