Ismayıllı üçün geridə qalan 5 İL,-CƏNAB PREZİDENTƏ VERİLƏN SƏS QARABAĞIMIZIN AZADLIĞINA VERİLƏN SƏSDİR.

11-02-2018, 23:33           
Ismayıllı üçün geridə qalan 5 İL,-CƏNAB PREZİDENTƏ VERİLƏN SƏS QARABAĞIMIZIN AZADLIĞINA VERİLƏN SƏSDİR.
Müdrikliyin və xalqa sevginin təntənəsi

teref.az - Bütün fəaliyyəti ilə Ulu Öndərin siyasi kursuna, cənab prezidentin tələblərinə sədaqətini sübut edən, xalqa, dövlətə xidməti həyat amalına çevirən Mirdamət Sadıqovun ömür yolu məhz bu qayələr üzərində qurulub

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə hər bir məmur üçün
fəaliyyət prinsipi sayılacaq çağırışlar edərək onları xalqa, dövlətə şərəflə xidmətə səsləyib : "Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar"
Ölkə rəhbəri məmurlarla keçirdiyi bütün müşavirələrdə onları təmiz işləməyə səsləyir: "Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərəəməl etsin".
Cənab İlham Əliyevin özünün də dediyi kimi apardığı islahatların kökündə yeganə və başlıca amil vətəndaş və xalqdır. O, xalqın rifahını düşünür və bu istiqamətdə lazım olan bütün addımları atır.
Özünü xalqın birinci xidmətçisi elan edən dövlət başçısı açıq
şəkildə bildirir ki, ən ucqar kənddə belə vətəndaşları qəsdən incidən, sahibkarlara süni əngəllər yaradan, iş adamlarından "haqq" alan dövlət məmuru dərhal cəzalandırılacaq.
"Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət
məmurları belə işləməlidirlər.“
Bütün fəaliyyəti ilə Ulu Öndərin siyasi kursuna, cənab prezidentin tələblərinə sədaqətini sübut edən, xalqa, dövlətə xidməti həyat amalına çevirən Mirdamət Sadıqovun ömür yolu məhz bu qayələr üzərində qurulub. Bu bir həqiqətdir ki, yüksək prinsipiallıq, yorulmaz fəaliyyət, əqidə bütövlüyü və vətənpərvərlik kimi yüksək keyfiyyətlərə malik olan dövlət xadimləri həmişə nümunəvi addımları ilə ictimaiyyətin rəğbətini qazanırlar.
2013-cü il ildə İsmayıllıda məmur özbaşnalığı ciddi narazılıq yaratdı, qarşıdurma yarandı. Belə məsuliyyətli anda cənab prezident ən doğru olan qərarı qəbul etdi- rayonun saydığı, sevdiyi müdrik ağsaqqalı, elm xadimini- Mirdamət Sadıqovu icra başçısı təyin etdi. Bu təyinatın özü çox böyük inamdan, etimaddan irəli gəlirdi və özlüyündə çox böyük məsuliyyət idi. İllər sübut etdi ki, Mirdamət müəllim bu inamı, etimadı şərəflə doğrultdu, müdrik ağsaqqallıq, rəhbərlik missiyasını uğurla yerinə yetirdi.
2013-cü ildən başlayaraq həyata keçirilən məqsədyönlü fəaliyyət
nəticəsində İsmayıllıda inkişaf və tərəqqi üçün mühüm amil olan ictimai-siyasi sabitlik təmin edildi. Bütün fəaliyyət sahələrində yeniləşməyə yol açan səmərəli iqtisadi siyasət kursu götürüldü. Rayonda bütün sferalarda canlanma yarandı. İş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırıldı. Minlərlə yeni iş yerləri açıldı. Şübhəsiz ki, həyata keçirilən tədbirlər insan faktoruna yönəldilmişdir. O da öz nəticəsini göstərdi. Bütün bunların nəticəsi isə əhalinin yaşayışında və həyat tərzində özünü göstərir.
Geridə qalan 5 il İsmayıllı üçün bütün sahələrdə uğurlu olub. Nəticələrdən isə danışmağa çox şey var. Şəhər ərazisindəki 90 irili-xırdalı küçənin 61-i abadlaşdırılıb, səkilər tikilib, işıqlandırma sistemi quraşdırılıb. Heydər Əliyev prospekti, M.Orucov, Nizami Gəncəvi, M.F.Axundov, Ərəstun Mahmudov, Cavanşir, Rəşid Mahmudov, Cavad Məmmədov, Ü.Hacıbəyov küçələrində daha nümunəvi abadlıq işləri aparılıb. Axundov küçəsində 3 doqquzmərtəbəli, Nizami Gəncəvi küçəsində 2 beşmərtəbəli yaşayış binası tikilib, 26 hündür mərtəbəli, çoxmənzilli yaşayış binası əsaslı və cari təmir olunub. Q.Aslanov küçəsində 140 yerlik uşaq bağçası tikilib. Təbriz küçəsindəki fəaliyyətdən qalmış 40 yerlik uşaq bağçası əsaslı təmir edilib, yenidən qurulub və 100 yerliyə çatdırılıb.
İsmayıllı Rayon Mərkəzi xəstəxanasının binası əsaslı təmir edilib, tam yeniləşib, ən müasir tibb avadanlıqları, diaqnostik və müalicə vasitələri ilə təmin edilib, dializ şöbəsi yaradılıb. İvanovka kəndi və Lahıc qəsəbəsində 15 yerlik xəstəxana, Tircan və Topçu kəndlərində həkim məntəqələri istifadəyə verilib. Tikinti və təchizat eyni dərəcədə müasir və zəngindir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin binası yeni
üslubda təmir olunub, müasir auditoriya və fənn kabinetləri yaradılıb.
Qalınçaq kəndində 360, Külüllü kəndində 80 yerlik, Yenikənd kəndində modul məktəb tikilib. Şəhər 3 saylı məktəb-lisey əsaslı qaydada tam təmir olunub, yeni isitmə sistemi quraşdırılıb. Tamamilə sıradan çıxmaqda olan şəhər mədəniyyət mərkəzi yeni üslub və dizaynda sanki yenidən tikilib. Lahıc “İcma evi” və “Xalq sənətkarlığı evi” Dövlət Proqramı istiqamətində aparılan müsbət işlər sırasındadır. Sumağallı kəndində istifadəyə verilmiş 40 yerlik uşaq bağçası da Dövlət Proqramına uyğun icra olunan layihələrdəndir. Proqramın icrası müddətində Olimpiya İdman Kompleksi yenidən tikilib-qurulandan sonra Respublikanın əksər İdman Federasiyaları tərəfindən təlim-məşq toplantıları, yarışlar və çempionatlar məkanına çevrilib.
Basqal qəsəbəsinə, Diyallı, Tircan, İstisu, Sumağallı, Xanagah, Qurbanəfəndi, Çayqovuşan kəndlərinə qaz çəkilib.
İsmayıllı-İvanovka Hacıhətəmli və İsmayıllı-Qaraməryəm magistral yolları tikilib. Bütün növ kommunikasiyaları olmaqla.
15 kənddə “Kəndinvestisiya” layihəsi əsasına kəndarası yollar çəkilib. Bir o qədər yerdə su təchizatını yaxşılaşdırmaq üçün artezian quyuları qazılıb. Xanagah kəndi ərazisində istifadəyə verilmiş Dam örtükləri zavodu və tikinti materialları zavodu inşaat işlərində, xüsusilə mənzil tikintisində qiymət fərqi yaradıb, vaxt itkisinin qarşısını alıb.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın icrası ilə
əlaqədar keçirilən konfransda Prezident İlham Əliyev investisiya cəlbi sahəsində ilk onluğa daxil olan rayonların adını çəkib. Təsadüfi deyil ki, İsmayıllı da bu onluqdadır.
İnvestisiya qoyuluşu ilə indi şəhərdə beşmərtəbəli 3 ulduzlu otel, “Bədo” sanatoriya-bərpa mərkəzi, Keyvəndi kəndində perspektivdə 1500 başlıq olacaq istehsal və emal təyinatlı heyvandarlıq kompleksi, Kürdmaşı kəndində 1000 hektar ərazini əhatə edəcək Aqropark, 3000 tonluq soyuducu, meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və qablaşdırılması müəsisəsi tikilir. İşlər başa çatmaq üzrədir, obyektlər istifadəyə verilmək ərəfəsindədir.
“İsmayıllı-SES-1” və “İsmayıllı-SES-2” elektrik stansiyaları da Dövlət Proqramında nəzərdə tutulmuş və istifadəyə verilmiş obyektlərdəndir.
2017-ci ildən başlayaraq rayon büdcəsi özünümaliyyələşdirmə əsasında formalaşır. Digər müəssisələrlə yanaşı layihə gücünə çatmaqda olan Velosiped istehsalı zavodu bu məsələnin həllində daha əhəmiyyətli rol oynayır.
Kənd təsərrüfatı sahəsində nailiyyətlər artmaqda davam edir.
Taxıl istehsalı hər il 100 min tondan artıq olub. Tütünçülük və baramaçılıq bərpa edilib. 2017-ci ildə 443 hektarda fındıq bağı salınıb. Baramaçılığın inkişafı üçün hektarlarla tut tingliyi salınıb.
Bütün bu uğurların kökündə isə müdrik el ağsaqqalının, bacarıqlı rəhbərin gərgin əməyi, prinsipiallığı və təşkilatçılıq qabiliyyəti dayanır. M. Sadıqov üçün qazanılan hər bir uğur xalqa xidmətin təntənəsidir.
Aprelin 11-də ölkəmizdə növbədənkənar prezident seçkiləri
keçiriləcək. İsmayıllı rayonunda da bu böyük siyasi kompaniyaya ciddi hazırlıq görülür. Xalq hər yerdə ruh yüksəkliyi ilə İlham Əliyevə səs verəcəyini bildirir. Çünki Heydər Əliyevin miras qoyduğu müstəqil Azərbaycan hər gün daha da güclənir, inkişaf edir, çiçəklənir. Ümummilli maraqlara xidmət edən siyasi kurs hər bir ölkə vətəndaşının mənafelərinə cavab verir. Bu kursun davamlılığını qorumaq üçün hər bir azərbaycanlı, eləcə də İsmayıllı sakini cənab prezidentə səs verəcək. Bu isə həm də Azərbaycanın uğurlu gələcəyinə, dinamik inkişafına, tərəqqiyə, sabitliyə, Qarabağımızın azadlığına verilən səsdir!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.