Nəsimi rayon məktəblərində “Narkomaniyaya YOX deyirik” mövzusunda silsilə tədbirlər keçirilir
26-12-2017, 23:56
teref.az - Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” rayon Polis İdarəsi ilə birlikdə 26 dekabr 2017-ci il tarixdə 1 saylı orta məktəbdə şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbirlər keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev, rayon Polis İdarəsinin rəisi Musa Musayev, “Məşədi Dadaş” məscidinin dini icmasının sədri Şahin Həsənli,ATU-nun dosenti baş toksikoloq İsmayıl Əfəndiyev və “Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri” İB-nin sədri Azər Quliyev çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etmişdilər.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbiririn sonunda iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.