Latviyadakı Azərbaycan səfirinin xanımına cinayət işi qaldırıldı
14-01-2016, 21:45
zərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun xanımı Nəzirə Zeynalovaya qarşı bu ölkədə cinayət işi qaldırılıb.
Onun işinə Latviyanın Antikorrupsiya bürosu baxır.
Məlum olub ki, diplomatın xanımına qarşı cinayət işinin qaldırılmasına səbəb onun Latviyada sürücülük vəsiqəsini “azərbaycansayağı almaq” cəhdi olub. Belə ki, xanım Zeynalova xüsusi kurs keçmədən və digər formal prosedurlara əməl etmədən sürücülük vəsiqəsini pulla almağa cəhd göstərib. Bu məqsədlə o, Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD) müfəttişlərinə müraciət edərək sürücülük vəsiqəsini almaq üçün onlara 500 avro təklif edib.
Virtualaz.org saytının əməkdaşı CSDD-nin İvas və Uldas adlı həmin müfəttişləri ilə telefon əlaqəsi saxlaya bilib. Hər iki müfəttiş səfirin xanımının onlara rüşvət təklif etdiyini təsdiqləyib və başlarına gələnlərdən hələ də təəcüb içində olduqlarını deyib. “Biz dərhal Antikorrupsiya bürosuna zəng vurduq və Azərbaycan vətəndaşı olan xanım saxlanıldı. Tezliklə qadını buraxdılar, ancaq onun işi araşdırılır. İnsident barədə Latviya XİN də məlumatlandırılıb. Təəsüf ki, mən qadının adını deyə bilmərəm”-müfəttiş İvas Karlis deyib.
Lakin mənbələrimiz deyir ki, səfirin xanımının adı Nəzirə Zeynalovadır. Qeyd edək ki, Elman Zeynalov 1993-cü ildən diplomatik xidmətdədir. Ukraynadakı səfirlikdə və XİN-in mərkəzi aparatında işləyib. 2005-ci ildə Bolqarıstanda səfir olub, daha sonra Latviyaya təyin edilib. Azərbaycan XİN-dən bu insidentə şərh almaq mümkün olmayıb.