Limasolda terror və casusluq şübhəsi ilə Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 10:34

Xarici kəşfiyyat orqanlarından əldə olunan məlumatlar əsasında Kiprin cənubunda yerləşən Limasol şəhərində yüksək təhlükəsizlik tədbirləri ilə keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşı terror və casusluq şübhəsi ilə saxlanılıb.
32gun.az bildirir ki, bu barədə "LemesosBlog" məlumat verib. LemesosBlog"un etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, əməliyyat şübhəlinin son bir neçə ayda yaşadığı Limasolun qərbindəki mənzilində həyata keçirilib. Rəsmilər hesab edir ki, həmin şəxsin saxlanılması ilə yaxın gələcəkdə planlaşdırılan terror hücumunun qarşısı alınıb.
Rum mətbuatı isə yaxınlaşan hücumla bağlı məlumatların olduğunu yazır. İddialara görə, saxlanılan şəxs İranın İnqilab Keşikçiləri ilə əməkdaşlıq edib və apreldən bəri Limasol və Baf bölgələrindəki hərbi obyektlər barədə məlumat toplayıb. Onun, eyni zamanda, Böyük Britaniyaya məxsus hərbi bazalar ətrafında həssas bölgələri fotoşəkillə sənədləşdirərkən müşahidə edildiyi və Baf şəhərində yerləşən “Andreas Papandreu” Hava Bazasında araşdırmalar apardığı bildirilir.
Hazırda araşdırmalar Kipr Rum Polisi ilə beynəlxalq təhlükəsizlik qurumlarının birgə əməkdaşlığı ilə aparılır.
Qeyd edək ki, Limasol şəhəri Kipr Respublikasının cənubunda, Aralıq dənizi sahilində yerləşir.