DİN Masallı rayonunda baş vermiş hadisəyə aydınlıq gətirdi: " Şikayət olub, qanun çərçivəsində araşdırılıb və..."

26-09-2018, 21:26           
DİN Masallı rayonunda baş vermiş hadisəyə aydınlıq gətirdi: "  Şikayət olub, qanun çərçivəsində araşdırılıb və..."
Teref.az olaraq ötən sayımızda Masallı rayonundan poçtumuza daxil olmuş şikayət məktubunu içtimailəşdirmişdik. Hər zaman olduğu kimi Daxili İşlər Nazirliyi bu şikayətə operativ reaksiya verərək məsələyə aydınlıq gətirdi.
Daxil İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə:
- Masallı rayon sakini Elxan Kazımovun məlumatı əsasında hazırlanaraq bəzi xəbər saytlarında yayımlanmış yazılarda polis əməkdaşları barədə yayılmış iddiaların heç bir məntiqi və hüquqi əsası yoxdur.
Həmin yazılarda da göstərildiyi kimi, Masallı RPŞ-nin İstintaq bölməsində sözügedən araşdırmanın aparılmasına rayonun Ərkivan qəsəbə sakini
A.İsmayılovanın Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat verməsi və sonra polisə ərizə ilə müraciət etməsi səbəb olub. Həmin müraciətdə və ərizədə göstərilənlərin guya müstəntiq tərəfindən uydurulması barədə şikayətçinin iddialarının əksinə, mövcud cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq RPŞ-nin İstintaq bölməsində rayon Polis Şöbəsi və Prokurorluğunun rəhbərliyin ciddi nəzarəti altında obyektiv və hərtərəfli araşdırma aparılıb. Araşdırma zamanı hadisə yerinə baxış keçirilib. İstintaq orqanı tərəfindən hər iki tərəfi təmsil edən azyaşlıların izahatları valideynlərinin iştirakı ilə alınıb, digər təxirəsalınmaz prosessual hərəkətlər həyata keçirilib ki, bu da uşaqların guya izahat verməyə məcbur edilməsi, azyaşlılar barəsində mövcud qanunvericiliyin tələblərinin pozulması barədə səslənmiş fikirlərin həqiqətdən uzaq olmasının göstəricisidir.
Araşdırmanın sonunda A.İsmayılovanın şikayət etdiyi azyaşlıların əməllərində cinayət tərkibi olmadığına və şikayətçinin ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığına görə mövcud cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq toplanmış material üzrə müstəntiq tərəfindən cari il iyunun 11-də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Yazılarda şişirdilərək az qala qeyri-adi bir hadisə kimi göstərilən, əslindəsə konkret bir müraciət əsasında qanun çərçivəsində aparılan adi bir araşdırmanın əsl məğzi də məhz bundan ibarətdir. Yazılarda polis əməkdaşlarına qarşı yönəlmiş iddiaların qeyri-obyektivliyini və qərəzliyini göstərən əsas amillərdən biri də belə əsassız fikirlərin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbulundan nədənsə üç ay yarımdan da artıq bir müddət keçməsindən sonra ortaya çıxması, izahatı alınmış azyaşlılardan yalnız birinin valideyninin şikayətçi olmasıdır. Əgər E.Kazımov xanım şikayətçinin ərizəsində göstərilən xüsusatları əsassız, uydurma hesab edirsə, o zaman həmin qadınla aralarında yaranmış problemi mülki hüquq qaydasında həll edə bilər. Bunun əvəzində isə onun kütləvi informasiya vasitələrində polis əməkdaşları barəsində böhtan və şantaj xarakterli, qanun keşikçilərinin işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayması yolverilməzdir ki, bu da hüquqi məsuliyyət doğurur.
Teref.az olaraq qaldırdığımız problemə operativ reaksiya verdiyinə görə DİN-yi Mətbuat Xidmətinə təşəkkür edirik!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.