Sərkisyan 4 günlük müharibəyə görə bu dəfə deputatları danladı: - “Niyə susurdunuz?”

29-04-2016, 12:49           
Sərkisyan 4 günlük müharibəyə görə bu dəfə deputatları danladı: - “Niyə susurdunuz?”
Ermənistan prezidenti Serj Sərkisyan aprelin 27-də axşam hakim Respublika partiyasının parlament fraksiyasının üzvləri ilə təcili iclas keçirərək onları danlayıb. Üstəlik bəzi deputatların mandatlarının alına biləcəyinə və tutduqları vəzifələrdən çıxarılacağna eyham vurub.

Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, bunun səbəbi hakim partiyadan olan deputatların Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları ilə bağlı parlamentdə hakimiyyətin ünvanına səslənən ittihamlara cavab verməməsi olub.

Hakim partiyadan olan deputat Vazgen Qaraxanyan ötən gün aprelin 28-də “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, Sərkisyan Respublika partiyasının parlament fraksiyasının üzvlərinin fəaliyyətindən narazılıq edib. Sərkisyan “bəzi siyasi xadimlərin” Ermənistan ordusunun həmin döyüşlərdə ağır itkilər verdiyi, hərbi rəhbərliyin səhvləri və ordunun təchizatının bərbad durumda olduğu haqda parlamentdə səslənən tənqidlərindən danışaraq hakim partiyadan deputatların buna cavab verməməsindən ciddi narazılıq ifadə edib.

Sərkisyan soruşub ki, bu cür tənqidlər səslənəndə deputatlar niyə susurdu və Qarabağda baş verənlərə dair “real mənzərəni” təqdim etmirdi. Qaraxanyanın sözlərinə görə, Sərkisyan deyib ki, əgər bəziləri öz yerlərində deyilsə deməli onları əvəzləmək lazımdır. Bu, hamıya, o cümlədən deputatlara aiddir. Sərkisyanın sözlərinə görə, indiki şəraitdə parlament də səngərdir və deputatlar öz mövqelərində lazımınca işləməlidir.

Qaraxanyanın sözlərinə görə, Sərkisyan toplantıda silahlı qüvvələrin Baş qərargahının, Müdafiə Nazirliyinin rəhbərliyinin səhvləri haqda danışmayıb. Ancaq deyib ki, baş verənlərdən sonra hər kəs yenidən oturub fikirləşməli, harada səhvlərə yol verildiyini təhlil etməli və bir də belə situasiyalara qəfil yaxalanmamaq üçün tədbirlər görməlidir.

Xatırladaq ki, Ermənistan ordusunun aprelin əvvəllərində gedən döyüşlərdə ağır itkilər verdiyini və bunun əsas səbəbinin ordunun təchizatının bərbad vəziyyəti olduğunu keçmiş baş nazir Qrant Baqratyan parlamentdə demişdi. O, müdafiə nazirini bu məsələlərlə bağlı izahat vermək üçün parlamentə çağırmışdı.

Sərkisyan 4 günlük müharibədə erməni ordusunun aldığı sarsıdıcı zərbələrə görə Müdafiə Nazirliyinin rəhbərliyini cəzalandırıb, 3 generalı işdən qovub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.