“Hücumlar burada da olacaq, terrorçular gec-tez bacaracaqlar” – ŞOK PROQNOZ
23-03-2016, 22:33
“Bu hücumlar İngiltərədə də olacaq. Bir çox hücumun qarşısı alındı. Amma nəhayət bacaracaqlar”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Belçikadakı terror aktlarını şərh edən İngiltərənin keçmiş daxili işlər naziri Con Rid deyib.
“Terrorçular təhlükəsizlik baryerlərini aşaraq İngiltərədə Brüsseldə olduğu kimi terror aktları təşkil edəcəklər. Siyasətçilər ingilis xalqına qarşı dürüst davranaraq bunu söyləməlidir”, - keçmiş nazir bildirib.
Brüsseldə hava limanı və metrostansiyasını hədəf alan hücumlardan sonra İngiltərədə də təhlükəsizlik tədbirləri gücləndirilib. Baş nazir Devid Kameron təhlükəsizlik tədbirlərini müzakirə etmək üçün son 24 saat ərzində ikinci dəfə təhlükəsizlik toplantısını keçirib.
Con Rid nəqliyyat sistemi və əhalinin sıx toplandığı digər yerlərin “yumşaq hədəf”lər olacağını qeyd edib.
Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüsseldə törədilən silsilə partlayışlar nəticəsində 34 nəfər ölüb, 136 nəfər yaralanıb. Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər həyatını itirib.
Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Qruplaşma terror hücumlarından sonra Almaniyanı təhdid edib. Təhdid “abo_omar_170” adlı “Twitter” hesabından fransız dilində edilib.
“Siz bizi Şərqdə bombalayırsınız, buna görə də biz sizi Qərbdə bombalayırıq. Gözə-göz, dişə-diş. Daha çox bombaya və ölüyə hazır olun. Yaxında Almaniyada!” – təhdid müraciətində bildirilib.
“Abo_omar_170” adlı “Twitter” hesabının arxasında ötən cümə günü tutulan və Paris hücumlarının liderlərindən olan Salah Abdeslama bağlı şəxslərin olduğu təxmin edilir.