"Neftin qiyməti yenə bahalaşacaq"
22-03-2016, 10:53
“İran istehsalatı dondurmaq barədə razılığa gəlməsə belə, neftin qiymətinin artaraq əvvəlki orta səviyyəyə çatacağı gözlənilir.” ANS PRESS-in məlumatına görə, bu barədə OPEK baş katibi Abdullah Əl Bədri Vyanada keçirdiyi mətbuat konfransında açıqlama verib. 16-ya yaxın neft ölkəsi aprelin 17-də Qətərdə neft hasilatının dondurulması məsələsini müzakirəyə çıxaracaq. Baş katibə görə, hər şey həmin toplantıdan sonra bəlli olacaq
Abdullah Əl Bədri - OPEK baş katibi
“Kimin müsbət cavab verəcəyini, kimin isə razılaşmayacağını Dohadakı toplantıdan sonra biləcəyik. Ancaq toplantının uğurlu keçəcəyinə ümid edirəm. İranın neft hasilatı ilə bağlı öz şərtləri var, hasilatın dondurulması haqqında sövdələşməyə qoşulub-qoşulmamaq barədə İran özü qərar verəcək, onlar bir müddət sonra da bu sövdələşməyə qoşula bilər.” - OPEK baş katibi Abdullah Əl Bədri bildirib.
Əl Bədri mətbuatda çaşqınlığın olmaması üçün dəqiqləşdirib ki, hasilatın dondurulması ilə bağlı danışıqlar təşkilatın deyil, bəzi OPEK üzvlərinin təşəbbüsüdür. Əl Bədir neft qiymətinin sürətlə artacağına ümid etdiyini ancaq onun əvvəlki yüksək səviyyələrə deyil, orta səviyyəyə çatacağını hesab etdiyini bildirib.