Almaniyanın Berlin şəhərində baş tutacaq ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq “Yaşıl Həftə” sərgisində iştirak etməyi planlaşdıran Rusiyanın Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçevə Almaniya tərəfindən viza verilməyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb nazirin adının Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiya siyahısında yer alması olub.
Qeyd edilib ki, beynəxalq sərgidə əvvəlcədən nazirlər səviyyəsində nəzərdə tutulan görüş də avtomatik olaraq baş tutmayacaq.
Açıqlamada bu cür addımların hər iki ölkənin münasibətlərinə ziyan vurduğu da bildirilib.
Mütəxəssislərin fikrincə, Rusiyaya tətbiq edilən sanksiyalara görə Almaniyanın kənd təsərrüfatı sahəsinə 1 milyard avro həcmində zərər dəyib.