Gürcüstanda SOKAR-ın başı dərddə
12-05-2015, 09:50
Gürcüstanın energetika naziri Kaxa Kaladze Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın bu ölkədə karbamid zavodunun tikintisi layihəsi üzərində işi dayandırmasını şərh edib.
Virtualaz.org saytı xəbər verir ki, nazir SOCAR-ın bu layihəni “müvəqqəti dayandırdığını” bildirib.
Layihənin dayandırıldığı haqda bu günlərdə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat vermişdi. R.Abdullayev deyib ki, layihə Gürcüstan hökuməti ilə “müəyyən danışıqların alınmadığına görə” dayandırılıb.
Lakin Kaxa Kaladze deyib ki, layihə maliyyə baxımından sərfəli olmadığına görə dayandırılıb.
“Səbəb odur ki, layihə həm Gürcüstan, həm Azərbaycan üçün maliyyə baxımından sərfəli deyil. Layihə üzərində işi dayandırmaq bizim ümumi qərarımız idi. Azərbaycan tərəfinin qazla bağlı problemləri olub. Məsələn, bu il biz lazım olan həcmdə qaz ala bilməmişik” - gürcü nazir deyib.
Qeyd edək ki, SOCAR prezidentinin açıqlamasında karbamid zavodunun sərfəli olmadığı barədə heç nə deyilmirdi. Əksinə, o deyirdi ki, karbamid Sumqayıtda neft emalı zavodu ilə birlikdə inşa etmək planlaşdırılmışdı. Karbamid zavodunun tikintisi layihəsi 700 milyon avrodur. Layihə barədə razılaşma 2012-ci ildə Gürcüstanın Saakaşvili hökuməti ilə əldə edilmişdi.