RUSİYA HAZIRLAŞ! – Almaniya yeni ölümsaçan tank yaradır!

26-02-2016, 10:13           

Rusiya tank qoşunlarının artan təhlükəsi qarşısında, Almaniya yeni nəsil döyüş tankları hazırlanmasına başlayıb. Bu, əslində çoxdan həyata keçirilməsi vacib olan, lakin xeyli yubanmış addımdır. İş ondadır ki, soyuq müharibənin qurtarmasından və Almaniyanın birləşməsindən sonra, Berlin öz ordusuna əhəmiyyət verməyib.

Yaxın və ortamüddətli perspektivdə Almaniya özünün güclü “Leopard 2A7+” tankını bir silah kimi Rusiyanın yeni nəsil “T-14 Armata” tankına qarşı modernləşdirmək məcburiyyətində qalacaq. Bununla yanaşı Almaniya etiraf edir ki, uzunmüddətli perspektivdə – 2030-cu ildə və daha sonra “Leopard 2” tankını yeni model ilə əvəzləməlidir. Ona görə də, Almaniya Fransa ilə birlikdə yeni “MGCS” tanklarının hazırlanmasına başlayıb.

Almaniyanın “Leopard 2” və Amerikanın “M1A2 Abrams” tankları üçün lazımı detallar hazırlayan ”Rheinmetall” şirkətinin rəhbəri Armin Papperqerin sözlərinə görə, “MGCS”-in yaradılması tədrici və təkamül yolu ilə olacaq. İlk növbədə «Leopard 2” tanklarının baş hissəsində yeni rəqəmsal və aktiv müdafiə sistemləri quraşdırmaqla, onu təkmilləşdirmək lazımdır.

“Leopard 2” tankı üçün həmçinin yeni 120 millimetrlik yüksək təzyiqli top lüləsinə və yeni mərmilərə ehtiyac yaranıb. Papperqerin hesablamasına görə, yeni topların və yeni mərmilərin xarakteristikası 20% daha yaxşı olacaq. Ancaq hələlik lülənin uzunluğunu nə qədər artırmağın mümkünlüyü bəlli deyil. Uzun lüləli topun kifayət qədər çatışmazlığı olur. Elə bu səbəbdən də Amerikanın “Abrams” tankının 120 millimetrlik çapındakı lüləsi qısadır. Bəlkə də “Rheinmetall” lüləni uzatmadan, onun kanalındakı təzyiqi böyütmək üçün yeni materialdan istifadə edir.

Papperqer deyib ki, ortamüddətli perspektivdə Almaniya “Leopard 2” tankını yeni 130 millimetrlik top lüləsi ilə təchiz etməyi planlaşdırır. Bu tamamilə yeni modeldir. Çünki əvvəllər NATO “soyuq müharibə”nin sonunda sovetlərin hazırladıqları texnikaya qarşı, təcrübə sınaq çərçivəsində “Leopard 2” və “Abrams” tanklarında daha böyük – 140 millimetrlik top lüləsi quraşdırılması barəsində düşünürdü. 130 millimetrlik toplarda zirehdeşmə qabiliyyəti, 120 millimetrlik toplara nisbətən 50% daha yaxşı olacaq. ”Rheinmetall” bu topların hazırlığına 2016-cı ildə başlayacaq.

Papperqerin sözlərinə görə, “MGCS” konsepsiyası üzərində işlər artıq başlayıb. Bu yeni tank Almaniya və Fransanın müştərək əməkdaşlığının məhsulu olacaq, lakin almanlar hesab edirlər ki, bu layihənin reallaşdırılması zamanı digər Avropa ölkələri də prosesə qoşulacaqlar. ”MGCS” konsepsiyasının hazırlıq mərhələsi 2017-ci ildə başa çatacaq.

Bir çox hərbi analitiklərin fikrinə görə, “MGCS”-in atəş gücünün artırılmasına diqqət yetirilməsi, Qərb üçün ciddi problemlər yarada biləcək “Armata” proqramı çərçivəsində görülən işlərlə bağlıdır. Sadəcə olaraq, ”Armata” zirehli maşınında diqqət daha çox aktiv müdafiə sistemlərinə verilir ki, bu da Qərb konstruktorlarını atəş gücünün və sərrast atış imkanlarının yüksəldilməsi barədə düşünməyə vadar edir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun “Hərbi balans 2016” məruzəsində deyilir ki, “Armata”nın aktiv müdafiə kompleksi “Afqanit” tank əleyhinə kumilyativ mərmilərdən ağır zirehli texnikanın müdafiə olunması üçün nəzərdə tutulub.

Bu təşkilatın dəyərləndirməsini Rusiya mənbələri də təsdiq edərək bildirirlər ki, ”Armata” ona tərəf uçan mərmiləri, tankın baş hissəsində yerləşdirilmiş xüsusi müdafiə qurğularının köməyi ilə zərərsizləşdirə bilir. Yəni onlara qarşı əks zərbə açır. Aktiv müdafiə sistemi kumulyativ mərmilərə qarşı daha effektivdir.

“Hərbi balans 2016” məruzəsində daha sonra deyilir: “”Armata” proqramının ən inqlilabı tərəfi “T-14” tankının baş hissəsinin ekipajsız olmasıdır. Bütün platformaların müdafiə edilməsinə xüsusi diqqət ayrılır.Bu isə gələcəyin döyüş şərtlərinin necə olacağı barəsində rusların yaxşı təsəvvürlərinin omasını göstərir. “Armata” silahlı qüvələrin döyüş cərgəsinə veriləndə, bu baş hissəsində ekipaj üzvü yerləşdirilməyən və aktiv müdafiə kompleksi ilə təchiz edilən ilk tank olacaq. Tankdakı aktiv müdafiə sistemi, tank əleyhinə idarəedilən reaktiv mərmilərin və daşınabilən tank vuran silahların effektivliyini aşağı salacaq. Bu isə öz növbəsində gələcəkdəki döyüşlərin dinamikasını dəyişməklə yanaşı topların, tank əleyhinə silahların və həmçinin də tankların əhəmiyyətini artıracaq”.

Ənənəvi olaraq, Almaniya tank müharibələrində həmişə lider olub, lakin son illər Berlin öz ordusuna lazımı diqqət yetirməyib. Yalnız zaman Almaniyanın öz planlarını həyata keçirməyə nail ola biləcəyini göstərə bilər.

(The National İnterest)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.