HÜQUQ-MÜHAFİZƏ ORQANLARININ ƏMƏKDAŞLARI ŞAGİRDLƏRİ MAARİFLƏNDİRİB

21-09-2018, 19:43           
HÜQUQ-MÜHAFİZƏ ORQANLARININ ƏMƏKDAŞLARI ŞAGİRDLƏRİ MAARİFLƏNDİRİB
Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun yeni inşa olunan Baş Zəyzid kənd orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” , “Dini radikalizmlə mübarizə” və “Yol hərəkətinin təhlükəsizliyi” mövzularında gənclərlə görüş keçirilib. Tədbirdə hüquq-mühafizə orqanlarının, Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edib. Qeyd edilib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar. Ölkəmizdə narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışılıb.
Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Rayon prokuroru, baş ədliyyə müşaviri Elmar Camalov bu kimi neqativ hallara qarşı sərt mübarizənin aparılmasının təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb. Erkən nikah hallarına daha çox ucqar rayonlarda, xüsusilə kəndlərdə rast gəlindiyi üçün bu cür tədbirlərin məhz yerlərdə təşkil olunmasının xüsusilə əhəmiyyətli olduğu qeyd edilib.
Daha sonra dini radikalizm və onun fəsadları, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodları, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən, bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışılıb.
DYPB-nin əməkdaşı Tural Niftalıyev isə məktəblilərə yol hərəkət qaydaları barəsində ətraflı məlumat verib və onları bu qaydalara əməl etməyə çağırıb. O, belə tədbirlərin keçirilməsində əsas məqsədin şagirdlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, onları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaqdan ibarət olduğunu qeyd edib.
Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova da çıxış edərək belə maarifləndirmə tədbirlərinin sağlam gələcəyimizin formalaşmasında mühüm rolunun olduğunu bildirib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.