Nəsimi rayon gənclərinin “2 fevral – Gənclər günü” münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilmişdir
3-02-2018, 01:16
teref.az - Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü elan olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olmuşdur. 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.
Şəhərimizin gözəl məkanlardan biri olan “Şərq Saray”da Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş 1500 nəfərdən çox qonağın iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələrini, çoxsaylı qonaqlar dəvət olunmuşdur.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.
Qeyd olundu ki, Nəsimi rayon əhalisinin təqribən 30,8 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.
Asif Əsgərov bildirdi ki, hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır.
Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Nəsimi gənclərini təbrik edənlər arasında Milli Məclisin üzvləri - Ziyad Səmədzadə, Məlahət İbrahimqızı, Azər Badamov, Eldəniz Səlimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan-Fransiz Universitetinin direktoru Vazeh Əsgərov, Azərbaycan Universitenin rektoru Səadət Əliyeva və digər rəsmilər iştirak edirdilər.
Bayram tədbiri Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin, 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə başa çatmışdır.