“Aztelekom” müştəriləri necə “cəlb” edir - İDDİA
23-01-2018, 18:13
Bir müddət əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rabitə bölümündə ixtisaslı kadr çatışmazlığının olması barədə məlumat vermişdik. Xatırladaq ki, ləğv olunmuş MTN-dəki soyğunçu çetenin ardınca Rabitə və Yüksək Texnologiyalar Nazirliyində onlara dəstək verən mütəşəkkil qrup aşkarlanmışdı. Bu qrup nazirlikdən, Əli Abbasov isə nazir postundan uzaqlaşdırıldıqdan sonra qurum daxilində işdənçıxarma dalğası başlanmışdı. Bu zaman yalnız qrupla bağlılığı olanlar deyil, xeyli sayda çevrəyə daxil olmayan ixtisaslı şəxslər də işdən uzaqlaşdırılmışdı. Bir sıra rayonlarda mühəndis heyətinə qədər uzanan “təmizləmə” əməliyyatı daha sonra ciddi mütəxəssis çatışmazlığının yaranmasına gətirib çıxarıb. Hətta iş o yerə çatmışdı ki, rayon qovşaqlarında sistemlə bağlı bilgiləri çıxarılan mütəxəssislərdən xahiş edib alırdılar.
Bu günlərdə isə “Yeni Müsavat”a rabitə sektorunda işdənçıxarılmanın yeni dalğasının başlandığına dair məlumatlar daxil olmağa başlayıb. Redaksiyamıza danışan etibarlı mənbənin dediyinə görə, rabitə strukturlarında son zamanlar kütləvi ixtisarlara start verilib. Bu dəfə həm mühəndis, həm də fəhlə heyətindən çoxlu sayda işçi vəzifəsindən uzaqlaşdırılır. Məsələn, illərdir rabitə sahəsində çalışan peşəkar mütəxəssisləri çıxarıb, yerinə filologiya, hüquq, iqtisadiyyat sahəsi üzrə ali təhsil alanları qoyurlar. Bu isə ümumi işin axsamasına səbəb olur: “Durum Əli Abbasovun nazirlik dönəmindən daha pisdir. Çoxpilləli idarəetmə yaradırlar, guya bununla artıq xərcləmələrin qarşısını alırlar. Əslində isə iş ləngiyir, keyfiyyət aşağı düşür. Məsələn, əgər Beyləqanda qəza baş verərsə və ora gedən qəza maşını yolda xarab olarsa, həmin rayonun telefon qovşağinin sədri “Aztelekom”a, “Aztelekom” isə nazirliyə məruzə edir. Sonra nazirlikdən “Aztelekom”a, oradan da rayon qovşağina nə edilməli olduqu bildirilir. Bu müddət ərzində maşın xarab halda küçədə qalır, baş verən qəza isə aradan qaldırılmır. Bu bürokratiya üzündən bəzən xırda bir qəzanın aradan qaldırılmasında iki-üç gün yubanma olur”.
Mənbəmizin dediyinə görə, vəziyyətin kəskin xarakter aldığı qurumlardan biri də “Aztelekom”dur. Belə ki, orada da işçiləri müxtəlif bəhanələrlə şərləyib işdən azad edirlər: “Birliyin audit və daxili təhlükəsizlik departamentinin direktoru Samir Daşdəmirov bir neçə IT mütəxəssisini işdən qovdurub. Onların yerinə isə öz yaxın adamlarını qoyur. İşdən qovulanlar arasında Sadiq, Cavid, Rauf adlı çox peşəkar, illərdir orada işləyən, bütün sistemə bələd olan IT mütəxəssislərini qeyd etmək olar. İşdənçıxarılma sxemi isə demək olar ki, eynidir. Məsələn, hansısa müştəri gəlib özəl internet provayderinə qoşulmaq istədiyini deyir. Müştəriyə yalandan deyirlər ki, sizin yaşadığınız yerdə həmin provayderə qoşulmaq olmaz. Çünki dediyiniz provayderin sistemi o ərazini dəstəkləmir. Gəlin sizin xətti “Aztelekom”a qoşaq. Beləliklə, müştərini aldadıb, “Aztelekom”a qoşurlar. Bu aldadılmanı görən işdən qovulan şəxslər isə həmin müştərilərə bildiriblər ki, özəl provayderə də qoşulmanızda problem yoxdur və biz həll edə bilərik. Bunu eşidən Samir Dasdemirov öz adamı Arzu Abbasovun əli ilə həmin üç nəfər şəxsə pul verdirib (5-10 manat) sonra onları rüşvət aldıği üçün işdən qovdurub. Əslində isə onlara irad tutulub ki, niyə müştəriləri “Aztelekom”a yox, özəl provayderə qoşursuz. Dasdəmirovun bir sevimli sözü var: "Bura Azərbaycandır, sizdən hər şey gözləmək olar". Bu cümləsini deyir, illərini rabitəyə vermiş mantyorları, IT mütəxəssislərini işdən qovur. Bundan başqa, “Aztelekom” daxilində hamıya tapşırılıb ki, lazım olan bütün ləvazimatlar, ehtiyat hissələr, kabellər “Omid” mağazalar şəbəkəsindən alınsın. “Omid” mağazalar şəbəkəsində isə hər şey başqa yerlərə nisbətən baha satılır: “Ümumilikdə “Aztelekom”da kabeli abonentə 3 dəfə baha qiymətə çəkirlər”.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”