İraqda keçmiş baş nazir silahlanaraq Bağdad küçələrinə çıxdı - Böhran
28-07-2022, 19:23

Siyasi böhranın davam etdiyi İraqda keçmiş baş nazir Malikinin silahlı fotoşəkilləri gündəm olub.
Teleqraf.com xəbər verir ki, İraqda şiə Sədr Qrupunun lideri Müqtəda Sədrin tərəfdarları dünən axşam saatlarında paytaxt Bağdadda hökumət binaları və xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonada parlament binasına basqın ediblər.
Hadisələrdən sonra “Hüquq Dövləti” koalisiyasının lideri və keçmiş baş nazir Nuri əl-Malikinin hərbi geyimdə və silahla fotoları sosial mediada paylaşılıb.
Sədrə müxalifətdə olan əl-Malikinin mühafizəçiləri ilə birlikdə silahla verdiyi pozalar Sədr hərəkatına mesaj kimi şərh edilib. Əl-Malikinin ofisi fotoşəkillərlə bağlı açıqlama verib və iddia edib ki, fotoşəkillər 2014-cü ildə İŞİD terror təşkilatının ölkəyə hücumu zamanı çəkilib.
Sədrdən başqa bütün şiə partiyalarını bir araya toplayan və Malikinin daxil olduğu Koordinasiya Qrupunun Məhəmməd Şia əl-Sudaninin baş nazirliyə namizəd olmasına etiraz edən yüzlərlə Sədr Qrupu tərəfdarı parlament binasına hücum edib.
İzdihamı dağıtmaq üçün təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb. Təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 4 etirazçı yaralanıb. Əl-Maliki isə hökumətdən qurumları qorumağı tələb edib.