Latışların dövlət dili sevgisi
1-08-2022, 08:13

Latviyada özbək əslli bir satıcı latış dilində bilmədiyi və müştərilərinə rusca xidmət etdiyi üçün ölkədən deportasiya edilib.
Latviya əhalisinin 25%-dən çoxu etnik rusdur. Ruslar əsasən, böyük şəhərlərdə yaşayırlar. Paytaxt Riqanın 42.3, ölkənin ikinci ən böyük şəhəri olan Daugavpilsin 53,5%-i rusdur. Amma onlar rus məktəbində oxumurlar. Çünki 2012-ci ildə ruscanın ikinci dövlət dili olması ilə bağlı keçirilən referendumda Latviya seçicilərinin 74.8%-i əleyhinə, 24.9%-i isə leyhinə səs vermişdi. Beləcə, latışca Latviyanın yeganə dövlət dili kimi qəbul olunmuşdu. Referendumun tələblərinə görə, Latviyada 2019-cu ilə qədər rus məktəbləri tamamilə bağlanacaq, istəyən şəxş latışdilli məktəblərdə rus dili və ədəbiyyatı fənnini seçməli dərs kimi keçəcəkdi.
2012-ci ildən başlayaraq yürüdülən dövlət dili islahatları nəticəsində bu gün Latviyalı ruslar latışcanı latışlardan daha yaxşı bilirlər. Hətta rus uşaqlarının bir çoxu ana dilini belə bilmir. Çünki rus "skaska"ları onlara geriqalmışlıq nümunəsi kimi görünür. Gənc nəsil kompüterə, Avropasayağı müasir yaşam tərzinə daha meyllidirlər. Rusca qırıldatmaqla arzuladıqları dünyanın bir parçası ola bilməyəcəklərinin, Avropada gedəcəkləri hər yerdə yüzminlərlə ukraynalının qanına əl batırmış şovinist bir dövlətə bağlı şəxs olaraq aşağılanacaqlarının da fərqindədirlər. Kim bilir, bəlkə də bir çoxları Putinlə eyni millətə mənsub olmalarının xəcalətini yaşayır.
Əhali sayı 2 milyon belə olmayan latışlar dövlət dillərinə verdikləri dəyərə görə öz ölkələrinin ağasına çevriliblər. Onların dilinə eyni hörməti göstərməyənləri isə ölkələrindən qovurlar. Eynilə özbək əsilli satıcı kimi.
Heydər Oğuz
Teref.az