İŞİD Qafaqaza gəlir: QAN GÖVDƏNİ GÖTÜRƏ BİLƏR
12-03-2016, 06:03
Misirin «Əl-Ənbar» qəzeti: «Terror təşkilatı bölgəyə yerləşəcəyi təqdirdə 100 minlik ordunun yaranması qaçılmaza çevriləcək»
Dünyanın ən təhlükəli terror təşkilatı olan İŞİD artıq İraq və Suriyada qərarlaşa bilmədən, geri çəkilməyə başlayıb. Türkiyə, Rusiya və İranın ayrılıqda endirdiyi zərbələrdən dolayı bölgədə məskunlaşmağın artıq mümkün olmadığını görən İŞİD yerdəyişmə etməyi planlaşdırır. Bu barədə Misirin məşhur «Əl-Ənbar» qəzeti yazıb.
Qəzetin hazırladığı təhlildə vurğulanır ki, terror təşkilatının ilk hədəfi İraq və İranda yerləşmək olub. Lakin İran faktiki olaraq, təkcə ölkənin içində deyil, İraq və Suriyada belə İŞİD-in başının bəlasına çevrilib. Ona görə də, bu ölkədə yerləşmək, mübarizə mərkəzi qurmaq artıq xəyala çevrilib. «İran sanksiyalardan qurtulduqdan sonra daha geniş miqyasda oyuna başlayıb. Avropa ilə qurduğu milyardlıq münasibətlər bu ölkənin yeni qazanc yerinə çevirməkdədir. İŞİD bunun fonunda İran ərazisində yerləşə bilməyəcəyinə əmindir. Üstəlik, Tehran hökumətinin bütün cəbhələrdə İŞİD-ə qarşı mübarizədə qalib çıxması buranı alınmaz qalaya çevirib».
«Əl-Ənbar» qəzeti İraqın da artıq İŞİD üçün güvənsiz yer olduğunu yazaraq, yeni yerlər axtarışına başladığını vurğulayıb. «Terrorçuların sabit yerdə qərarlaşıb, güclənməsi, daha çox tərəfdar toplaması şərtdir. Çünki Suriyada və İraqda ciddi itkilər verib. Düzdür, bu ərazilərdən nümayişkaranə şəkildə çıxsalar belə, orada bazalarını saxlayıb, neft quyularına nəzarəti əldən vermək istəməyəcəklər. Amma insan resursu üçün ən münbit yer kimi, diqqəti çəkən Qafqazdır».
teref.az yazır ki, jam.az qəzetə istinadən xəbər verir ki, nəşrin belə bir qənaətə gəlməsi üçün bəzi arqumntləri var. «Bu gün İŞİD-in tərəfindən döyüşən qafqazlıların sayı həddindən artıq çoxdur. Azərbaycandan gələnlərin toplam sayı artıq briqada təşkil etməyə başlayıb. Gürcüstandan da az adam gəlməyib. Çeçenistan və Şimali Qafqazdan olan yüzlərlə insanlar bu gün Suriya və İraq çöllərində terrorçuların tərəfindən döyüşür. Bundan əlavə, Qafqazda İŞİD tərəfdarı olanların da sayı az deyil. Əgər bu terror təşkilatı orada məskunlaşarsa, o zaman həmin tərəfdarlar da hissə-hissə onlara qoşulmağa başlayacaq. Bu isə yüz minlik böyük bir ordu deməkdir».
Misir qəzeti daha bir maraqlı məqama toxunur: «Bu gün istər Şimali, istərsə də Cənubi Qafqaz sabit bölgə sayılmır. Cənubda Abxaziya, Osetiya və Qarabağ kimi iri münaqişələr var. Şimalda isə uzun illərdən bəri Çeçenistanın, İnquşetiyanın, Dağıstanın müstəqillik mücadiləsi gedir. Bu nəzarətsiz zonalara yerləşmək onların böyük güc əldə etməsi deməkdir. Düzdür, Rusiya, Azərbaycan, Gürcüstan, hətta Ermənistan İŞİD-ə qarşı silahlı mübarizə aparacaq. Lakin bu mübarizənin nəticə verəcəyi imkansız kimi görünür. Ona görə ki, İŞİD düşdüyü yerdə daha tez yayıla bilən virusa bənzəyir. Əhali arasında asanlıqla rəğbət qazanır».
İŞİD-in Qafqaza yerləşməsinin hansı fəsadlara gətirib çıxaracağını da təhlil edən «Əl Ənbar» yazır ki, bu zaman dəhşətin miqyası həddindən artıq böyük ola bilər. «İŞİD Qafqaza yerləşərsə, bütün cəbhələrdə mübarizə qaçılmaza çevriləcək. Qafqazda qan gövdəni götürəcək. Bunun qarşısını almaq üçün təkcə bölgə dövlətlərinin deyil, ABŞ və Avropanın da mübarizə aparmasının zəruri olduğu qaçılmazdır».