İran nüvə sazişi ilə bağlı ağ bayraq qaldırdı, Tramp isə hələ tələsmir.
Bu gün, 09:14

İran dağılır, bəs İsraili kim durdura bilər ?
İran və İsrail arasında savaş həm də resurs müharibəsinə çevrilib. İki ölkə arasında quru sərhəddi olmadığından İsrailin hava hücumlarına İran yalnız hipesonik raketlərlə cavab verə bilir. Ancaq İranın hipersonik raket ehtiyyatı nə qədərdir? Bu barədə dəqiq məlumat olmasa da, Tehranın 2-3 min civarında ballistik raketinin olduğu bildirilir. Bunlara əsasən 11-14 mac sürəti olan "Fattah‑1", "Fattah‑2", "Khorramshahr‑4 " və "Qassem Bassir " hipersonik raketləri daxildir.
İran bu ehtiyyatlarla İsrailə nə qədər müqavimət göstərə biləcək? İndiki gedişlə İranın 10-15 günə ballistik raket ehtiyyatlarının tükənəcəyi gözlənilir. O zaman ABŞ-dan davamlı yardım alan İsrailin davam edən hava hücumları qarşısında Tehranın cavab vermək imkanları da qalmaya bilər. Aydındır ki, bu halda İsrail daha rahat şəkildə öz hücumlarını davam etdirərək, zərbələrin miqyasını da böyütməyə çalısacaq. Ötən 3 gün ərzində İranın ballistik raket istehsal edən zavodları vurulduğu üçün, sərf olunanların yerinə yenilərini qoymaq da mümkün deyil.
Bu günkü nəticə onu göstərir ki, İranın İsrailə atdığı raketlərdən uzaqbaşı 5-6 faizi uzun məsafəyə yayılmış cox qatlı müdafiə baryerlərini keçərək İsrail şəhərlərinə düşə bilir. Ancaq, bu raketlərin hansı hədəfiləri vurması və bunların yaratdığı təsir də cox önəmlidir. Hələlik isə görünən odur ki, İranın atdığı raketlər daha çox mülki hədəflərə dəyərək dağıntılar törədir. Bu hədəflərin hərbi, siyasi və iqtisadi əhəmiyyəti olmadığı üçün İsrail dövlətinin müharibə aparmaq imkanlarına da hər hansı təsiri göstərmir. Ancaq bunun əksinə olaraq, İsrail İranın hərbi sənayesini, texnikasını və energetika sektoruna aid müəssisələri məhv etməklə, İranın hərbi gücünü və iqtisadiyyatını sarsıdıcı dağıntılara məruz qoyur.
Belə görünür ki, İsrail bu istiqamətdə zərbələri İran təslim olana qədər davam etdirəcək. İndiki halda İsraili kim durdura bilər ? Aydındır ki, İranın daha çox mülki insanlara zərər vuran azsaylı zərbələri bunu etməyə qadir deyil. Yalnız ABŞ -n müdaxiləsi bu gün müharibəni dayandıra bilər. Ancaq belə görünür ki, Tramın da tələsən yeri yoxdur. Bir neçə gün də bu zərbələr davam edərsə, hərbi qüdrətini itirmiş İranda yanacaq, elektrik enerjisi çatışmazlığı yarana bilər ki, bu vəziyyətdə ABŞ-n maraqlarına tam uyğundur. Çünki, indi Vaşinqtonda hesab edirlər ki, məhz, belə bir ağır zərbələr müqabilində İran hakimiyyəti sülh şərtlərini qəbul etməyə məcbur qala bilər
Artıq İran xarici işlər naziri Araqçı bəyan edib ki, İran müharibənin dayandırılması müqabilində nüvə silahı yaratmaqdan imtinanı nəzərdə tutan nüvə razılaşmasına hazırdır. Ancaq ötən 5 raundluq danışıqlarda ABŞ Irandan təkcə nüvə silahı yaratmaq planlarından deyil, ümumiyyətlə uranı zənginləşdirməkdən və ballistik raket proqramından da imtina etməyi tələb edirdi. Ona görə də, Tramp hələ ki, tələsmir və İran ağır zərbələr altında zəiflədikcə gözləməyə üstünlük verir. Bu zərbələr isə o qədər ağır və dağıdıcıdır ki, onsuz da iqtisadi böhran içində olan İran, onların altında qalıb əzilə də bilər.
Fuad Qəhrəmanlı.