"“AA” seriyalı avtomobillərində arxa oturacaqda oturub gəzən bu şəxsə..." - İTTİHAM
23-01-2018, 17:55
Bildiyimiz kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb, keçən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.
Keçən ilin dekabrında isə məlum olduğu kimi Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə Qoşqar Təhməzli təyin olundu.
Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayıb. Qida Təhlükəsizliyi Agentliyi təzə yaransa da artıq qida təhlükəsizliyi sahəsində ilk addımlarını atmağa başlayıb.
Belə ki,Qida Təhlükəsizliyi Agentliyi ilk fəaliyyətində Fransanın “Lactalis Group”un Kraon zavodunun Azərbaycana idxal etdiyi məhsullarla bağlı araşdırma aparıb. Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən verilən məlumata görə beynəlxalq mediada yayılan xəbərlərə əsasən, dünyada üçüncü süd məhsulları istehsalçısı olan Fransanın süd konserni “Lactalis Group”un Kraon zavodunda istehsal olunmuş bütün quru süd və əlaqəli süd məmulatları geri götürüləcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə “Lactalis Group”a məxsus hansı çeşiddə və sayda qida məhsullarının idxal olması ilə bağlı araşdırmalara başlayıb.
2017-ci il ərzində adı çəkilən şirkətin “Picot”, “Milumel” və “Celia” uşaq qidaları və digər süd məhsulları ölkəmizə idxal edilməyib, bu şirkətə məxsus başqa nişanlı süd məhsulları idxal edilib ki, onlardan da götürülən nümunələrin qida üçün yararlı olduğu müəyyən edilib.
Bundan əlavə, “Lactalis Group”un Azərbaycandakı nümayəndəliyi “Lactalis Caspi” MMC-nin təmsilçilərinin Qida Təhlükəsizliyi Agentliyinə verdiyi məlumata görə “Celia” nişanlı qida məhsulları əvvəlki illərdə ölkəyə idxal edilib, lakin 2013-cü ildən etibarən bu məhsulun idxalı dayandırılıb.
Hazırda beynəlxalq şirkətə məxsus digər süd məhsulları idxal edilir. Əlbəttə Qida Təhlükəsizliyi Agentliyinin bütün bu addımları təqdirəlayiqdir və qida təhlükəsizliyi baxımından dövlətçiliyə, vətəndaşların sağlamlığının qorunmasına xidmət edir.
Amma Qida Təhlükəsizliyi Agentliyi yaxşı niyyətlər üçün yaradılsa da onun sədri Qoşqar Təhməzlinin yaxın ətrafının dövlət agentliyi ilə bağlı ümidləri,fikirləri,ən əsas da niyyətləri tam başqadır.Amma bu barədə bir qədər sonra yazımızda bəhs edəcəyik…
Qoşqar Təhməzlinin təyinatı ilə bağlı mətbuatda gedən məlumatda bildirilir ki,o 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur. Azərbaycan Tibb Universitetinin və Qərb Universitetinin Tibb elmləri üzrə fəlsəfə doktorudur, “Medeks” şirkətinin rəhbəridir.
Qeyd edək ki, “Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur.
Amma Google axtarış sistemində Qoşqar Təhməzli yazanda onun haqda demək olar ki, heç bir ciddi məlumat tapmaq olmur. Qoşqar Təhməzov yazanda isə onun barəsində çoxsaylı informasiyalara rast gəlmək olur.
Misal üçün ilk rast gələn məlumatda Qoşqar Təhməzovun Fərhad Təhməzovun qardaşı olduğu bəlli olur. Fərhad Təhməzovun isə vaxtı ilə Qaçqınkomda keçmiş deputat Ayaz Orucovun yerinə (Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru vəzifəsinə) təyin olunması və sonradan 2016- cı ildə isə Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə direktor təyin ounması barədə ölkə mətbuatından oxumaq olar.
Bundan başqa ölkə mətbuatında Fərhad Təhməzovun Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yarıtmaz fəaliyyəti barədə də çoxsaylı xəbərlərə rast gəlmək olur.
Məsələn, bildirilir ki, Fərhad Təhməzov qazandığı milyonlarla qardaşları Atəş və Qoşqar Təhməzovlar vasitəsi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurmağa nail olub. Qoşqar Təhməzovun elə əvvəldən həkim olduğu bu ailəni tanıyanlara bəllidir. Və sonradan qardaşı Fərhad Təhməzovun köməkliyi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurub oliqarxa çevrilməyi də onun yaxın ətrafından mətbuata sızan məlumatların sırasındadır.
Qoşqar Təhməzovun Almaniyadan ölkənin səhiyyə sahəsi üçün gətirdiyi avadanlıqlar barədə məlumatlar onun yaxın ətrafı tərəfindən mətbuata verilib. Hətta sonda Qoşqar Təhməzovun Qoşqar Təhməzli olmağı da qardaşlar tərəfindən əvvəlcədən qurulan bir plandır. Bu ona görə edilib ki, “Google”da onun fəaliyyətini araşdıran jurnalistlər axtarış verəndə qarşılarına Qoşqar Təhməzli adı çıxsın, hansının ki, guya Fərhad və Atəş Təhməzovlarla heç bir əlaqəsi yoxdur.
365info.az saytına daxil olan məlumata görə Qoşqar Təhməzlinin bu vəzifəyə təyin olunmasına sevinənlərdən biri də ona yaxın olan həmyerlilərindən biridir.
365info.az-a həmin şəxsin adı məlumdur,lakin həmin maraqlı persona haqda bəzi dəqiqləşdirmələrimiz sona çatmadığı üçün biz hələ ki onun adını açıqlamırıq.
Ancaq həmin şəxs barədə əldə etdiyimiz məlumata görə, onun banklara 3-4 milyona yaxın borcu var və o böyük ümidlə Qoşqar Təhməzlinin rəhbərlik etdiyi dövlət agentliyinin köməkliyi ilə banklara olan borclarını silmək istəyir.
Qeyd edək ki,bu şəxs Təhməzov qardaşlarının üçünün də qulluğunda duran adamdır. Bu adam dövlət qulluğunda olub yüksək vəzifə tutan yaxınlarından bəhrələnməyi sevən və bunu bacaran insandır.
Misal üçün bu şəxsin dövlət işinə heç bir aidiyyatı olmasa da o “AA” seriyalı avtomobillərdə arxa oturacaqda oturur və belə gəzməkdən həzz alır.
365info.az saytına daxil olan məlumata görə həmin şəxsin ali savadı olmasa da Qoşqar Təhməzli vəzifəyə təyin olunan kimi, savad dalınca düşənlərdən biri də o olub.
Neçə vaxtdır ki, “AA” seriyalı avtomobillərində arxa oturacaqda oturub gəzən bu şəxsə bu yaxınlarda sual veriblər ki, “bax birdən Qoşqar sənə də vəzifə təklif etdi, bəs sən o vəzifəyə savadın olmaya-olmaya necə təyin olunacaqsan? Qoşqara deyəcəksən ki, adımı hansısa təhsil ocağına yazdıraram, ancaq oranı mən nə vaxt oxuyub qurtaracağımı bilmirəm?!
365info.az-a daxil olan məlumatları araşdıranda Təhməzov soyadının sonradan Təhməzliyə çevrilməsi faktına rast gəldik. Və soyadla bağlı araşdırma aparanda diplomsuz “AA” seriyalı maşında arxa oturacaqda oturub gəzən şəxsin Qoşqar Təhməzli ilə bir çox vaxtlarda Avropaya bir yerdə səfər etmələri barədə məlumat aldıq.
Ümüd edirik ki, banka 3-4 milyon borcu olan bu şəxsin yeni yaradılan dövlət agentliyinə olan tamahı azalacaq.
Qoşqar Təhməzli bu vəzifəyə təyin edilib ki, xalqa,dövlətə xidmət etsin. Biz bu yazını yazmaqla sadəcə bəzi məmurlara yaxın ətrafına diqqət yetirməyi məsləhət görürük.
teref.az olararq adalrı çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az