Azərbaycan sülh prosesinə sadiqdir - İsrafil Kərimovun yazısı

1-03-2024, 09:07           
Azərbaycan sülh prosesinə sadiqdir - İsrafil Kərimovun yazısı
Azərbaycanın qazandığı uğurlar, bütün sahələrdə əldə edilən müsbət
göstəricilər onun nəinki regionda, həmçinin dünya miqyasında aparıcı
ölkələr sırasına çıxarıb. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələrini
verən Azərbaycan qitənin aparıcı dövlətlərinin diqqət mərkəzindədir.
Ölkəmizə gələn, onunla əlaqələrin genişləndirilməsinə, işbirliyi qurmaq
üçün təşəbbüs göstərən ölkələrin sayı artır. Növbəti səfər fevralın 28-də
reallaşıb. Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin
rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıya gəlib.
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib. Geniş tərkibli nümayəndə heyətinin
Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi
sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını qeyd
edərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident
İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə
əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi
əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Ölkə başçısı
həmçinin Almaniyanın Kansleri Şoltsun təşəbbüsü ilə bu yaxınlarda
Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh
prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb, bu zaman
Fransadan fərqli olaraq Almaniyanın sülh prosesində neytrallıq nümayiş
etdirdiyini qeyd edib.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən
Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi
bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri
tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli
addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün
ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı
üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat
bəyanatları bizi çox məyus edib. Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə
qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki,
Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.
Cənab Prezidentin vurğuladığı kimi: “Əvvəla, Borrel bu məlumatı haradan
alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə
planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar
Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı
ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir
hissəsidir”. Bildirilib ki, Aİ-nın rəsmisi Borrel və Fransa prezidenti Makron
bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə
sadiqdir. Ona görə də İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra
Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Ölkəmiz sülh yolu ilə
həllin beş əsas prinsipini işləyib hazırlayıb və sülh müqaviləsinin mətninin
layihəsini təqdim edib.
Görüşdə dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan əraziləri 30 il
Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal
edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız
məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan
Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum
qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar
normalara məhəl qoymayıb, Xocalı soyqırımını törədib. 2020-ci ildə
Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və Qarabağda
separatizm yuvasını dağıtdi. Məhz bundan sonra ölkəmiz müxtəlif
istiqamətlərdə, Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən
günahlandırılaraq hücumlara məruz qalıbdır. Öz çıxışında cənab Prezident
Ukrayna hadisələrini misal göstərib. Bu gün Ukrayna öz ərazi bütövlüyünü
bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar
göndərirlər. Bütün qərb ölkələri, ABŞ bəyan edirlər ki, Ukrayna öz ərazi
bütövlüyünü təmin etməlidir. Bu zaman nədənsə Azərbaycanın ərazi
bütövlüyü yaddan çıxır, ikili standartlara önəm verilir. Avropa institutları
tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul
edilir, Azərbaycan isə uzaq tutulur. Səbəb? Çox güman ki, bu da ölkəmizin
İslam dinidir.
Ölkəmiz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən
sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə
heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Bu
qərar da əfsuslar olsun ki, Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü
olan Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub.
Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti
bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-
xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu
nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bu da yalnız Azərbaycana
qarşı yürüdülən ikili standart kimi qəbul edilməlidir. Prezident İlham Əliyev
bildirib ki, əgər bir il ərzində Azərbaycan nümayəndə heyətinin hüquqları
bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə
məsələyə ciddi şəkildə baxa bilərik.
Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlətimizin
başçısı bildirib ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər
Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə
vermək istəyirsə biz minnətdar olarıq.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda
Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi. Təcavüz nəticəsində 20
faiz ərazimiz işğal edidi, şəhər və kəndlərimiz dağıdıldı, bir milyondan artıq
soydaşımız məcburu köçkün həyatı yaşadı. Təəssüflər olsun ki, otuzillik bir
müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya –
həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar.
Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda isə bu üç ölkə
ölkəmizə müxtəlif təzyiqlər göstərməyə başladılar. Onlar Azərbaycan
torpaqlarının azad edilməsini açıq-aydın istəmədiklərini öz fəaliyyətləri ilə
göstərdilər. 2023-cü ilin sentyabrında ölkəmizdə separatizmə son qoyuldu,
ərazilərimiz tam azad edildi və dövlət suverenliyimiz bərpa edildi. Bu zaman
da bu ölkələr yenə öz iç üzlərini göstərdilər. Bu gün də bu davam edir,
xüsusilə ABŞ və Fransa öz ikiüzlü siyasətlərini davam etdirirlər. Ölkə
başçısının bildirdiyi kimi “Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi
olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi,
iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə
işləməlidirlər”.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.