"Parlamentin qadınlar və eşşəklərin yeri deyi- İranlı deputat Nader Ghazipur

12-03-2016, 12:50           
"Parlamentin qadınlar və eşşəklərin yeri deyi- İranlı deputat Nader Ghazipur
İranda qadın millət vəkilləri mühafizəkar kişi həmkarlarını, parlamentin qadınlar və eşşəklərin yeri olmadığını deyən Nader Ghazipur-u məhkəməyə verirlər.

Parlamentin üzvü Fatemeh Rahbar IRNA dövlət xəbər agentliyinə deyib ki, o, özünün bir neçə həmkarı ilə birlikdə İranın baş prokurorluğuna, parlamentin müşahidə komitəsinə və parlamentin spikeri Ali Larijani-yə şikayət ərizəsi təqdim edib.

«Qadınların ləyaqəti alçaldılıb və Ghazipur məsuliyyətə cəlb olunmalıdır», - deyən Rahbar bir çox başqa məsələlərdə Ghazipur kimi mühafizəkar baxışlara malikdir.

Keçən ay keçirilmiş seçkilərdə yenidən seçilmiş Ghazipur-un narazılıq doğurmuş bu sözləri özünün seçki kampaniyası zamanı Urmiyədə dediyi bildirilir. Sonradan onun bu sözləri dediyi zaman çəkilmiş video internetdə yerləşdirilib və insanların qəzəbinə səbəb olub.

«Parlament qadınların yeri deyil, kişilərin yeridir», - deyə deputat Nader Ghazipur bir videoda bəyan edir. Videoda həmçinin deyib ki, qadınlar təhqir edilə bilərlər. O, qadınları eşşəklərlə eyni kateqoriyaya qoyub.

«Biz ölkənin üzərində nəzarəti asanlıqla əldə etməmişik ki, indi də hər tülkünü, uşağı, eşşəyi parlamentə buraxaq. Parlament eşşəklərin yeri deyil», - deyə o bildirib.

57 yaşlı Ghazipur-un bu şərhi elə bir vaxtda ortaya çıxıb ki, rekord sayda - 20 qadının 26 fevral seçkilərindən sonra parlamentdə yer alacağı gözlənilir.

Ghazipur-un bu yaxınlarda Youtube-a yerləşdirilmiş videosu həm internetdə, həm də ondan kənarda ziddiyyətli və kəskin şərhlər doğurub. Deputatın vəzifəsindən uzaqlaşdırılmasına çağıranlar da var.

İran xəbər saytları bildirir ki, qadın və uşaq məsələləri idarəsinin məlumat şurasının rəhbəri Zahra Nejadbahram Ghazipur-un vəzifəsindən azad edilməli olduğunu deyib.

«Onun düşüncəsi ona ölkə əhalisinin yarısını təhqir etməyə imkan verirsə, onda o, reaksiya gözləməlidir. Reaksiya isə onun səlahiyyətlərinin əlindən alınması olmalıdır», - deyə Nejadbahram martın 2-də bildirib.

DEPUTAT MANDATI ƏLİNDƏN ALINSIN...

Sosial mediada Ghazipur-un namizədliyini təsdiq etmiş Keşikçilər Şurasını onun səlahiyyətlərini əlindən almağa çağıran istifadəçilər var. Digərləri isə deputatı sərt və qeyri-diplomatik tərzi ilə tanınmış keçmiş prezident Mahmud Ahmadinejad-a bənzədib.

Öz «Instagram» səhifəsində Ghazipur Urmiyə qadınlarından üzr istəyib. «Mən Urmiyə xanımlarının hisslərinə toxunmuş sözlərimə görə üzr istədim, çünki mən onlar haqqında danışmırdım», - deyə o yazıb.

Ancaq o, həm də özünü İranın Ali dini lideri Ayatollah Ali Khamenei-nin «xidmətçisi və əsgəri» adlandıraraq bildirib ki, o, mövqeyini dəyişməyəcək.

Fatemeh Rahbar-in sözlərinə görə, Ghazipur bundan sonra vasitəçilərdən istifadə edərək bir daha üzr istəyib və deyib ki, o, qadın parlament üzvlərini nəzərdə tutmurdu. Rahbar deyir ki, bütün bunlara baxmayaraq, şikayət geri götürülməyəcək.

«Onun sözləri media vasitəsilə ictimailəşib və İranın daxilində və xaricində yayılıb. O, insanların qarşısına çıxaraq fikirlərini izah etməlidir», - xanım Rahbar vurğulayıb.

Mədən və Sənaye Komissiyasının üzvü olan Ghazipur-un tərcümeyi-halında deyilir ki, o, 1980-88-ci illərdə ölkəsini və İslam dəyərlərini müdafiə etmək üçün İraqla müharibədə vuruşub.

Onun tərcümeyi-halında 1981 və 1985-ci illərdə Khamenei-nin kampaniya meneceri olduğu da qeyd olunub.

Mediada yayılmış xəbərlərə görə, Ghazipur-un videosunu ilk dəfə internetdə yerləşdirmiş jurnalist sonradan naməlum hücumçular tərəfindən döyülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.