Abşeron İcra başçısı İradə Gülməmmədova artıq müharibə əlillərinin üstündə öz gücünü sınıayır: “Azərbaycanda yaşamaq hüququm yoxdursa..." VİDEO
7-02-2018, 16:05
Azərbaycanın yeganə qadın icra başçısı olan İradə Gülməmmədova Abşeron rayonuna rəhbər təyin edildikdən sonra bütün pislikləri etməyə başlayıb.
Onun I vitse-prezident Mehriban Əliyevanın xeyirxahlıqları, yaxşılıqlarından nümunə götürməsi əvəzinə ən tükürpədici qanunsuzluqların altında “imzası”na rast gəlinir.
teref.az - nun verdiyi məlumata görə, sonuncu belə ət ürpəşdirən, ikrah hissi doğuran fakt 2-ci qrup Qarabağ əlili, evsiz-eşiksiz, səfalət içində yaşayan Səyyaf Bayramovun vəhşicəsinə döydürməsidir.
Qarabağ qazisi və əlili video müsahibəsində İ.Gülməmmədovanın əmri ilə Abşeron polisinə çağrıldığını və şöbənin qarşısında mülki geyimli iki polis tərəfindən qanına qəltan edildiyini söyləyib.
Onun sözlərinə görə, kanteyneri dağıdılıb, yaşamağa bir sığınacağı yoxdur və evsiz-eşiksiz qalması ilə bağlı etdiyi müraciətin axırında icra başçısı tərəfindən cəzalandırılıb.
[media=https://www.youtube.com/watch?v=vyE5splBAFE]
“Bütün qabırğalarıma zərbələr vurublar. Mənə deyirdilər ki, sənə yerin altında torpaq verəcəyik, üstündə sənə yer yoxdur. Belə insanlıq olarmı?
Bunlar erməniyə yaraşan hərəkətlərdir. Ancaq Qarabağda döyüşən adama belə münasibət göstərirlər. Onıarın istəyi məni aradan götürüb öldürmək olub.
Bunu da Abşeronun icra başçısının əmri ilə ediblər. Mənim müraciətimə cavab olaraq döyülməyimə tapşırıq verib.
Mən vətən uğrunda döyüşəndə Abşeronun icra başçısının xəbəri olmayıb və bu gün bu torpağın üstündə rahat gəzə bilir. Çünki biz bu ölkəni qorumuşuq”.
Qarabağ əlili qeyd edib ki, əgər ona yaşamağa bu ölkədə yer yoxdursa, prezident vətəndaşlıqdan xaric etsin:
“Azərbaycanda yaşamaq hüququm yoxdursa, vətəndaşlıqdan çıxarsınlar. Artıq ağrılara dözə bilmirəm. Belə olmaz”.
Abşeron RPŞ-dən isə bildirilib ki, S.Bayramovun döyülməsi faktı ilə bağlı məlumat daxil olmayıb.
Polisin Qarabağ qazisinin döyülməsini təsdiqləməsi onsuz da gözlənilmirdi və praktikada belə hal olmayıb.
Lakin işin mahiyyəti budur ki, xanım icra başçısı Qarabağ əlilinin əlindən tutmaq, ona yardım etmək, isti geyim, yemək, qışın sazağında yaşamağa sığınacaq təşkil etməkdənsə, döyülməsinə əmr verir. Hər halda Qarabağ əlili göstərişin ondan gəldiyini iddia edib.
teref.az - nun məlumatına görə, İ.Gülməmmədovanın bu əməllərinin dosye şəklində toplanıb siyasi rəhbərliyin masasına qoyulacağı bildirilir.
Qadın icra başçısı rayonu silkələyir. Çünki Abşeron kimi rayona icra başçısı təyinatı uğursuz olub və etimadı doğrultmayıb.
Elektron mediada da xanım icra hakimi haqda saysız-hesabsız şikayətlərə rast gəlmək olar.
Anaxeber.az-ın yazdığına görə, seçki ilində onun fəaliyyətinin gərginliyə səbəb olması paytaxta yaxın bir rayonun ayağa qalxmasına gətirib çıxara bilər.
Bu tendensiyanı və gedişatı izləyən siyasi hakimiyyət rəsmiləri prezidentə məruzə edirlər.
Onlar hansı əyalətlərin “Axilles dabanı”, hansı bölgələrin həssas, fitili çəkilmiş ola biləcəyini hesablayırlar. Bu kriteriyalara görə Abşeron rayonu qabaqda gedənlərdəndir.
İ.Gülməmmədova rayonu “barıt çəlləyi”nə döndərməkdədir və heç də yaxşı perspektiv vəd etmir.
Ümumiyyətlə, böyük gözləntilər vardı: xanım icra başçısı kişi həmkarlarından fərqlənəcək, daha humanist, ana və qadın ürəyi ilə Abşerona yanaşacaq, insanların və rayonun problemlərinə isti münasibət sərgiləyəcək.
Amma bir çox rayonlarda kişi icra başçılarının xalqa və sahibkarlara “qan uddurması” İ.Gülməmmədovanın yanında yalan oldu. Demə, xanım icra başçısı özünü kraliça elan edərək rayonu viran qoyacaqmış.
O, I vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən, gördüyü işlərdən nümunə götürmək əvəzinə Abşeronu “cəhənnəm yuvası”na döndərdi.
Onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir.
Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.
Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər. Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir.
KİV onu da yazır ki, İ.Gülməmmədovanın hazırda əsas gəlir mənbələrdən biri torpaq satışındandır və bu işi müavini Fuad Cəbrayılova həvalə edib.
F.Cəbrayılov vaxtilə Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsi müdirinin müavini işləyərkən yüzlərlə saxta sənədlər düzələdərək vətəndaşlara qanunsuz “kupça” verilməsi əməliyyatına rəhbərlik edərək külli-miqdarda pul qazanıb.
Bundan başqa saxta sənədlərlə Abşeron rayonu ərazisində xeyli sayda obyektlər ələ keçirib.
Məlumata görə, Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəsizlik Nazirliyi də qarışıb.
Nazirlik şikayətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib.
MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyester Xidmətinin Abşeron Şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılov həbs edilib.
Lakin Fuad Cəbrayılov qayınatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyester Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib.
teref.az olaraq adları çəkilən qrum və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq!
teref.az