Ukraynanın yeni konstitusiyasında azərbaycanlıların təklifi də yer alıb
19-03-2016, 10:18
Kiyevdə keçirilən “Yeni ictimai müqavilə” adlı Milli Forumda ölkənin yeni hazırlanacaq konstitusiyası ilə bağlı müzakirə olunan qanun layihəsində ölkədə yaşayan etnik millətlərin təklifi də yer alıb.
Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, təklifi millətlər adından Assambleyanın rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təqdim edib.
Yuliya Timoşenko, Valentin Nalivayçenko, Sergey Taruta, Anton Qeraşenko, Vitali Çudnovski də daxil olmaqla deputatların, ekspertlərin, ölkənin siyasi fəallarının, o cümlədən qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupunun iştirak etdiyi Forumda çıxış edən Rövşən Tağıyevin təqdim etdiyi təklif Konstitusiyada parlamentdə mojaritar sistemdən başqa, etnik xalqlara da yer ayrılmasının təsbit edilməsi olub:
“Ukrayna kimi ölkədə buna çox zəruri ehtiyac var. Biz bu gün görürük ki, milyonlarla insanlar ağrı çəkir, etnik xalqlar kifayət qədər əziyyət çəkir. Biz Ukraynada yeni cəmiyyət qurmaq istəyirik. Ona görə də məsuliyyətimizi anlamalıyıq ki, nöqsana yol verilməsin. Konstitusiyanın yenidən hazırlanması gözəl işdir və bizim də bura cəlb olunmamız təqdirə layiqdir. Bu baxımdan təklifimizin burada yer alması Ukraynada yaşayan etnik xalqların gücündən istifadəyə dair bir nümunə olacaq. Artıq Qazaxıstanda, İranda bu praktika var. Ukraynaya da zəruri ehtiyacdır ki, parlamentdə etnik xalqların fraksiyası yaradılsın. Biz bununla maliyyə və siyasi güclərimizi birləşdirib ölkəni vəziyyətdən çıxaracağıq, irəli aparacağıq”.
R.Tağıyevin təklifi işçi qrupu tərəfindən qeydə alınıb və təqdirə layiq hesab edilib.
Bildirilib ki, qanun layihəsinin hazırlanmasında yalnız ictimai fəallar iştirak edə biləcək.