İsmayıllı şəhər nümayəndəliyi hesabat verir
27-01-2018, 13:59
teref.az - İsmayıllı Şəhər İnzibati Ərazi Dairəsində 25 min nəfər əhali yaşayır. Ərazinin bir prospekti, 90 müxtəlif ölçülü küçəsi var. Bu küçələrin 60-ı asfaltlanıb, işıq sistemi quraşdırılıb, səkiləri tikilib. Burada ayrıca salınmış 45 evdən ibarət qəsəbədə məcburi köçkünlər məskunlaşıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 çoxmənzilli yaşayış binası mövcuddur. 2017-ci ildə həmin kateqoriyadan olan sakinlər üçün 3 fərdi mənzil tikilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılmış 3 milyon manat vəsaitlə 26 çoxmənzilli yaşayış binası əsaslı və cari təmir olunub, dam örtükləri dəyişdirilib, məhlələr abadlaşdırılıb, asfaltlanıb. Şəhərin 12 küçəsinə asfalt, 6 küçəsinə çınqıl döşənib. Su və elektrik təchizatında fasiləsizlik və davamlılıq yaradılıb.
2017-ci il büdcəsi öz məqsədinə tam xərclənib. Kommunal müəssisələri kombinatının texniki təchizatı müasir tələblər səviyyəsində yaxşılaşıb. Mican, İsmayıllı, Qəzli kəndləri, tinglik təsərrüfatı şəhərə birləşdikdən sonra ərazi genişlənib, əkin sahələri artıb. 2017-ci ildə şəhərin əhatəsində olan əkin sahələrindən hər ilkindən çox taxıl, kartof, üzüm, meyvə, tərəvəz götürülüb. Baramaçılıq və tütünçülük bərpa olunub. Hektarlarla fındıq bağı və tut tingliyi salınıb.
Bu və digər işlər barədə İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun hesabat məruzəsində ətraflı danışılıb.
Müzakirələr zamanı mənzil istismar sahəsinin rəisi İsmayıl Tarverdiyevin, kommunal müəssisələri kombinatının baş mühasibi Əliheydər Məmmədovun, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi İsmayıllı rayon şöbəsinin sədri Vidadi Zərbiyevin, 3 saylı uşaq bağçasının tərbiyəçisi Elnarə Məmmədovanın və ağsaqqal ziyalı Yaşar Nuriyevin çıxışları dinlənilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat yığıncağında geniş nitq söyləyib. Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2017-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib, görülən işlərdən danışıb. Qeyd edib ki, 2018-ci ildə bir neçə istiqamət üzrə daha fəal mövqe tutulmalı, daha səmərəli tədbirlər həyata keçirilməlidir.
Özünümaliyyələşdirmə ilə əlaqədar istehsal sahələri inkişaf etdirilməli, əhalinin məşğulluğunun artırılması ərazi nümayəndəliyi ilə birgə bütün strukturların diqqətində olmalı, ehtiyaclı sakinlərin, xüsusilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı məsələsi gündəlik fəaliyyətin ön sırasında dayanmalı, ticarətin və taksi xidmətinin təşkilindəki qaydasızlıq aradan qaldırılmalı, bütün sahələrdə normativlərə və aid etalonlara riayət olunmalı, ərazidəki torpaqların bilavasitə məqsədinə istifadə olunması təmin edilməlidir. Tikilən “Şeraton” otelinə yaxın ərazidə “Bayraq meydanı”, “Bayraq muzeyi” və “Gənclər mərkəzi” inşa olunacaq.
Natiq eyni zamanda problemlərdən, nöqsanlardan da danışıb. Diqqətə çatdırıb ki, uşaq bağçalarının keyfiyyətli ərzaqla təminatına məsuliyyətlə yanaşılmalı şəhərin təmizliyi və abadlığı KMK-nın və şəhər İƏD üzrə nümayəndəliyin əsas fəaliyyət istiqaməti olmalı, göstərilən xidmətlər üçün nəzərdə tutulmuş vəsaitin yığımı tam təmin edilməlidir. Şəhər ərazisində küçə ticarətinin olmasına yol verilməməlidir.
RİH başçısı Mirdaməd Sadıqovun təklifləri, tənqidi qeydləri icraçılar və iştirakçılar tərəfindən razılıqla qəbul olunub. Bununla əlaqədar müvafiq qərar qəbul edilib.
İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2017-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub.